“Avropa İttifaqı Trampın koalisiya çağırışına dəstək vermədi” – Azad Məsiyev

"ABŞ-nin İranda hərbi əməliyyata başlaması nəticəsində Hörmüz boğazının bağlanmasına səbəb olub. Hörmüz boğazının bağlanması dünya iqtisadiyyatında xaos yaradır. Bu xaosun nəticəsində ziyan çəkən dövlətlər ABŞ-a qarşı siyasi təzyiqlərə başlayır. Ümumilikdə ABŞ Hörmüz boğazı ilə əlaqədar beynəlxalq koalisiya yaradılması təşəbbüsü ilə çıxış edib. Trampın bu çağırışına Avropa İttifaqından dəstək gəlmədi. Avropa Birliyinə daxil olan dövlətlər bunu etirazla qarşıladı. Açıq şəkildə bəyan etdilər ki, İrandakı müharibə onların müharibəsi deyil. Bu isə Trampı qəzəbləndirdi. Tramp da bununla əlaqədar etirazını bildirərək qeyd etdi ki, müttəfiqlər ABŞ-ı tək qoydu. Yəni müttəfiqlər Amerikanı tək qoydu".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib.

Qeyd edək ki, Böyük Britaniya Hörmüz boğazında gəmilərin təhlükəsiz və sərbəst keçidinin təmin olunmasına yönəlmiş təşəbbüslər çərçivəsində ABŞ-la əməkdaşlıq edir. Rəsmi London dəniz təhlükəsizliyinin qorunmasının qlobal ticarət və enerji təchizatı baxımından strateji əhəmiyyət daşıdığını vurğulayır. ABŞ isə bölgədə təhlükəsizliyin təmin olunması məqsədilə çoxmillətli koalisiya yaradılması ideyasını irəli sürür. Lakin bu təşəbbüsə münasibət birmənalı deyil və bəzi Avropa ölkələri prosesə daha ehtiyatlı yanaşır.

Siyasi şərhçi qeyd edib ki, ümumilikdə ABŞ öz hegemon siyasətini təkcə İran üzərində deyil, qlobal miqyasda həyata keçirir.

"Məqsəd Amerika imperatorluğunun birqütblü dünya nizamı üzərində nəzarətini təmin etməkdir. Amerika imperatorluğuna təhlükə yaradan bütün amillərə qarşı, kimin hakimiyyətdə olmasından asılı olmayaraq, ABŞ bu siyasəti həyata keçirir. Hörmüz boğazı ilə bağlı Böyük Britaniyanın ABŞ-a dəstək verməsi təbii qarşılanmalıdır. Çünki ümumilikdə ABŞ-la istər Ukrayna münaqişəsində, istərsə də digər məsələlərdə strateji müttəfiqlik münasibətləri mövcuddur. Bu ölkələr xarici siyasətdə bir-birinə dəstək verməklə öz məqsədlərini həyata keçirir. Hörmüz boğazı ilə bağlı tək Böyük Britaniya deyil, ərəb dövlətləri də ciddi ziyan görməkdədir. Bu məsələdə ərəb dövlətlərinin də Trampın koalisiyasına qoşulacağına şübhə yoxdur. Hətta ABŞ çalışır ki, bu münaqişədə İrana qarşı ərəb dövlətlərindən də istifadə etsin. Çünki Hörmüz boğazının bağlanmasını bəhanə edərək ərəb dövlətlərini bu münaqişəyə cəlb etməklə de-yure üçüncü dünya müharibəsinin başlanmasına gətirib çıxara bilər. Bu isə təkcə hərbi sahədə deyil, iqtisadi sahədə də böyük xaos yarada bilər. ABŞ-nin məqsədi İrana nəzarəti ələ keçirməkdir. Strateji obyektləri vurmaqla, dövlət xadimlərini qətlə yetirməklə İranda hakimiyyəti dəyişmək qeyri-mümkündür. Mütləq şəkildə quru əməliyyatı keçirilməlidir ki, ABŞ təkbaşına belə bir əməliyyat həyata keçirərsə, bu, onu bataqlığa sürükləyə bilər. Ona görə də beynəlxalq koalisiya yaratmaq təşəbbüsü irəli sürülür və Hörmüz boğazı bəhanə edilərək beynəlxalq koalisiya vasitəsilə İranda quru əməliyyatlarının həyata keçirilməsi planlaşdırılır. Xüsusilə də ərəb dövlətlərini bu münaqişəyə cəlb etmək niyyəti var. Bu proseslər İran müharibəsi fonunda de-yure üçüncü dünya müharibəsinin başlanmasına səbəb ola bilər".

Rəfiqə Namazəliyeva,

AzNews.az