Türkiyə holdinqi Bakı Limanına ilkin mərhələdə 30 milyon dollar pul qoyacaq

Türkiyənin “Albayrak” şirkətlər qrupunun Bakı Limanında həyata keçirdiyi layihələrin ümumi dəyəri ilkin mərhələdə 30 milyon ABŞ dolları olacaq.

Aznews.az xəbər verir ki, bunu holdinqin logistika üzrə direktoru Harun Öncü deyib.

O, qeyd edib ki, artıq 4 milyon ABŞ dolları dəyərində mobil kran alaraq onun bəzi hissələrini Bakı Limanına gətiriblər: "Bu kranla limana yük gətirənlərə xidmət ediləcək. Təcrübəli əməkdaşlarımızı layihələrimiz üçün cəlb etmişik".

H.Öncünün sözlərinə görə, gələcəkdə layihələrin sayının artacağı istisna edilmir: "Bakı Limanında başqa birgə layihələr də həyata keçirə bilərik".

“Albayrak” şirkətlər qrupu 50-dən çox şirkəti birləşdirir, Türkiyə ilə yanaşı Avropa və Afrikada liman idarə edilməsində və beynəlxalq ticarətin formalaşdırılmasında böyük təcrübəyə malikdir. Bu il iyulun 25-də holdinqlə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, tərəflər Bakı Limanının texniki imkanlarının yaxşılaşdırılması, daha çox yük cəlb edilməsi, eyni zamanda yüklərin operativ formada aşırılması və bu kimi sahələrdə sıx əməkdaşlıq edəcəklər. Əldə edilmiş yeni razılığa görə isə “Albayrak” Bakı Limanı ilə birgə “Ro-Ro” və “Gübrə” terminallarında fəaliyyət göstərəcək.