Cənubi Qafqazda yeni reallıq… - ANALİZ

Yaxud, Azərbaycan regionun təhlükəsizliyinə və inkişafına mühüm töhfələr verir.

Azərbaycanın xarici siyasət prioritetlərinin həyata keçirilməsi baxımından ötən il uğurlu oldu. İl ərzində Azərbaycan beynəlxalq əlaqələrini daha da genişləndirdi, regional və dünya miqyasında ölkəmizin milli maraqlarının effektiv şəkildə təmin edilməsi istiqamətində qətiyyətli addımlar atdı. Prezident İlham Əliyevin xarici səfərləri, iştirak etdiyi beynəlxalq toplantılar Azərbaycanın siyasətinin kifayət qədər uğurlu, düşünülmüş və çoxşaxəli olduğunu, dövlətin və xalqın maraqlarına layiqincə xidmət etdiyini göstərir. Hər bir səfər Azərbaycanın ayrı-ayrı dövlətlərlə və təşkilatlarla ikitərəfli və çoxtərəfli əlaqələrinin daha da genişlənməsinə təkan verdi. Elə bu il də praqmatik və rasional siyasətin davam etdirilməsi isbatlayır ki, Azərbaycanın xarici siyasəti çoxşaxəli və müstəqildir. Prezident İlham Əliyevin uğurlu diplomatiyası ilə Azərbaycan dünya birliyindəki mövqeyini getdikcə möhkəmləndirir və daha nüfuzlu söz sahibinə çevrilir.

Əlbəttə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi balanslı siyasət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı reallaşdırılan hücum diplomatiyası bölgədə yeni reallığın yaranmasına səbəb olub. Məhz, Azərbaycanın həyata keçirdiyi qlobal iqtisadi layihələr, ölkəmizin təşəbbüsü və fəal iştirakı ilə formalaşan yeni əməkdaşlıq formatları regionda iqtisadi və sosial rifahın, təhlükəsizlik və qarşılıqlı səmərəli əməkdaşlıq mühitinin yaranması və inkişafına mühüm təsir göstərir.
Xüsusi məqam kimi qeyd edilməlidir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən rasional və praqmatik siyasətlə ölkəmiz qlobal güclərin yürütdüyü təzyiq və təcrid siyasətinə qoşulmadı, İran və Rusiya ilə qarşılıqlı maraqlara cavab verən əməkdaşlıq əlaqələrini, dostluq və mehriban qonşuluq siyasətini daha da gücləndirdi.

Məsələn, Azərbaycan və Rusiya Prezidentləri 2018-ci ildə 6 dəfə görüşüblər, ölkə başçıları arasında mövcud olan şəxsi dostluq münasibətləri iki ölkə arasında bütün istiqamətlər üzrə əlaqələrin inkişafına olduqca mühüm təsir göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Rossiya-24” telekanalına müsahibəsində deyib ki, bizim münasibətlərimiz prinsipcə çox dinamik inkişafla, sabitliklə, davamlı olması ilə səciyyələnir: “Biz mehriban qonşu və etibarlı dostuq. Bu, dəfələrlə sübut olunub və budur, bu yüksək etimad səviyyəsi, ilk növbədə, həm də siyasi qarşılıqlı fəaliyyət bir çox layihələrin həyata keçirilməsinə kömək edir. Siz doğru qeyd etdiniz, mən Prezident Vladimir Vladimiroviç Putinlə altı dəfə, o cümlədən mənim Rusiyaya rəsmi səfərim çərçivəsində və onun Azərbaycana səfəri çərçivəsində, eləcə də beynəlxalq tədbirlərdə görüşmüşəm. Bu görüşlərdən hər biri nəticə verib. Biz əmtəə dövriyyəsinin artırılması məsələsinə çox ciddi yanaşmışıq. Qarşılıqlı fəaliyyətin müxtəlif istiqamətlərinin inkişafı üzrə yol xəritələri işlənib hazırlanıb”.

Rusiya Prezidenti Vladimir Putin isə vurğulayıb ki, iki ölkə arasında münasibətlər yeni inkişaf mərhələsindədir və çox uğurla inkişaf edir. Ötən il ərzində əmtəə dövriyyəsinin artımı 34,4 faiz, bu ilin birinci rübü ərzində isə daha 19 faizə yaxın olub. Yəni, bu, çox yaxşı artım tempidir və bu proses dəstəklənməlidir: "Siyasi məsələlərə gəlincə, burada da vəziyyət sabitdir. Parlamentlərin, ictimai təşkilatların xətti ilə daim əlaqə saxlanılır, humanitar əlaqələr inkişaf edir” - deyə Vladimir Putin vurğulayıb.

Azərbaycan İranla da əlaqələrini daha da genişləndirir, ili ölkənin rəhbərlirə arasında isti münasibətlər qarşılıqlı əməkdaşlığın inkişafına pozitiv təsir göstərir. Azərbaycan İrana qarşı təcrid siyasətinə qoşulmadı, qonşu ölkə ilə bir çox sahələrdə əməkdaşlıq əlaqələrini gücləndirdi, ən çətin dövrlərdə Tehrana dəstəyini əsirgəmədi. Azərbaycan və İran Prezidentlərinin qarşılıqlı səfərləri qarşılıqlı əlaqələri daha da gücləndirdi. Ölkələr bir çox iqtisadi layihələr çərçivəsində sıx əməkdaşlıq edirlər. Təsadüfi deyil ki, yanvarın 16-da İranın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqeri bildirib: "İran Qarabağ torpaqlarını Azərbaycan torpaqları hesab edir və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Sərhədlərin zor gücü ilə dəyişdirilməsi qəbuledilməzdir, İran bu məsələdə hər zaman Azərbaycanın yanındadır”. Bu, İranın yüksək vəzifəli nümayəndəsinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bu günə kimi verdiyi ən mühüm bəyanat hesab oluna bilər.

İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə də Trend-ə müsahibəsində bildirib ki, İran və Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir: “İran və Azərbaycan arasında siyasi əlaqələr baxımından 2018-ci ili analoqu olmayan il adlandırmaq olar. Çox uğurlu il oldu. Ötən il İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin bir neçə dəfə Azərbaycana səfər etməsi rəsmi Tehranın Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsinə böyük maraq göstərməsindən xəbər verir və ümidvarıq ki, 2019-cu ildə də əlaqələr bu şəkildə davam edəcək”.

Azərbaycan müstəqillik illərində Türkiyə ilə də münasibətlərini yeni keyfiyyət mərhələsinə yüksəltməyə nail olmuş, siyasi, iqtisadi, mədənivə digər sahələrdə qarşılıqlı əlaqələrin daha da intensivləşməsi “bir millət iki dövlət” şüarına yeni məzmun gətirmişdir. Bu gün Azərbaycan və Türkiyə arasında olan münasibətlər dünya miqyasında nümunə olaraq təqdim edilir. Azərbaycan ilə Türkiyə münasibətlərini möhkəmləndirən daha bir amil isə qarşılıqlı iqtisadi əlaqələrin getdikcə dərinləşməsidir. Məhz, ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin dinamik şəkildə inkişafının göstəricisi olan qlobal iqtisadi proyektlər, xüsusən də Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum, TANAP qaz kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolu layihələr Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə əlaqələrin çox uğurla inkişaf etdiyinin göstəricidir.

Azərbaycan Gürcüstanla və Avropa İttifaqı ölkələri ilə də strateji tərəfdaşlıq əlaqələri qurmuş, həyata keçirilən transmilli layihələr ölkələrin inkişafı, təhlükəsizliyinin təmin edilməsində olduqca mühüm faktora çevrilmişdir.
Bir sözlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan region ölkələri ilə əlaqələrini inkişaf etdirməklə, onları strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməklə bölgədə təhlükəsizliyin bərqərar olmasına, inkişafa mühüm töhfə vermiş və bu zəmində formalaşan yeni reallığın müəllifinə çevrilmişdir.

Digər tərəfdən Azərbaycan işğalçı Ermənistana qarşı təcrid siyasətiniuğurla davam etdirmiş, bu ölkənin siyasi və iqtisadi sisteminin, 20 ildən artıqdır ki hakimiyyəti zəbt etmiş xunta rejiminin çökməsində mühüm rol oynamışdır. Təsadüfi deyildir ki, bu gün Azərbaycanın region ölkələri ilə strateji tərəfdaşlığı inkişaf edir, onun beynəlxalq nüfuzu artır, Ermənistanın xarici siyasətində isə ciddi geriləmə müşahidə olunur.

Ermənistanda hakimiyyət dəyişikliyi ilə əlaqədar bu ölkənin xarici siyasətində müşahidə olunan ciddi fəsadlar, o cümlədən də onun Qərb üçün İran və Rusiyaya qarşı platformaya çevrilməsi təhlükəsi rəsmi Moskva və Tehranı öz ənənəvi siyasətini bir daha nəzərdən keçirməyə məcbur edir. Bu gün artıq reallıqdır ki, Ermənistanda artan rusofobiya Rusiyanın siyasi dairələrində Ermənistana qarşı antipatiya formalaşdırıb. Elə bu səbəbdəndir ki, Rusiya Ermənistana satdığı təbii qazın qiymətini yüksəltdi, hətta Paşinyanın yalvarışlarına baxmayaraq Moskva Yerevana güzəştə getmədi. Eyni mənfi situasiya Ermənistan-İran münasibətlərində də müşahidə edilməkdədir. İranın Ermənistanla bəzi iqtisadi layihələrdən faktiki olaraq imtina etməsi deyilən fikrin əyani sübutudur.

Göründüyü kimi, bu gün regionda yeni reallıq formalaşın. Bu reallıq isə ondan ibarətdir ki, bir tərəfdə güclü, bütün ölkələrlə bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurmuş və bu əlaqələri strateji tərəfdaşlıq səvyyəsinə yüksəltmiş Azərbaycan Cənubi Qafqazın lider ölkəsi kimi uğurla inkişaf edir. Digər tərəfdə isə öz ənənəvi portnyorlarını itirən, küncə sıxılmış, sosial və iqtisadi kataklizmlər yaşayan, çıxılmaz vəziyyətə düşmüş Ermənistan dayanıb. Və əlbəttə ki, bu cür siyasi və iqtisadi reallıq, daha doğrusu Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin yaratdığı yeni reallıq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın milli maraqları çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə tam zəmin yaratmışdır. Azərbaycan ictimaiyyəti artıq əmindir ki, 2019-cu il Dağlıq Qarabağ münaqişəsinin həlli baxımdan əhəmiyyətli il olacaqdır.

"Səs" Analtik Qrup

AzNews.az