Azərbaycan Rusiyaya qeyri-neft-qaz ixracını 3 %-dən çox artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan Rusiyaya 232,9 milyon ABŞ dolları dəyərində qeyri-neft-qaz məhsulları ixrac edib.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın aprel sayında bildirilir.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 % çoxdur.

Son 1 ildə qeyri-neft-qaz ixracının dəyəri Türkiyə istiqamətində 11,9 % artaraq 134,3 milyon ABŞ dolları, Gürcüstan istiqamətində isə 34,6 % artaraq 80,6 milyon ABŞ dolları olub.

Ötən rüb Azərbaycan həmçinin İsveçrəyə 69,6 milyon ABŞ dolları, Ukraynaya isə 51,1 milyon ABŞ dolları dəyərində qeyri-neft-qaz sektoruna aid mal ixrac edib.

Hesabat dövründə Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 14,7 % artaraq 771,9 milyon ABŞ dolları təşkil edib.