“Rəsmi Moskvanın Paşinyan hökumətinə qarşı şübhələri hələ də qalmaqdadır”. “Rəsmi Moskvanın Paşinyan hökumətinə qarşı şübhələri hələ də qalmaqdadır”.

Rusiyanın Ermənistanla bağlı narahatlığı əbəs deyil - Politoloq

“Rəsmi Moskvanın Paşinyan hökumətinə qarşı şübhələri hələ də qalmaqdadır”.

Rusiyadan Ermənistana qarşı daha bir tələbinə əsasən, Ermənistan öz ərazisində üçüncü dövlətin hərbi mövcudluğundan imtina barədə öhdəlik götürməlidir. Erməni hərbi ekspertləri və KİV-ləri isə “Bunlar pis əlamətlərdir...”- deyə SOS siqnallar verirlər.

Belə ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, Moskva və İrəvan Ermənistanda xarici hərbçilərin mövcud olmamasını təmin edəcək sənəd üzərində hazırlığı başa çatdırmaq ərəfəsindədir.

Onun sözlərinə görə, sənədin hazırlanması prosesində Ermənistanda xarici hərbçilərin olmayacağına təminat veriləcək. Bu sənəd təhlükə və risklər baxımından şəffaflığı təmin edəcək.

Bəs, bu təhlükə və risklər nədən ibarətdir? Ermənistan nələri gözə almalıdır?

AzNews.az mövzunu politoloq Natiq Miri ilə davam etdirib.

Politoloq bildirdi ki, seçkilərdən sonra Paşinyan siyasi hakimiyyəti üçün manevr imkanlarının məhdudlaşdırılacağı gözlənilən idi:

“Rusiyanın xarici işlər naziri Sergey Lavrovun son açıqlaması da təxminən bu konteksdə dəyərləndirilməlidir. Açığı Lavrov bunu deməklə Ermənistan ərazisində hər hansı bir xarici hərbi bazanın yaradılmasının bilavasitə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzvü olan dövlətlərə bir təhlükə törətdiyini nəzərdə tutur. Əslində, bu məsələ birbaşa Rusiyanın maraqları çərçivəsindədir. Bildiyiniz kimi, məhz Rusiyanın təhriki ilə vahid hava məkanı ilə bağlı bir müqavilə imzalamışdı. Bunu Ermənistan da imzalamışdı. Bu baxımdan, KTMT çərçivəsində bütün dövlətlərin hava məkanı məhz bu müqavilə çərçivəsində vahid sistem üzrə qorunur. Belə olduğu təqdirdə hər hansı bir xarici hərbi baza bu dövlətlərin ərazisində, xüsusilə də Ermənistanda yerləşərsə, təbii ki, bu, ümumilikdə KTMT sistemi üçün bir təhlükə vəd edəcək. Ayrıca, kəşfiyyat məlumatlarının sızması da üzv dövlətlər, xüsusən də Rusiya üçün təhlükələr yaradacaq. Ona görə də Lavrov bu açıqlamanı etməklə dolayısı ilə Paşinyan hakimiyyətinə xəbərdarlıq etdi ki, Paşinyanın ağlında başqa yönlü fikirlər varsa, onlardan qəti şəkildə imtina etsin. Əgər Ermənistan gələcəkdə KTMT üzvü kimi qalmaq istəyirsə, mütləq mənada bu öhdəliyi üzərinə götürməlidir. Əks təqdirdə, KTMT Ermənistan üçün röya ola bilər”.

Politoloqa görə, əgər Ermənistan təhlükəsizlik sistemindən çıxarılarsa, onda Ermənistan rəhbərliyi birmənalı olaraq Rusiyanı qarşısına almaq məcburiyyəti ilə üzləşəcək. Bu da Paşinyan hökuməti üçün arzuolunan bir situasiya deyil:

“Çünki Gürcüstandan götürülmüş bir dərs var. Bilirsiniz ki, 2008-ci ildə Rusiyanın Gürcüstana hərbi müdaxiləsi zamanı heç bir Qərb ölkəsi, başda ABŞ olmaqla, Gürcüstana hərbi kömək göstərə bilmədi. Gürcüstanı Rusiya ilə təkbətək buraxmaq məcburiyyətində qaldılar. Buna görə də bir həftə ərzində rus qoşunları paytaxt Tiflisə qədər gəlib çıxa bildi. Düşünürəm ki, Paşinyan bu hadisədən ciddi nəticə çıxararaq ən azından yaxın zaman içərisində Rusiyanı qarşısına almaq istəməyəcək və bu öhdəlikləri götürmək məcburiyyətində qalacaq”.

N.Miri əlavə etdi ki, bu gün Rusiyanın Paşinyan hökumətinə qarşı şübhələri hələ də qalmaqdadır. Anlayır ki, ABŞ yeni hökumət vasitəsilə Ermənistanı Rusiyanın orbitindən çıxarmaq istəyir:

“Son bir həftə ərzində Bolqarıstandan Ermənistana yük daşıyan İl-60 təyyarələrinin silah daşıması haqqında konkret informasiyalar dolaşır. Bolqarıstan isə ABŞ-ın dəstəyi olmadan belə əməliyyatları həyata keçirməz. Çünki Bolqarıstan təkbaşına olaraq bu məsələdə Rusiyanı qarşısına ala bilməz. Bu baxımdan, son hadisələr də göstərir ki, Rusiyanın Ermənistanla bağlı narahatlıqları əbəs deyil. Ona görə də Sergey Lavrovun həmin açıqlamasını bir də bu konteksdən dəyərləndirmək lazımdır”.

Elgün Mənsimov
AzNews.az