"Paşinyanın boş ifadələri ciddi qəbul olunmur"

Fikrət Sadıqov: "Azərbaycan artıq dünya siyasətində mühüm bir oyunçuya çevrilib"

Ermənistanın baş naziri Nikol Paşinyan təxribatçı davranışlarını davam etdirir. Belə ki, o, Azərbaycanla Ermənistan arasında atəşkəs haqqında Bişkekdə imzalanmış sazişin 25 illiyi ilə əlaqədar özünün yeni məsuliyyətsiz bəyanatı ilə növbəti dəfə danışıqlar prosesini pozmaq niyyətini nümayiş etdirib. Baxmayaraq ki, N.Paşinyanın Qarabağ separatçılarının danışıqlar prosesinə cəlb edilməsi ilə bağlı təşəbbüsü ATƏT-in Minsk Qrupunun son bəyanatı, eləcə də danışıqların formatının dəyişdirilməsinə qarşı çıxmış Azərbaycan prezidenti İ.Əliyevin qəti mövqeyi ilə rədd edilib.

“Ətraflı danışıqlar və nəticənin əldə edilməsi yalnız o vaxt mümkündür ki, Artsax (”Dağlıq Qarabağ"), nəhayət, onun statusunun müəyyənləşdiriləcəyi və orada yaşayan insanların təhlükəsizliyinə zəmanətin təsbit ediləcəyi prosesə cəlb olunacaq. Əminik ki, üçtərəfli saziş uzunmüddətli sülhün və əməkdaşlığın qurulmasının mümkün olduğu hüquqi bazadır" - N.Paşinyan bəyanatında belə deyib.

Bu arada, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Brüsseldə görüşüblər. ONA-nın xəbərinə görə, görüş Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" təşəbbüsünün 10 illiyinə həsr olunmuş tədbir çərçivəsində baş tutub. Görüş zamanı dövlət başçıları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər.

Dağlıq Qarabağ ətrafındakı gündəm, eləcə də Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" ilə bağlı politoloq Fikrət Sadıqovla danışdıq.

Onun sözlərinə görə, vəziyyət onu göstərir ki, Paşinyan bu cür bəyanatlarla - "danışıqlarda separatçı rejimin nümayəndələri iştiak etməlidir" çağırışları ilə özünü məsuliyyətdən yayındırır:

"İki ölkənin dövlət başçılarının görüşü artıq birinci deyil. Düzdür, konkret razılığa gəlinməsə də, hər halda Paşinyan bizim mövqeyimizi eşidir. Başa düşür ki, onun işlətdiyi boş ifadələr nəinki Azərbaycan, hətta aparıcı ölkələr, MİNSK qrupunun həmsədrləri tərəfindən də ciddi qəbul olunmur. O ki qaldı, “Şərq Tərəfdaşlıq” sammitindəki müəyyən görüşlərə, əlbəttə, Azərbaycan həmişə bəyan edirdi ki, Avropaya inteqrasiya kursundan dönməyəcək. Biz bu istiqamətdə müxtəlif addımlarımızı atmışıq. Avropa da Azərbaycanla münasibətlərin inkişaf etməsində maraqlıdır. Çünki Azərbaycan artıq dünya siyasətində mühüm bir oyunçuya çevrilib, bir sıra ciddi layihələr həyata keçirir. Yeni layihələrdən Avropa da müəyyən qədər mənfəət əldə edəcək. Xüsusən də Avropanın enerji təhlükəsizliyini müəyyən mənada Azərbaycan təmin edəcək. Əsas məsələ Avropa İttifaqı ilə nəzərdə tutulan sazişə imza atmaqdır. Müqavilədə təbii ki, bizim maraqlarımız əks olunmalıdır. Biz bunu dəfələrlə demişik. Əsas maddə Azərbaycanın ərazi bütövlüyünün tanınmasıdır. Bu maddə sazişə mütləq daxil olunmalıdır. Əgər saziş üzərində məsələlərin 90 faizi razılaşdırılıbsa, düşünürəm ki, digər məsələlər də danışıqlar nəticəsində həll olunacaq. Dövlət başçımızın Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla və digər şəxslərlə görüşündən də hiss olunurdu ki, bu məsələlər də yaxın gündə öz həllini tapacaq".

Elgün
AzNews.az