Arif Quliyev ürək dağlayan həyatından danışdı: Artıq geriyə yol yoxdur - VİDEO

"Yaxşı insanlar öz işıqlarında həmişə başqalarını da işıqlandırırlar.

ARB TV-nin “Səhər-Səhər” verilişinin növbəti qonağı xalq artisti Arif Quliyev olub.

Xalq artisti acınacaqlı həyat hekayəsindən danışıb:

“Mənim özümə o qədər kömək edən olub ki... Yaxşı insanlar öz işıqlarında həmişə başqalarını da işıqlandırırlar. Bakıya gəldim, yerim, yurdum, yatmağa yerim yox idi. Vağzalda bir adama 40-50 qəpik verib orda qalırdım və oradan Mədəni Maarif Texnikumuna gəlirdim ki, qəbul olunum. Əlibayramlıdan (indiki Şirvan) internat məktəbindən yola salanda dedilər ki, Arif, qiymət almasan, bura gəlmə. Fizika imtahanından kəsildim. Saat 5-dən 9-a qədər o yazı cədvəlinin qabağında dayandım. Qurudum və fikirləşirdim ki, mən nə edəcəm, hara qayıdacam. Mən isə qəbul olunmağa gəlmişəm. Artıq bitdi və geriyə yol yoxdur. Orada bir kişi dedi ki, sən niyə burada dayanmısan. Dedim ki, adam gözləyirəm, gələcək. Bir də gördüm taxta pilləkənlərdən tak-tuk ayaq səsləri gəlir. Mühafizəçi gəldi, dedi ki, niyə durmusan burda, çıx get, müdir gəlir. Məni istədi otağa salıb bağlasın ki, müdir görməsin. Cavahir xanım Orucova. Bu aşağı düşəndə məni gördü. Soruşdu ki, bu uşaq saat 10-du burada nə gəzir? Mühafizəçi dedi ki, kimisə gözləyir. Məni yanına çağırıb dedi ki, bala, bura gəl görüm. Bu vaxta kimi bura bağlı olur çıx get. Dedim ki, imtahanın nəticələrini öyrənmək üçün gəlmişdim, amma məni kəsiblər. O isə bala get, gələn il gələrsən dedi. Dedim, mənim getməyə yerim yoxdur. Soruşdu ki, valideyinlərin filan yoxdur? Dedim ki, rəhmətə gediblər, mən də internatda oxuyub gəlmişəm. Dedi, bəs hara gedəcəksən? Dedim, mən sizə gedəcəm. Üzümə baxdı, dedi, gəl dalımca. Oturdu maşına, apardı evə. 8-ci sinifi bitirmişdim, mənim də vəsiqəm olmayıb. Elə balaca kağızda Arif yazılıb. Məni gətirdi evə, çörək verdi, yedizdirdi, çimizdirdi, paltarımı dəyişdilər. Səhər məni texnikima gətirdi. Mənə yazını özü yazdırdı və 5 yazdı”.

Aynur

AzNews.az