- Qanundan kənarda
- 15:13
- 1 041
Yekaterinburqda həbs olunan Ayaz və Akif Səfərovların apellyasiya şikayətinə baxılıb

Yekaterinburqda həbs olunan Akif və Ayaz Səfərovların apellyasiya şikayətinə baxılıb.
Bu barədə "Report" Rusiya KİV-inə istinadən xəbər verir.
Məlumata görə, Sverdlovsk vilayət məhkəməsi Akif Səfərovun apellyasiya şikayətini yenidən baxılması üçün birinci instansiya məhkəməsinə geri qaytarıb.
"Akif Səfərovun həbs qətimkan tədbirinə dair apelyasiya şikayəti birinci instansiya məhkəməsinə qaytarılıb. Sverdlovsk vilayət məhkəməsi iş materiallarını yoxlayarkən onun apellyasiya instansiyasında baxılmasına mane olan hallar aşkar edib. Məhkəmə materialı apellyasiya baxışından çıxarılıb və səhvlərin aradan qaldırılması üçün Yekaterinburqun Lenin rayon məhkəməsinə qaytarılıb", - məhkəmənin məlumatında qeyd olunub.
Eyni zamanda, Sverdlovsk vilayət məhkəməsi digər həbs edilmiş şəxs - Ayaz Səfərovun həbs qətimkan tədbirinə dair apellyasiya şikayətini təmin etməyib.
"Təqsirləndirilən şəxsin vəkili qərardan Sverdlovsk vilayət məhkəməsinə şikayət edib, ancaq təmin olunmayıb", - məlumatda deyilir.
Məhkəmə daha üç nəfərin - Bakir Mehdi oğlu Səfərov, Şahin Məmmədəli oğlu Lalayev və Əhliman Sətdar oğlu Gənciyevin apellyasiya şikayətlərinə iyulun 11-də baxacaq. Digər təqsirləndirilən şəxslərin apellyasiya şikayətinə nə vaxt baxılacağı hələ ki məlum deyil.
Daha əvvəl bildirilmişdi ki, istintaq çərçivəsində 8 nəfər həbs edilib. Daha əvvəl yeddi təqsirləndirilən şəxsin müdafiəçiləri həbs qərarından məhkəməyə apellyasiya şikayəti verib. Səkkizinci təqsirləndirilən şəxs, Səfərov Məzahir Möhbalı oğlu apellyasiya şikayəti verməyib.
Xatırladaq ki, iyunun 27-də səhər Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburqda azərbaycanlıların evlərinə basqın edib. Reyd zamanı iki nəfər öldürülüb, bir neçə nəfər isə xəsarət alıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır. Onlar iyulun 1-də Ağcabədidə dəfn olunublar.
Azərbaycan Xarici İşlər Nazirliyi iyunun 28-də bəyanatla çıxış edərək, araşdırma aparılmasını və bu yolverilməz zorakılıq aktının günahkarlarının məsuliyyətə cəlb edilməsini tələb edib. Daha sonra XİN-ə Rusiyanın müvəqqəti işlər vəkili çağırılıb, ona baş verənlərlə bağlı kəskin etiraz bildirilib.
AzNews.az