- Qanundan kənarda
- 14:42
- 1 483
Azərbaycanlı olduğuna görə Ermənistanda girov saxlanılmış və işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Bakı Hərbi Məhkəməsində məhkəmə prosesində ifadə verən zərərçəkmiş şəxs Kərəm Məmmədov 1990-cı il martın 7-də Ermənistanda girov saxlanıldığını bildirib.
O, Zəngilan rayonu və Qafan rayonu arasındakı rabitə xəttini bərpa etmək üçün “UAZ” markalı avtomobillə həmin əraziyə getdiyini qeyd edib.
Onunla birlikdə işçiləri Bağırov Şakir Əvəz oğlu və Zəngilan rayonu rabitə qovşağının sürücüsü Emin və komendantın köməkçisi Emin adlı şəxs olub.
Kabel xəttlərini yoxlaya-yoxlaya Qafan rayon rabitə qovşağına daxil olduqda qovşağın həyətinə toplaşmış ermənilər tərəfindən zərərçəkmiş şəxs özü və digər azərbaycanlılar təpik-yumruqla döyülərək girov götürülüblər. Bundan sonra ora gəlmiş Ermənistanın Qafan rayon daxili işlər şöbəsinin əməkdaşları və hərbçilər onları Qafan rayon daxili işlər şöbəsinə aparıblar. Orada 4 nəfər mülki geyimdə olan erməni onlara işgəncə verib, yumruq-təpiklə döyərək müxtəlif növ bədən xəsarətləri yetiriblər. Nəticədə K.Məmmədovun sağ tərəfində qabırğaları sınıb, bədəninin bütün hissələri göyərib və baş-beyin tramvası alıb. Ş.Bağırovun beyninə qan sızıb.
Zəngilan rayonundan gəlmiş sovet hərbçiləri onları ermənilərdən təhvil alaraq “BTR” hərbi maşınına qoyub Zəngilan rayonuna gətirməklə girovluqdan azad edib. Zərərçəkmişlərə məxsus “UAZ” markalı avtomobil Ermənistanda onları girov götürmüş şəxslər tərəfindən mənimsənilib.
K.Məmmədov məhkəmədə prokurorun sualına cavabında bildirib ki, Ermənistanda aldığı xəsarətlərə görə iki ay xəstəxanada müalicə olunub.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
AzNews.az