"Texnologiya bəzi peşələri sıradan çıxara bilər" – Naib Niftəliyev

"Süni intellekt vasitəsilə yeni iş yerlərinin məhdudlaşması ehtimalı kifayət qədər real bir məsələdir. Yəni insanların rəqəmsal surətlərinin və ya chatbotların yaradılması vasitəsilə müəyyən işlərin icrası artıq mümkündür. Amma burada əsas məsələ yeni texnologiyaların insan əməyinə nə dərəcədə dəstək olması ilə bağlıdır. İnsanlar adətən əlavə xərcdən və artıq əziyyətdən qaçmaq üçün texnologiyalardan istifadə edir və həm maddi, həm də mənəvi baxımdan irəliləyiş əldə etməyə çalışırlar. Bu, başa düşüləndir, lakin eyni zamanda əmək bazarında müəyyən risklər və problemlər də yarada bilər. Xüsusilə texnologiyaların inkişafı nəticəsində bəzi sahələrdə ənənəvi iş yerlərinin sıradan çıxması ehtimalı istisna deyil. Bununla yanaşı, əsas məqamlardan biri insan faktorunun hər zaman həlledici rol oynamasıdır. Çünki rəqəmsal surətlərin və ya süni intellekt sistemlərinin nə dərəcədə effektiv olması onlara verilən tapşırıqlardan və təlimatlardan asılıdır. Yəni bir insanı robot və ya alqoritm əvəz etsə belə, insanın yaradıcılıq keyfiyyətini və qərarvermə dəqiqliyini tam şəkildə təkrarlaya bilməz".

Bu fikirləri Aznews.az-a açıqlamasında sosioloq Naib Niftəliyev deyib.

Qeyd edək ki, Çində bəzi şirkətlərin süni intellekt texnologiyalarını tətbiq edərək iş proseslərini avtomatlaşdırması və əmək funksiyalarını qismən “rəqəmsal surətlər” vasitəsilə icra etməsi ictimai müzakirələrə səbəb olub. Bu tendensiya əmək bazarının strukturuna, gəlirlərin bölgüsünə və ümumi sosial rifaha potensial təsirləri baxımından diqqət çəkir. Mütəxəssislər hesab edirlər ki, insan əməyinin texnologiyalarla əvəzlənməsi müəyyən sahələrdə işsizlik riskini artıra, sosial bərabərsizlikləri dərinləşdirə və peşəkar inkişaf imkanlarını məhdudlaşdıra bilər.

Sosioloqun fikrincə, bu baxımdan süni intellekt əsaslı sistemlər insanlarda müəyyən narahatlıq yaratsa da, həmin narahatlıq rasional yanaşma çərçivəsində qiymətləndirilməlidir.

"İnsanlar bu rəqabət mühitinə uyğunlaşmağa hazır olmalıdırlar. Süni intellektdən qorxmaq və onun işsizlik yaradacağını düşünməkdənsə, ona hazır olmaq və onun əmək məhsuldarlığını artıran bir vasitə kimi istifadə etmək daha məqsədəuyğundur. Tarixə baxdıqda da görürük ki, insanlar müxtəlif mərhələlərdə texnologiyalar vasitəsilə əməyin formasını dəyişiblər. Əvvəllər yüklər əl ilə daşınırdı, sonra heyvanların əhliləşdirilməsi bu prosesi asanlaşdırdı, daha sonra yük maşınları, qatarlar və hava nəqliyyatı əmək yükünü xeyli azaltdı. Eyni zamanda, əvvəllər bir məktubu bir ölkədən digərinə göndərmək həm vaxt, həm də böyük xərc tələb edirdi. Bu gün isə elektron poçt vasitəsilə məlumatlar saniyələr içində və demək olar ki, pulsuz şəkildə ötürülə bilir. Eyni prinsip müxtəlif sahələrdə də özünü göstərir: böyük sistemlər və məhsullar rəqəmsallaşdırılaraq daha geniş miqyasda istifadə oluna bilir. Bu baxımdan süni intellekt sosial bərabərsizliyi avtomatik olaraq artıran bir faktor deyil. Sadəcə olaraq, texnologiyadan istifadə edənlə istifadə etməyənlər arasında məhsuldarlıq və rəqabət fərqi yaradır. Nəticədə üstünlük texnologiyadan səmərəli istifadə edənlərin xeyrinə formalaşır. İnsan əməyinin alqoritmlərlə əvəzlənməsi prosesi əslində uzun illərdir davam edir. Kompüter texnologiyalarının inkişafı ilə bu proses daha da sürətlənib və idarəetmədə yeni yanaşmalar ortaya çıxıb. Bu mövzuda sosial tədqiqatçılar da müxtəlif dövrlərdə oxşar qənaətlərə gəliblər. Bununla belə, insan faktoru hər zaman əsasdır. Texnologiyalar insan əməyini tam əvəz etməkdən daha çox onu tamamlayır və daha səmərəli edir. Süni intellekt də məhz insan düşüncəsinin məhsuludur və cəmiyyətə daha çox fayda vermək potensialına malikdir. Bu prosesdən fayda götürən sahibkarlar üçün əsas meyar iqtisadi səmərəlilikdir. Əgər hüquqi və etik çərçivələr qorunarsa, çox sayda işçi əvəzinə süni intellekt sistemlərindən istifadə tendensiyası davam edə bilər. Lakin əmək hüquqları və sosial təminatlar qorunduğu halda bu proses ciddi təhlükə kimi qiymətləndirilə bilməz. Ümumilikdə, süni intellekt insan əməyinin dəyərini tam şəkildə azaltmır. Əksinə, insanın yaradıcılıq və idarəetmə imkanlarını genişləndirir. Gələcəkdə də süni intellekt texnologiyalarının insanların qərarvermə prosesinə dəstək verərək daha effektiv bir sistem formalaşdıracağı gözlənilir. Eyni zamanda nəzərə almaq lazımdır ki, süni intellektin nəzarətsiz inkişafı müəyyən iqtisadi və sosial risklər yarada bilər. Buna görə də onun inkişafı insan nəzarəti və etik çərçivələr daxilində həyata keçirilməlidir. Nəticə etibarilə, insanlar öz yaratdıqları texnologiyalar qarşısında aciz qalmayacaq, əksinə onlardan istifadə etməklə daha yüksək məhsuldarlıq və inkişaf səviyyəsinə nail olacaqlar".

Rəfiqə Namazəliyeva,

AzNews.az