Vətəndaşları xaricdə işə düzəltmək adı ilə aldatmaqda təqsirləndirilən vəzifəlilərin məhkəməsi başlayır

Xarici ölkələrdə işlə təmin edilməsi barədə yalan vədlər verərək vətəndaşların pullarını ələ keçirməkdə təqsirləndirilən vəzifəli şəxslərin cinayət işi məhkəməyə göndərilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumat verilib.

Bildirilib ki, xarici ölkələrdə işlə təmin edilməsi barədə yalan vədlər verərək çoxsaylı vətəndaşların müxtəlif məbləğlərdə pul vəsaitini ələ keçirən “365TOURISM”, “TEMPOTIRPS” və “JOBS” Məhdud Məsuliyyətli Cəmiyyətlərinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

İbtidai istintaqla “365TOURISM” MMC-nin rəhbəri Nəcəfov Ruslan İlyas oğlu, “JOBS” MMC-nin rəhbəri Xəlilov Mehrab Nəzər oğlu və “TEMPOTRIPS” MMC-nin rəhbəri Təhməzova Sədaqət Təhməz qızının qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifə səlahiyyətlərindən istifadə edərək rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə və saxta sənədlər hazırlamaqla vətəndaşlara xarici ölkələrdə yüksək gəlirli işlə təmin olunacaqlarına dair yalan vədlər verərək 71 şəxsin ümumilikdə 223 min manatdan artıq məbləğdə pul vəsaitini ələ keçirərək dələduzluq etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Ruslan Nəcəfov, Mehrab Xəlilov və Sədaqət Təhməzovaya Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 313 (vəzifə saxtakarlığı) və 320.1-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham elan edilərək, Ruslan Nəcəfov və Mehrab Xəlilov barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, Sədaqət Təhməzova barəsində isə istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

Eyni zamanda “365TOURISM”, “TEMPOTIRPS” və “JOBS” MMC-lər barəsində cinayət hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat başlanıb.

İş üzrə zərərçəkmiş şəxslərə dəymiş 223 min manat maddi ziyanın 105 min manatının ödənilməsi təmin edilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

AzNews.az