“15 iyun dövlətçilik tariximizin ən önəmli səhifələrindən biridir”

"Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə bütün çətinliklərə son qoyuldu"

“Heydər Əliyevi hava limanında qarşılayanlardan biri də mən olmuşam. Bu, 1993-cü il iyunun 9-da baş verdi".

Bunu AzNews.az-a açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Əməkdar elm xadimi, "Şöhrət” ordenli professor Şahlar Əsgərov dedi.

Ş.Əsgərov həmin dövrdə ölkədə hökm sürən siyasi vəziyyətdən danışdı:

"15 iyun dövlətçilik tariximizin ən önəmli səhifələrindən biridir. Bu tarixədək ölkədə böhran vəziyyəti hökm sürürdü. Xalq xaos içində yaşayırdı. Məhz həmin gün Azərbaycan bu vəziyyətdən qurtuldu. Ona görə də bu tarix “Qurtuluş günü” adlanır. Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə bütün çətinliklərə son qoyuldu. Ölkənin sosial, siyasi, iqtisadi həyatında müsbət dəyişikliklər baş verdi. Azərbaycan özünə yeni müstəqil inkişaf yolu seçdi”.

O, Heydər Əliyevin hakimiyyətə gəlişinin Azərbaycan üçün bir dönüş nöqtəsi olduğunu bildirdi:

“Bu qayıdış tarixi bir qayıdış idi. Bununla biz yeni tarixin səhifələrini yazmağa başladıq. İndiki müasir Azərbaycan həmin tarixi uğurla davam etdirir. Ulu öndərin tez-tez təkrar etdiyi bir fikri var: “Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir, sarsılmazdır”. Müasir dövrdə Azərbaycanın dönməzliyi, sarsılmazlığı cənab Prezident İlham Əliyin rəhbərliyi altında qorunur. Ölkəmiz hərtərəfli inkişaf edir. Biz beynəlxalq arenada yüksək səviyyədə təmsil olunuruq. Dünya ölkələri ilə müxtəlif sahələrdə əməkdaşlığımız sürətlə inkişaf edir. Hətta 1993-cü ilin 15 iyununadək Azərbaycana düşmən olan ölkələr də bu inkişafdan sonra bizə dost olmağa başladı. Bir zamanlar bizimlə ticarət əlaqələri saxlamaq istəməyən ölkələr sonradan ölkəmizlə müxtəlif sahələrdə əməkdaşlıq etməyə başladı. Bütün bunlar Azərbaycanın inkişafının, gücünün, dünya ölkələri arasında qazandığı nüfuzun göstəriciləridir”.

Xəyalə

AzNews.az