“Kommunikasiyanın açılması iqtisadi arxitekturanı dəyişəcək”

"Bütövlükdə iqtisadi, siyasi və strateji arxitekturasını şəkilləndirəcək”

Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşdən sonra liderlər mətbuata bəyanatla çıxış ediblər. Bəyanat regionda tamamilə yeni vəziyyətin yaranmasına – nəqliyyat kommunikasiyalarının bərpasına yönəlib.

Regional kommunikasiyaların açılması perspektivinə münasibət bildirən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri, iqtisad elmləri doktoru Vüsal Qasımlı bildirib ki, Azərbaycan regionun iqtisadi arxitekturasını müəyyənləşdirən yeni reallıq yaradıb: "Apardığımız iqtisadi-riyazi hesablamalar göstərir ki, kommunikasiyaların açılması və iqtisadi-ticari əlaqələrin inkişaf etdirilməsi həm regiona, həm də ayrı-ayrı ölkələrə fayda gətirəcək. Məsələn, qravitasiya modelinə əsasən kommunikasiyaların açılması nəticəsində Ermənitsanın ticarət dövriyyəsində Türkiyənin payı 3%-dən 13%-ə, Azərbaycanın payı isə ilk dövrdə minimumdan 1%-ə qədər arta bilər. Eyni zamanda regionda kommunikasiyaların açılması Azərbaycanın ixracını 1,2 milyard manat, qeyri-neft ÜDM-i 2%, emal sənayesini 3% və mədən sənayesini 2,7% artıra bilər. Ümumi tarazlıq modeli əsasında hesablamalarımız göstərir ki, Qarabağın Azərbaycan iqtisadiyyatına reinteqrasiyası isə orta müddətli dönəmdə kənd təsərrüfatında 10,4%, turizmdə 5,5%, mədənçıxarma sənayesində 5,3%, nəqliyyat xidmətlərində 4,9%, emal sənayesində 4,3% və digər xidmətlərdə 1,4%, bütövlükdə qeyri-neft ÜDM-in formalaşmasında 5,1% müsbət təsirə malik olacaq”.

V.Qasımlının sözlərinə görə, Ermənistan iki istiqamətdə Azərbaycanın nəqliyyat imkanlarından istifadə etməklə, öz ticarət dövriyyəsinin 25-30%-ni təşkil edən Rusiya ilə əlaqə yarada bilər: Gümrü-Naxçıvan-Meğri-Bakı və İcevan-Qazax-Bakı. Nəzərə alsaq ki, Qarsdan Gümrüyə də dəmiryolu xətti mümkündür, bütövlükdə xarici mənbələrin hesablamalarına görə, Qars-Gümrü-Naxçıvan-Meğri-Bakı üçün təxmini 434 milyon ABŞ dolları xərc tələb edilir və dəmir yol layihəsi illik 10 milyon ton yük daşımaqla fəaliyyətinin 13-cü ilində mənfəət gətirə bilər. Bununla yanaşı, Türkiyədə Qarsdan Naxçıvana və Naxçıvandan Mehri dəhlizi üzərindən Zəngilana planlaşdırılan dəmiryolu xətti daha böyük strateji əhəmiyyət kəsb etməklə yuxarıdakı layihəni tamamlayır. Beləliklə, Azərbaycan və Türkiyənin dəmiryolu xətlərinin inteqrasiyasına Ermənistanın qoşulmaq imkanları rəsmi Yerevanın nə qədər rasional siyasət yürütməsindən asılı olacaq. Ermənistan təkcə Türkiyə üzərindən Aralıq və Qara dəniz limanlarına deyil, həm də Azərbaycan üzərindən Culfa vasitəsilə İranla əlaqələr qurmaq şanslarını da qiymətləndirməlidir. Çünki çətin coğrafi şəraitdə Ermənistan-İran dəmir yol layihəsinin tikintisi üçün 2-3 milyard ABŞ dolları vəsait yatırmağa heç bir investor razı deyil. Cənubi Qafqazda kommunikasiyaların açılması İranın Bəndər-Abbas yük limanı vasitəsilə İran körfəzi və Oman körfəzinə və Hind okeanına çıxış, İstanbul-İslamabad qatar xəttinə qoşulma imkanı yaradır”.

V.Qasımlı hesab edir ki, Qars-Naxçıvan-Meqri-Zəngilan-Bakı dəmiryolu xətti Naxçıvanın blokadadan çıxarılması, nəqliyyat xərclərinin azalması, ətraf mühitə təsirlərin azaldılması, xarici ticarət imkanlarının artması, turizmin və sərnişin dövriyyəsinin yüksəlməsi və regiona sərmayə cəlbi baxımından əhəmiyyətlidir: “Faktiki olaraq Azərbaycan Aralıq dənizi hövzəsi ilə Xəzər hövzəsinin Böyük İpək yolu və Şimal-Cənub dəhlizi üzrə daha bir inteqrasiyasına rəvac verir. Orta Asiya və Avropa, Türkiyə və Rusiya, İran və Avropa, Türkiyə və Orta Asiya arasında yeni nəqliyyat imkanları yaranır.”

V.Qasımlı bildirib ki, vaxtilə Avropa Birliyi də kömür və polad üzrə sazişin üzərində qurulub: “Regionumuzda Azərbaycanın yaratdığı yeni reallığa uyğun olaraq kommunikasiyaların açılması sülhün, təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın əsasını qoyur ki, bu da sərmayələrin cəlbi və davamlı inkişaf deməkdir. İndi dizayn verilən kommunikasiya layihələri regionun gələcək nəqliyyat və enerji xəritəsini, bütövlükdə iqtisadi, siyasi və strateji arxitekturasını şəkilləndirəcək”. (Publika.az)

AzNews.az