“Qanunları kobud şəkildə tapdalayan məmurlar da... ” - Zahid Oruc

"Ötən dövr ərzində qanunları kobud şəkildə tapdalayan məmurlar da, hökumət üzvləri də, parlament təmsilçiləri də olub"

“1993-cü ilə qədərki dönəmdə Azərbaycanda bir müharibə təhlükəsi olmasaydı belə, buna qədərki qüvvələr ölkəni hansı arxitekturada quracaqları təsəvvürlərinə ciddi şəkildə malik deyildilər. Həm də ona görə ki, onlar bəlkə də sovetizmə qarşı mübarizədə yumuruqlarını düyünləmək, müəyyən sayda insanları meydanlara toplamaq imkanını qazansalar da, tarix göstərir ki, bunlar azdır”.

Bu fikri 12 noyabr – Konstitusiya günü münasibətilə AzNews.az-a açıqlamasında millət vəkili Zahid Oruc deyib.

O qeyd edib ki, ulu öndər Heydər Əliyevin üzərinə düşən böyük bir missiya ondan ibarət oldu ki, bütün antidövlət elementlərini neytrallaşdırması ilə yanaşı, həmçinin ortaya belə güclü bir siyasi iradə və təkliflər qoyması idi ki, onun ətrafında sonrakı dövrdə cəmiyyətdə konsensus tapmaq mümkün oldu. Bu da hesab edirəm ki, konstitusiyanın qəbulu idi. Bu cəhətdən biz yeni konstitusiyamızın qəbulunu Heydər Əliyevin dövlət quruculuğu prosesində böyük nailiyyəti saymalıyıq”.

Millət vəkilinin sözlərinə görə, Heydər Əliyev bütün çıxışlarında, fəaliyyətində açıq şəkildə vurğulayırdı ki, gəlin elə bir cəmiyyət yaradaq ki, burada hər kəs siyasi mövqelərindən, tutduğu ideoloji xətdən asılı olmayaraq yaşaya bilsin. O üzdən konstitusiyanın qəbulu müstəqil bir dövlət inşa etmə iradəsinin məhsulu idi:

“Əslində bu, həm də millətyaratma sənətinin tərkib hissəsinə çevrildi.
Konstitusiyamız Azərbaycan xalqının, millətinin Heydər Əliyevin əli ilə yazılmış Baş kitabıdır. Açıq deyək ki, Ulu öndər bu konstitusiya ilə özünü öyürdü və buna haqqı da çatırdı. Çünki, bu konstitusiya demokratik prinsiplərə tam cavab verən, mütərqqi müddəaların toplusu idi.

Ümummilli Liderimiz hələ sovetlər dönəmində insanların müxtəlif sahələrdə hüquqlarının necə pozulduğunu çox yaxşı bilirdi. Ona görə də Heydər Əliyev müstəqil bir dövlətin konstitusiyasını yaradarkən insanların hüquq və azadlıqlarının təmin edilməsi mexanizmini geniş şəkildə təmin etdi. Azərbaycanın ötən illər ərzində müstəqil və azad yaşamasının şərtlərindən biri də məhz budur. Hesab edirəm ki, 1995-ci il 12 noyabr hadisəsi Azərbaycan tarixinin son dərəcə şərəfli bir günüdür”.

Z.Oruc bir sıra hallarda vəzifəli şəxslər tərəfindən insanların hüquqlarının pozulması hallarına rast gəlindiyini təəssüf hissilə vurğuladı:

“Bəllidi ki, ötən dövr ərzində qanunları kobud şəkildə tapdalayan məmurlar da, hökumət üzvləri də, parlament təmsilçiləri də olub. Yaxud sıravi vətəndaşlar da adi münasibətlər rejimində çalışarkən kimlərinsə haqqına toxunublar. Hüquqi cəmiyyəti elə formalaşdırmalıyıq ki, hər bir fərd Azərbaycanda yaşamaqdan qürur duysun”.

Rəşad Sarıyev,
© AzNews.az