Fikrət Sadıqov: "Bu, Paşinyanın siyasi maraqlarına ciddi zərbədir" Fikrət Sadıqov: "Bu, Paşinyanın siyasi maraqlarına ciddi zərbədir"

"Özünü real müttəfiq kimi apar" - Avrasiya İqtisadi Birliyindən Paşinyana

Fikrət Sadıqov: "Bu, Paşinyanın siyasi maraqlarına ciddi zərbədir"

Bu günlərdə Avrasiya İqtisadi Birliyinin beşilliyi münasibətilə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev üzv dövlətlərin rəhbərlərini "Qazaxıstanın Birinci Prezidenti – Millətin Lideri Nursultan Nazarbayev" ordeni ilə təltif edib. Mərasimdə Rusiya, Belarus və Qırğızıstan prezidentləri sözügedən ordenlə təltif olunsalar da, Ermənistanın baş naziri Nikol Paşinyana orden verilməyib.

Səfər çərçivəsində həmçinin Paşinyanın Rusiya prezidenti Vladimir Putinlə görüşü də baş tutmayıb.

İttifaq tərəfindən Paşinyana göstərilən bu münasibəti AzNews.az-a şərh edən politoloq Fikrət Sadıqov bildirdi ki, Ermənistan üzv dövlətlərin müttəfiqidir, ona heç bir şübhə ilə yanaşmırlar, bu kimi jestlər yalnız Paşinyanın şəxsiyyətinə görədir:

“Onlar Paşinyana işarə edirlər ki, əgər sən sonadək bizimləsənsə, bizimlə razılaşırsansa və mövqeyin bizimlə üst-üstə düşürsə, onda özünü real, əsl müttəfiq kimi apar. Get Qərb ölkələrinin təşkilatlarına qoşul, amma çabalama. Düşünürəm ki, bu, Paşinyanın siyasi maraqlarına ciddi bir zərbədir. Bununla ittifaqa üzv ölkələrin dövlət başçıları aydın şəkildə demək istədilər ki, sən bizimlə tam olmayana qədər biz səni müəyyən məsafədə saxlayacağıq. Yəni özünü yığışdır, konkret mövqe nümayiş etdir. Mən həmin tədbirdə Paşinyan şəxsiyyətinə münasibəti məhz belə başa düşürəm”.

Xatırladaq ki, Qazaxıstan lideri ötən il də Təhlükəsizlik Müqaviləsi Təşkilatına Ermənistanın namizədini şəxsən dəstəkləməmişdi. Elə həmin vaxtdan başlayaraq təkcə Qazaxıstanla deyil, rəsmi Moskva ilə İrəvanın arasında da soyuqluq yarandı. Bu soyuqluq Putinlə Paşinyan arasında sonrakı dövrdə də davam etdi, tərəflər iki ölkə arasında keçirilən bir çox müzakirələrdə, xüsusilə qazın qiyməti məsələsində razılığa gələ bilmədilər.

Elgün
AzNews.az