Saxlanılan gömrük əməkdaşlarının adları AÇIQLANDI

5 nəfər saxlanılıb

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində gömrük rəsmiləşdirilməsi zamanı süründürməçiliyə yol verilməklə qeyri-qanuni tələblərin irəli sürülməsi barədə 30 mart 2021-ci il tarixdə daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində (KQMBİ) ilkin araşdırma aparılmaqla birgə əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Aznews.az xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, aparılmış əməliyyat-istintaq tədbirləri zamanı Bakı Baş Gömrük İdarəsinin Xüsusi Gömrük prosedurları şöbəsinin rəisi Aydın Eylazov, həmin struktur qurumun Gömrük prosedurları və ödənişləri şöbəsinin baş inspektorları Elmar Mirzəyev və Emin Xəlilov, “İpək Yolu” gömrük postunda inspektor işləyən Mirağa Ağayev, habelə “Global Broker” MMC-nin direktoru olmaqla “D2D Logistics” MMC-də gömrük işləri üzrə mütəxəssis işləyən Ceyhun Şabanovun idxal olunmuş malların gömrük orqanından çıxarılmasının tezləşdirilməsi, eləcə də, müəyyən malların sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumları və vergilərin 3 faizi miqdarında müəyyən edilmiş məbləğdən idxal və əlavə dəyər vergisi üzrə ödənilməli olan pul vəsaitinin büdcəyə ödənilməyərək malın gömrük nəzarətindən buraxılmasına şərait yaradılması müqabilində müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində istəməklə almaları və vəzifə səlahiyyətlərin sui-istifadə etmələrinə əsaslı şübhələr müəyyən olunub.

Qeyd olunanlarla bağlı 17 may 2021-ci il tarixdə KQMBİ-də Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.

Toplanmış sübutlar əsasında Elmar Mirzəyev, Emin Xəlilov, Mirağa Ağayev, Ceyhun Şabanov və Aydın Eylazov şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirlərinin həyata keçirilməsi davam etdirilir.

İstintaqın gedişatı ilə əlaqədar ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək.