Oğlunu evdən həyətə tullayan şəxsə hökm oxunub

Bakıda 1 yaşlı oğluna ağır xəsarət yetirən Samir Ağakərimovun cinayət işi ilə bağlı məhkəmə araşdırması başa çatıb.

Aznews.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, Samir Ağakərimov 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu ilin aprel ayında Yasamal rayonunda baş verib.

Yasamal Rayon Polis İdarəsinə 29-cu Polis Şöbəsinə aprelin 26-da saat 16 radələrində 30 yaşlı Samir Ağakərimovun 1 yaşlı oğlunu evdən həyətə tullaması nəticəsində uşağın kəllə-beyin travması xəsarəti ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Samir Ağakərimov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Samir Ağakərimov Cinayət Məcəlləsinin 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunur.