Müxalifətçilik meydanlarda qışqırmaqdan ibarət deyil

"Mənim rəhbərlik etdiyim partiya yarandığı gündən müxalifətdədir".

Azərbaycanın dünya birliyində reytinqinin getdikcə yüksəlməsindən və mövqeyinin möhkəmlənməsindən ciddi təşviş keçirən antiazərbaycan qüvvələr ölkəmiz haqqında beynəlxalq aləmdə mənfi rəy formalaşdırmaq üçün müxtəlif vasitələrə əl atırlar. Onlar bu yolda yerlərdəki satqınlardan, xəyanətkarlardan, xüsusilə, radikal müxalifət nümayəndələrindən istifadə edirlər. Respublikamızın inkişafını gözü götürməyən milli xəyanətkarlar qranta görə Vətəni, xalqı satmağa hazır olduqlarını bir daha nümayiş etdirdilər. Belə ünsürlərin yanvarın 19-da keçirdikləri mitinqdə səsləndirdikləri şüarlar və bir gün sonra Şəhidlər xiyabanındakı simasızlıqları xəbis niyyətlərini bir daha ortaya qoydu.

Heç kəsə sirr ­deyil ki, mitinq xaricdəki antiazərbaycan dairələrin və ermənipərəst qüvvələrin sifarişlərini yerinə yetirməyi özünə peşə seçmiş AXCP sədri Əli Kərimli və Milli Şura adlı qondarma qurumun bir qrup başıpozuq üzvü tərəfindən təşkil olunmuşdu. Təbii ki, Azərbaycanda uzun müddətdir davam edən ictimai-siyasi sabitlik, mötəbər beynəlxalq təşkilatların öz tədbirlərini Bakıda keçirməyə üstünlük vermələri antiazərbaycan qüvvələri və onların əlində alətə çevrilən radikal müxalifət nümayəndələri rahat buraxa bilməz. Onlar öz çirkin məqsədlərini reallaşdırmaqdan ötrü Azərbaycanı Suriya, Liviya və hazırda digər vətəndaş qarşıdurması gedən ölkələrin vəziyyətinə salmaq üçün dəridən-qabıqdan çıxırlar.

Ziyalılar, ictimai-siyasi xadimlər, hətta nüxalifət təmsilçisi olan siyasi partiya sədrləri də radikal müxalifət nümayəndələrinin antimilli mövqeyini kəskin pisləyir, dağıdıcı qrupların kütləvi aksiya təşkil etmək imkanlarının məhdudlaşdırılmasını tələb edirlər.

Fazil Mustafa, Milli Məclisin deputatı, Böyük ­Quruluş Partiyasının rəhbəri:

– Mənim rəhbərlik etdiyim partiya yarandığı gündən müxalifətdədir. Biz öz məqsədlərimizi qanun çərçivəsində, konstruktiv şəkildə həyata keçiririk. Dövlətə və dövlətçiliyə qarşı müxalifətçilik xalqa xəyanətdir. Təəssüf ki, bu gün adını müxalifət qoyanlar arasında bu yolu seçənlər var. Mən yanvarın 19-da belə qrupların keçirdikləri mitinqdə səsləndirdikləri şüarları eşidəndə ciddi narahat oldum. Eləcə də, yanvarın 20-də yenə başda Əli Kərimli olmaqla həmin qrupun üzvlərinin öz xəbis niyyətlərini həyata keçirmək üçün hətta şəhidlərimizin ruhuna hörmətsizlik etmələri müxalifətçilik deyil və müxalifəti hörmətdən salmaqdır.

Müxalifətçiliyi meydanlarda, küçələrdə, Şəhidlər xiyabanında hay-küy salmaq, qışqırmaq və etik normalara sığmayan şüarlar səsləndirməklə ölçmək səviyyəsizlikdir. AXC-nin şinelindən çıxmış və bu gün də müxalifət adını zəbt etmiş başıpozuq insanların yersiz səs-küyləri, irəli sürdükləri iddialar bir daha təsdiq etdi ki, onlar hələ də dağıdıcılıqla məşğuldurlar və qarşıdurma yaratmaq ab-havasındadırlar. Onların məqsədi heç də irəli sürdükləri cılız tələblərin yerinə yetirilməsi yox, ictimai-siyasi sabitliyi pozmaq yolu ilə hakimiyyəti zəbt etməkdir.
20 Yanvar Azərbaycanda Ümumxalq Hüzn Günü kimi qeyd olunur. Həmin gün xalq istiqlaliyyət, azadlıq, müstəqillik aşiqlərini ziyarət etmək üçün axın-axın Şəhidlər xiyabanına gedir. Əli Kərimli isə ətrafına topladığı bir qrup adamla müxtəlif şüarlar səsləndirərək diqqəti özünə cəlb etmək istəyir. Biz belə hadisələrlə dəfələrlə qarşılaşmışıq . Bütün bunlar bir daha təsdiqləyir ki, AXCP sədri Əli Kərimlinin tutduğu yol nə milli, nə dövlətçilik, nə də bütövlükdə azərbaycançılıq maraqlarına xidmət edir. O, uzun illərdir ki, xarici havadarlarının sifarişlərini yerinə yetirməklə ölkədə qarşıdurma yaratmağa, qeyri-konstitusion yolla hakimiyyəti ələ keçirməyə çalışır. Onun təşkil etdiyi mitinqlərdə şəsləndirilən şüarlar bu adamın xəbis niyyətlərini ortaya qoyur. Ona görə də hesab edirəm ki, indiki şəraitdə belə pozucu xarakterli aksiyalar məhdudlaşdırıılmalıdır. Bu, həm də rəhbərlik etdiyim partiya üzvlərinin tələbidir.

Mirkazım KAZIMOV, Milli Məclisin deputatı:

– Son 15 ildə respublikamızın qazandığı uğurlar təkcə radikal müxalifəti deyil, ölkəmizi gözü götürməyən dairələri də yandırıb-yaxır. Axı, belələri niyə də yanıb-tökülməsinlər ki, bu müddət ərzində 2 milyona yaxın yeni iş yeri açılıb. Dünya standartlarına uyğun istehsal müəssisələri yaradılıb. Ölkədə əmin-analıq hökm sürür, dünya birliyinin diqqəti Azərbaycana yönəlib. Artıq ölkəmiz beynəlxalq aləmdə sayılıb-seçilən dövlətlər sırasına qoşulub və dünyanın ən nüfuzlu qurumlarına sədrlik edir. Bu il də Qoşulmama Hərəkatı kimi mötəbər bir quruma sədrlik edəcəyik. Bu uğurlardan sonra radikal müxalifətin və onlara havadarlıq edən antiazərbaycan qüvvələrin hərəkətə keçməsi başadüşüləndir. Ancaq əbəs yerə. Yaxşı deyiblər ki, “sirkə nə qədər tünd olsa, öz qabını çatladar”. Belə ünsürlərin yersiz hay-küyləri heç nəyi dəyişməyəcək.

Əli Kərimlinin rəhbərlik etdiyi radikal müxalifətin və onların xarici havadarları, həmçinin antiazərbaycan qüvvələrin maliyyələşdirdiyi insanların – milli xəyanətkarların keçirdiyi mitinqin heç bir təsiri yoxdur. Çünki xalq heç vaxt belə satqınların arxasınca getməz. Belə xəyanətkarların xisləti hamıya bəllidir. Onlar aldıqları çirkli pullar hesabına öz ölkələri, xalqı, Vətəni haqqında danışdıqları təhqiramiz sözlərdən də xəcalət çəkmirlər. Əli Kərimlinin “şinelindən” çıxmış və bu gün antiazərbaycan qüvvələrin əlində siyasi alətə çevrilmiş antiazərbaycan şəbəkənin “fəalları” – Emin Milli, Orduxan Teymurxan, Tural Sadiqli, Məhəmməd Mirzəli, Rafael Piriyev, Həbib Müntəzir, Qənimət Zahid və digərləri ölkəmizi gözü götürməyənlərə müticəsinə qulluq göstərirlər. Xarici ölkədə özünü “mübariz siyasətçi” kimi təqdim edən bu satqınlar, ölkəmiz və bir sıra məmurlar haqqında təhqiramiz ifadələr işlətməkdə sanki yarışa giriblər. Bunlar da Əli Kərimlinin antimilli, xəyanətkar əməllərinin nəticəsidir. Bütün bunlar qanun çərçivəsində araşdırılmalı, hüquqi qiymətini almalıdır.

Razi NURULLAYEV, AXCP sədri:

– Birincisi, qeyd edim ki, Əli Kərimli AXCP sədri yox, artıq “Yurd” təşkilatının sədridir. Bir il əvvəl ona etimadsızlıq göstərilib və mən AXCP-nin qurultayında bu partiyanın sədri seçilmişəm. Yəqin ki, yaxın vaxtlarda bu, hüquqi sənədlərlə də reallaşacaq. Bu gün Əli Kərimlinin özünü müxalifətin lideri adlandırması yenidən gündəmə gəlmək istədiyindən başqa bir şey deyil. O, özünü müxalifət lisenziyası verən şəxs hesab edir. Kimin müxalifət olub-olmadığını o müəyyən edə bilməz. Rəhbərlik etdiyi marginal qrupla Əli Kərimlinin amtimilli əməlləri, xarici havadarlarının sifarişlərini yerinə yetriməklə ölkədə qarşıdurma yaratmaq cəhdii, canını Vətənimizin müstəqilliyi yolunda qurban vermiş şəhidlərimizin ruhuna hörmətsizliyi onu bütün sağlam müxalifətin gözündən salıb. Əfsuslar olsun ki, Əli Kərimli siyasi mübarizədə yeganə yolu mitinq keçirməkdə görür. Amma XXI əsrdə tükənməyən digər sivil mübarizə metodları var ki, Əli Kərimli onları gözardı edir. Mitinq vacibdir, amma bu aksiya hakimiyyətə gəlmək üçün qeyri-qanuni vasitəyə çevrilməməlidir.

Əli Kərimlinin fikri odur ki, xalq küçəyə tökülsün və anti-konsititusion yollarla dövlət çevrilişi olsun. Bu qanuna zidd əməllər, zorakılıq halları yolverilməzdir. Dəyişiklik qanunlar, demokratik və seçkilər çərçivəsində ola bilər. Kim ki, qanunlar və seçkilər çərçivəsində dəyişiklik istəyir, onlar mitinqə qatılmır. Buna ehtiyac da yoxdur. Əli Kərimli isə istəyir ki, digər siyasi partiyalar ona antikonstitusion yollarla hakimiyyətə gəlməkdə kömək etsin. Bu heç vaxt baş verməyəcək. Ölkədə qarşıdurma yaratmaq istəyənlər qanun qarşısında cavab verməlidir. Bu məqsədlərə xidmət edən aksiyaların qarşısı alınmalıdır. (xalqqəzeti)

AzNews.az