“Dövlətin dəstək proqramı bank sektorunu xilas edir”

O, mövcud biznes kreditlərinə ediləcək dövlət dəstəyindən danışıb

“Azərbaycanda verilmiş kreditlər üzrə real faiz dərəcəsi inflyasiya da nəzərə alınmaqla 11,1 faizdir”.

AzNews.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib. O, mövcud biznes kreditlərinə ediləcək dövlət dəstəyindən danışıb:

“İndiki halda mövcud biznes kreditlərinin yükünün 10 faizinin dövlətin subsidiyalaşdırması, yeni kreditlərin isə faizlərinin yarısının və zəmanətinin 60 faizinin dövlətin öz üzərinə götürməsi, əslində real faizin biznes üçün əhəmiyyətli dərəcədə aşağı salınmasıdır. Bu iki proqram çərçivəsində veriləcək 1,5 milyard manatlıq dövlət dəstəyi biznes kreditləri formasında iqtisadiyyata qoyulacaq sərmayədir.

Üstəlik, pul multiplikatorunu da nəzərə alsaq, 1.5 milyard manat dəstək daha da böyüyə bilər. Dünya üzrə özəl sektora verilən kreditlər ÜDM-in 129,7 faizini təşkil etdiyi halda, Azərbaycanda bu göstərici 20,8 faiz olub (2018-ci il üçün). Beləliklə, özəl sektorun kreditləşməsi üçün daha böyük potensial var. Biznes kreditlərinin dövlət tərəfindən subsidiyalaşdırılması və zəmanət verilməsi kommersiya banklarının risklərlə bağlı ənənəvi arqumentlərini aradan qaldırır. Dövlətin dəstək proqramı bank sektorunu da xilas edir. Bunun əvəzində bank sektoru ona uzadılmış kömək əlini qiymətləndirməlidir və özəl sektorun maliyyələşdirilməsində daha fəal iştirak etməlidir.

Dövlətin büdcə və pul-kredit siyasətinin iqtisadiyyata stimullaşdırıcı təsiri qısamüddətlidir. Tələbi qısamüddətli stimullaşdırmaq asandır, əsas təklifin davamlı artımına nail olmaqdır. İndi verilən dəstək proqramının ortamüddətli dönəmdə təsirini davam etmək üçün institutsional islahatlar, biznes mühitinin yaxşılaşdırılması ilə bağlı islahatlar, insan kapitalının inkişafı və xarici bazarlara daha geniş miqyasda çıxış istiqamətində fəaliyyətlər davam etməlidir. Dövlət investisiyalarının qidalandırdığı iqtisadi modelin, məhsuldarlığa və əlverişli biznes mühitinə əsaslanan modellə əvəzlənməsi prosesi daha da sürətlənməlidir. Bunun üçün kapital və əmlak amnistiyası, “İnvestisiya fəaliyyəti haqqında” yeni qanun və “Rəqabət Məcəlləsi”nin qəbulu, dövlət müəssisələrində korporativ standartların tətbiqinin genişləndirilməsi, “kölgə iqtisadiyyatı” ilə mübarizə, uğurlu biznes islahatlarının, o cümlədən, məhkəmə-hüquq islahatlarının daha da dərinləşdirilməsi əhəmiyyətli rol oynayacaq. Sərmayələrin Azərbaycan iqtisadiyyatının artım nöqtələrinə - kənd təsərrüfatı, ərzaq sənayesi, tikinti, turizm, ticarət, tranzit, logistika, dağ-mədən sənayesi və neft-kimya sənayesinə yönləndirilməsi zəruridir.

İqtisadiyyatın miqyas effekti sübut edir ki, hər bir milli iqtisadiyyat (xüsusən də kiçik) yalnız o halda uğurla inkişaf edə bilər ki, kifayət qədər həcmi olan xarici bazarlara çıxışı olsun. Post-korona dövründə Azərbaycan yeni xarici iqtisadi fəaliyyət istiqamətlərinin konturlarını müəyyənləşdirərək, xüsusilə, xarici bazarlara çıxış imkanlarını yenidən qiymətləndirə bilər. Bu mənada qlobal dəyər zəncirlərinə qoşulma və klasterlərin yaradılması, həmçinin effektivlik, strateji obyektlər və bazarlar axtaran xarici birbaşa sərmayələrin cəlbi məqsədəuyğundur”.