Mühacir biznesi ilə məşğul olanların metod və şəbəkələri - "Mir Şahinin vaxtı"nda

Əbülfəz Elçibəyin ən böyük günahı Leyla Yunus da daxil olan bir səriştəsiz, cəfəngiyyat korpusu, qara güruhla hakimiyyətə gəlməsidir

REAL Təhlil və İnformasiya Mərkəzində Mir Şahin vaxtıdı.

Niyə bu verilişi xüsusi buraxılış adı altında təqdim etmək qərarına gəldik? Səbəb bir neçədir. Əvvəla bu gün ilk dəfə Azərbaycan-Gürcüstan münasibətlərinin hər iki ölkənin müstəqilliyində həlledici əhəmiyyətləri barədə danışmaq istəyirəm. Hətta o qədər həlledici ki, bu dövlətlərin müstəqilliyi bir-birinin davamı şəklini alıb. Hətta əgər Azərbaycan öz müstəqilliyinin təminatında tam müstəqildirsə, Gürcüstan barədə bunu demək olmaz. Ona görə ki, Gürcüstan üçün Azərbaycan bir sıra hallarda Ermənistan üçün Rusiya qədər əhəmiyyətə malikdir. Və əvəzində Azərbaycan bunun müqabilində Gürcüstandan forpostluq tələb etmir. Bunu etməyi heç ağlına da gətirmir. Düzdür, Qafqazın bu iki respublikasının istiqlal dayaq və riskləri barədə müxtəlif vaxtlarda söhbət eləmişik. Məsələn, mövzumuz Bakı-Tiflis-Ceyhan da olub, Bakı-Tiflis-Ərzurum da, Bakı-Tiflis-Qars da. Bu layihələr barədə o qədər danışılıb ki. Amma heç vaxt bu iki Qafqaz respublikasının bir biri üçün müqəddərati əhəmiyyəti barədə indi danışmaq istədiyim qədər danışmaq istəməmişəm. Çünki Gürcüstan və Azərbaycan, nə qədər qəribə səslənsə də, 1994-cü ildən bəri vahid geosiyasi əraziyə çevrilib. Bu ölkələrə ayrı-ayrılıqda vətəndaşlıq edən insanlar həm də eyni cavabdehliklə vahid siyasi-iqtisadi tale maraqlarının, yaxud maraq talelərinin vətəndaşlarıdır. Uzun müddətdir ki, Azərbaycan çox mətləbə Xəzərin dəniz səviyyəsindən baxır. Amma görünür arabir bəzi nöqtələrə dəniz yox, dağ, Keşikçidağ səviyyəsindən baxmalıyıq. Konkret desək, nəyə!? Hara?! Kimə?! İlk növbədə yəqin ki, hər iki ölkənin dövlət müstəqilliyinin gələcəyinə. Bu gələcəklər müttəfiq dünəndən, bu gündən keçir. Müşahidələrimiz göstərir ki, keçmiş sovet məkanında ərazi münaqişələri projesini yenidən işə salanlar var. Bu xoda salmanın da gözlənilən nəticəsi SSRİ-dən daha aqressiv, daha mürtəce bir birliyin formalaşdırılmasıdır. 1991-ci il göstərdi ki, SSRİ nə qədər sarsılmaz görünsə də günlərin bir günü sarsıldı. Bax elə o zəif bəndlər bu dəfə olmasın deyə yeni birlik konfiqurasiyaları düşünülür. Ərazi münaqişələrindən əhali münaqişələrinə.

Qısaca düstur belədir. İnsanların ən həssas yerlərinə rus demişkən stavka edilir. Hər yerin, hər kəsin, hər təbəqənin daha özünəməxsus zərif yerlərinə toxunulur. Məsələn bu gün Keşikçidağda baş verənlərin lağımı Çeçen-İnquş-Dağstan dağlarına da apara bilir. 1994-cü ildən başlayaraq müxtəlif vaxtlarda Azərbaycanın regional uğurlarına Gürcüstan ərazisində mane olmağa çalışan maraqlı dairələr qonşu respublikanı bəzən təxribata çəkməyi bacarmışdılar da. Məsələn, Bakı-Tiflis-Ceyhan marşrutu ətrafında, batonolar “a Borjomi” deyəndə, prezident Heydər Əliyev tariflərə məhz qardaşlıq, müttəfiqlik və hər iki dövlətin müstəqilliyi naminə yenidən baxdı. Tarixçi deyiləm, hansı xalqın daha qoca, daha qədim olduğunu araşdırmaq kimi niyyətim də yoxdur, amma mənim müşahidələrimə görə Azərbaycan Gürcüstana həmişə böyük qardaşlıq edib. Niyəsi çoxdur, amma bir səbəb də burada yaşayan azərbaycanlılarımızın mənafeləridir. İndi isə Keşikçidağ haqqında. Burada yerləşən monastır təkcə monastır deyil. İki ölkə arasında aparılan danışıqlar monastırın yalnız coğrafi taleyini müəyyən edəcək. O da formal olaraq.

Çünki, Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfovun açıqlamasını sadə tərzdə izah etsək, burada əslində mürəkkəb, anlaşılmaz bir məsələ yoxdur. Diplomatımızdan sitat gətirirəm:

“Dövlət sərhədinin delimitasiyası üçün hər hansı dini—mədəni və sair qeyri hüquqi faktlar əsas təşkil edə bilməz. Keşikçidağ mağaralar kompleksini əhatə edən sahə bütün mövcud hüquqi sənədlər, faktiki istifadə vəziyyətinə görə hər zaman Azərbaycan ərazisinə aid olub. Bu eyni zamanda həm 1963-cü ildə Gürcüstan SSR Ali Soveti tərəfindən təsdiq edilmiş topoqrafik növbətçi xəritələrdə öz əksini tapıb və SSRİ-nin süqutuna qədər tərəflər arasında inzibati sərhəd kimi qəbul edilib. Buna görə də hüquqi baxımdan qeyd edilən sahə ilə bağlı hər hansı mübahisədən və ya iddiadan söhbət gedə bilməz. Eyni zamanda, bu sahə də razılaşdırılmayan digər sahələr kimi delimitasiya çərçivəsində razılaşdırılmalı, iki dövlət arasında imzalanacaq dövlət sərhədinə dair müqavilədə təsbit olunmalıdır".

Sitatın sonu. Əlbəttə, Xələf Xələfovla üzbəüz oturub müsahibə etmək kimi bir xoşbəxtlik hələ ki, bizə müyəssər olmayıb, ona görə də cavablardan doğan yeni suallar açıq qalır. Amma elə gətirdiyimiz sitatdan da aydın olur ki, bu gün aparılan delimitasiya danışıqlarında Azərbaycanın ərazi bütövlüyü müzakirə mövzusu deyil. Monastırdan yeni Qara Keşiş düzəltmək istəyənlərin məqsədlərini isə Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov əla izah edib:

”Qafqazda yeni münaqişə ocağı yaratmaq istəyənlərin diplomatik münasibətləri pozmaq, silaha sarılmaq kimi təxribatçı bəyanatları artıq xeyli vaxtdır ki, eşidilməkdədir. Məqsəd əlbəttə ki, Cənubi Qafqazda yeni münaqişə ocağı alovlandırmaq yolu ilə öz ambisiyalarını Azərbaycana və Gürcüstana qəbul etdirməkdən ibarətdir. Bunun üçün onlar bir tərəfdən Gürcüstanda daxili siyasi çəkişmələri qızışdırmağa, o biri tərəfdən Azərbaycanda daxili qrupların bu ölkədəki proseslərlə bağlı təxribatçı çağırışlarını təşkil etməklə iki dost ölkə arasında milli-vətəndaş ehtiraslarını qızışdırmaq və bu fonda qarşıdurma yaratmağa can atırlar".

Daha bir sitatın sonu. Amma Əli Həsənov etiraz etməzsə, mən burada Prezidentin köməkçisinin hadisəni Gürcüstanda daxili vəziyyəti qızışdırmağa yönəli cəhd kimi səciyyələndirməsinə bir əlavə edim:

Azərbaycandakı pozucu qüvvələrin provakasiyasına dəstək

“Bu cəhdlər daxili gərginliyi öz ərazisindən uzaqlaşdırmaq və problemi Azərbaycanın ərazisinə keçirmək cəhdi də ola bilər. Bir az əvvələ qayıdaq. Bir müddət əvvəl Gürcüstanda Rusiya təmsilçisinin Parlamentdən faktiki olaraq qovulması ilə başlayan hadisəyə. Parlamentlərarası Provoslav assambleyasının Tiflis toplantısı böyük qalmaqala çevrildi. Spiker səfərdə olduğu Bakıdan geri qayıtmağa və kütlənin tələbilə istefa verməyə məcbur oldu. Daxili İşlər naziri isə istefaya çağırışlara baxmayaraq öz yerini qoruya bildi. Hələ ki bilir. Bir sözlə Gürcüstanda meydana çıxan etiraz kütləsinin bu dəfəki mahiyyəti dini təmayüldən qaynaqlanıb və buna görə də heç kim mənə 100 faiz sübut edə bilməz ki, Keşikçidağ ətrafında baş verənlər elə həmin Assambleyanın işini pozan qanadın fəaliyyətinin davamı deyil. Ortada qəzəbli, Rusiya Prezidentini belə birbaşa efirdə təhqir edə biləcək dərəcədə aqressiv əhvali-ruhiyyə daşıyıcılarından ibarət güruh var. Putinin təhqir olunması mövzusuna bir azdan, bir qədər də başqa kontekstdə qayıdarıq. İndi isə o toplumun istəyi barədə. Nə istəyir onlar? Doğrudanmı Keşikçidağ onlara lazımdır. Deyərdim ki yox. Çünki onsuz da Keşikçidağa gürcülər istənilən vaxt, rahat gəlib-gedə, monastırı ziyarət edə bilirdilər. SSRİ dağılıb 28 ildir və heç vaxt da bu mövzu iki xalq arasında nifaq almasına dönməyib. Deməli, məsələnin nüvəsi daha uzaq mənzillidir. Yeri gəlmişkən, Keşikçidağ ətrafında cərəyan edən prosesləri təbiət etibarilə daha ətraflı, dərindən araşdırsaq görərik ki, Qafqazda iki xalq arasında nifaq salmaq istəyənlər buna çoxdan hazırlaşırmışlar. Elə Azərbaycanda da bu prosesə dolayısı ilə işləyənlər, onu qızışdıranlar olub. Açıq danışaq: SOCAR rəhbərliyinin hələ beş il əvvəl verdiyi müsahibədən “Gürcüstanda allah evlərinə qaz pulsuz verilir!” fikrini son zamanlar məqsədli şəkildə məkrlə kontekstdən məgər gürcü dostlarımız çıxarıb paylaşırdı? Yox əlbəttə. Bu, Azərbaycandakı pozucu qüvvələrin məhz Keşikçidağ provakasiyasına dəstək hazırlığı idi. Görürsüz? Gürcülər və azərbaycanlıları bir-birinə qarşı qoymaq istəyən qüvvələrin kombinasiyasını necə oxumaq olur? Ordan bir qrup gürcünün Monastır davası, buradan da bir qrup azərbaycanlının SOCAR-ı pisləmə kompaniyası. Hər şey də ona hesablanıb ki, sadə, məlumatsız kontingenti bu yolla hirsləndirmək, qəzəbləndirmək mümkün olsun: “Baxın. Onlar belə edir, biz isə pulsuz qaz veririk filan. Özü də ittihamlar kimə, hara ünvanlanmışdı? Kimi və haranı gözdən salırdı yerli qara güruh? SOCAR-ı. O SOCAR-ı ki, çoxdan gürcü qardaşlarımız bir hərf, bir səs oyunu ilə yarızarafat yarı gerçək öz respublikalarını belə də adlandırırdılar. SOCARTVELO! Əcəb düşünülmüş şəbəkə aksiyası idi. Hətta bu aksiyaya Türkiyədə yaşayan, Azərbaycanın ilk ən samballı beynəlxalq brendi olan SOCAR-la şəxsi haqq-hesab çəkmək istəyən yoldaşlar, daha doğrusu cığırdaşlar da qoşulmuşdu. İndi isə Keşikçidağda baş vermiş provakasiyadan, ona sərhədçilərimizin reaksiyasından və sonra baş verənlərdən, ümumiyyətlə dünyanın yeni qaydalar sistemində sərhədpozma anlayışına münasibətdən danışaq. Əvvəlcə, gəlin monastır ətrafında yaşanan gərginliyə mən bilən bu günədək hələ heç kimi toxunmadığı tərəfdən yanaşaq. Keşikçidağda olanlar bilir. Orda sərhəd çox dar bir xəttdən, liniyadan ibarətdir: 40-50 santimetrlik bir xətdən. Təsəvvür edin ki, həm Azərbaycan, həm də Gürcüstan sərhədçisi o dar xətin o tay bu tayında keşik çəkir. Az qala nəfəs-nəfəsə. Monastıra gedən zəvvar isə iki sərhədçinin arasından keçməlidir. Onlara az qala toxuna-toxuna. Bu nüans bir daha ondan xəbər verir ki, o dar məqamda hansısa provakatorun kiminsə əlindən silahı qapması gözləniləndir. Burada “Stoy, strelyat budur!” komandası sadəcə işləməyə bilər. İndi isə sərhədçilərimizi hərəkətsizlikdə günahlandıranların nəzərinə. Bir az likbez. Çoxdandır yeni dünyada yaşayırıq. Sərhədlə bağlı ilk anlaşılmaz və sonadək necə bitəcəyini gözlədiyim əhvalat da elə gürcülərlə bağlıdır. Xatırlayırsız? Mixail Saakaşvilinin Polşadan Ukraynaya keçidini? Onun beynəlxalq miqyasda sərhəd pozuculuğunu? Əslində bizim bu gün öz sərhədçilərimizə tətbiq olunmasını tələb etdiyimiz qaydalara-qanunlara görə Ukrayna və Polşa sərhədçiləri cəzalandırılmalıydılar. Amma o zaman heç kim Mişanı Ukraynaya qanunsuz buraxan Polşa sərhədçisini, geri çəkilən Ukrayna sərhədçisini qınamadı. Cəzalandırmadı. Sadəcə izlədilər. Müşayiət etdilər. Ta sona kimi. İndi isə başqa bir nümunə gətirim sizə. Türkiyənin Rusiyanın qırıcı təyyarəsini vurma faktı. İlk baxışda, yəni bizim öz sərhədçilərimizə tətbiq olunmasını tələb etdiyimiz qaydalara-qanunlara görə Türkiyə düz etmişdi. Amma. Sonrasını bilirsiz. Deməli, bildiyimiz həqiqətlər, bələd olduğumuz dəyərlər dəyişir. Tutaq ki, bir zaman Leonid İliç Brejnevin çənəsinin müəyyən qədər əsməsini Avropada lağa qoyurdular. Amma bu gün Avropalı Merkel başdan ayağa əsir, bunu onun mətanəti, dəyanəti kimi izah edirlər. Bir sözlə bəzən açılmamış atəşlə daha çox hədəfi vurmaq olur. Bu baxımdan Azərbaycan sərhədçisi o gün, o müdhiş təxribat günü Azərbaycan dövlətini öz adından və reputasiyasından daha çox qorudu. Yadınızdadırsa, bayaq biz Rusiya Federasiyasının Prezidentinin Rustavi-2 kanalının birbaşa yayımında ən ağır küçə söyüşlərilə təhqir olunması üzərindən yüngülcə keçdik. Amma indi mən məhz o ana bizim sərhədçilərimizin etdiyi və ya etmədiyi hərəkət üzərindən gəlirəm. Ortada iki nümunə var. Hər iki halda sərhəd və pərdə götürülüb. Putin və Azərbaycan sərhədçisi hər ikisi eyni işi gördü. Özü də bu əsgərin anında verdiyi qərar deyil. Ki guya bütün baş verə biləcək təhlükəli anları zastavada dayanan hansısa sərhəd əsgəri bir anda planlaşdırdı və qərar verdi. Yox əlbəttə, qərarı komandanlıq verib. Buna qədər də oxşar hadisə baş vermişdi. Onda da izdihamlı şəkildə dağa çıxan iman dırmanclarının aqressiv hərəkətlərini sərhədçilərimiz soyuqqanlılıqla qarşılamışdılar. Sonra nə baş verdi? Gürcüstan parlamentinin spikerinin istefaya göndərilməsilə nəticələnən hadisələr. Bəs Azərbaycanda ayrı-ayrı iğtişaş qrupları nə tələb edir. Dövlət sərhəd xidmətinin rəhbərinin istefasını. Bir yerdə baxaq: O tayda mitinqlərdə Gürcüstanın Daxili işlər nazirini, bu tərəfdə isə sosial şəbəkələrdə Azərbaycanın Sərhəd xidmətinin rəhbərini istefaya çağırırlar. Ona görə də baxaq və sonu gözləyək. Və unutmayaq ki, Azərbaycan və Gürcüstan vahid strateji maraqların ərazi bütövlüyünün tərkib hissəsidir. Və elə buna görə də qonşularımıza tez bir zamanda reallığı dövləti təfəkkürlə dərk edib daha müdrik olmağı arzulayaq. Ən azı belə bir müdriklik nümunəsi onların gözü qabağındadır. Gürcüstanda son Prezident seçkisində əla siyasi fəallıq və yetkinlik nümayiş etdirən, istəyəndə az qala prezident seçkisinin nəticələrini belə dəyişmək iqtidarında olduğunu nümayiş etdirən, amma geri çəkilməyi bacaran Borçalı camaatı. Ordakı Azərbaycanlılarımız. Bir də ki, dünyanın müxtəlif ölkələrində müqəddəs ziyarətgahlar var. Amma bu ziyarətgahları ziyarət edən zəvvarlar ağlına da gətirmir ki, məsələn, Məkkədən Kəbə evini və ya İsraildən Ağlar divarları özününkü elan edib təfriqə salsın. Azərbaycan şəbəkəpərvərlərinin düşük inqilabçılığını isə Əli Kərimli qarışıq büküb uyğun bir yerə soxmağı məsləhət görürəm. Şəxsi təşəbbüsümlə. Görürsünüz ki?! Sərtəm, amma həddində, Azərbaycan dilinin yüksək imkanları çərçivəsində davranıram. Niyə Əli Kərimlinin adını çəkdiyimi az sonra biləcəksiniz. Heç vaxt eşitmədiyiniz xırdalıqlara hazır olun. Amma bir qədər sonra.

Sərtlik və həddlə bağlı. Deməli, sosial şəbəkələrdə virtual şantaj kompaniyası davam edir. Virtual sərsərilər dövləti, onun yüksək vəzifəli şəxslərini, parlamentini, silahlı qüvvələrini, dini liderini küçə söyüşlərilə təhqir edirlər. Prezidentin köməkçisi Əli Həsənov, bəzi deputatlar, buradan tutaq ki mən təhqir edənlərə etika və qanun çərçivəsində cavab veririk. Təhqir kontingenti isə cavab addımı kimi, nə olursa olsun yenə də Prezidenti və ailəsini təhqir edəcəklərilə şantaj edir. Deyim ki, onların bu taktikası bəzən kimlərəsə təsir də edir. Səsini çıxarmayan, öz anklav qeyrətlərini, abır-həyasını qoruyan dırnaqarası ədəb-ərkanlılarımız bəzən gizli, bəzən də açıq şəkildə Əli Həsənova qarşı kompaniya təşkil edir. Niyə bu barədə açıq danışmaq qərarına gəldim? Deyim. Uzun müddətdir ki, müşahidə edirəm. Dəfələrlə elə buradan tanınmış insanlarımıza, özlərini ziyalı hesab edənlərimizə müraciət etmişəm ki, sosial şəbəkələrdə öz mövqelərini bildirsinlər və Azərbaycana böhtan, hədyan, üfunət, murdarlıq püskürən, fontanlayan canlılara öz tribunalarından cavab versinlər. Məsələn, məşhur yazıçı Çingiz Abdullayev sosial şəbəkədə açıq mətnlə paylaşsın ki, bu dövlət bizimdir, onun üzərinə xaricdən çamur atanların əsl mahiyyəti budur və sair. Yaxud da professor Qulu Məhərrəmli sosial şəbəkədə paylaşsın ki, ay camaat Azərbaycan dövlətinin inkişafını sağdan sola əlifba üzərinə köçürmək istəyənlərin mənzilbaşı Suriyadı, Liviyadı, Misirdi və s. Daha onlarla belə ad var ki, arxasınca adam apara bilər. Doğru yola çəkə bilər. Amma nə baş verir. Biz ümummilli məzəmmətin ünvanını dəyişirik. Kimlərsə bizi onlara cavab verməklə daha da qızışdırmaqda günahlandırır. Məntiqinizə tula kəsim. Onda təmas xəttində məruz qaldığımız atəşlərə də cavab verməyək də. Erməni tərəfi yenə atacaq! İdbar, murdar bir formulirovka da atıblar ortaya. Hakimiyyəti kim söydürür? Hakimiyyəti cavab verənlər yox, cavab verməyənlərin sükutu, etinasızlığı, dişsizliyi, gözləmə mövqeyi söydürür. Biz isə yalnız cavab veririk. Cavab sıralarımızda isə boş yer çoxdur! Gəlin. Birlikdə dayanaq. Birlikdə susduraq bu vicdan bayquşlarını! Bacarmırsızsa Allah xatirinə oturun anklav qeyrətxananızda, bizə mane olmayın. Heç olmasa ideallaşdırdığınız Əbülfəz Elçibəyin üzərinə Leyla Yunus gedəndə səsinizi çıxarın. Siyasi yava qadın Azəbaycanın Prezidenti olmuş bir adamı KQB agenti elan edir. Elçibəyçilik platformasında dayanan amma başqa qatar gözləyən bəylər və gəlinlər, gəlinciklər susur. Bəli, Əbülfəz Elçibəy zəif rəhbər olub, səriştəsi kifayət etməyib. Amma içi ilə, bayırı ilə tərtəmiz olub bu adam. Azərbaycan dövlətinə sədaqətilə yaşayıb və ölüb! Onun azadlığı məndən ötrü bu fikirlərində aydın boy verir:

“Azərbaycan həbsxanasında da yataram, bu həbsxana üzərində Azərbaycanın bayrağı dalğalanır, o bayrağa qurban olum, azadlığım lazımdırsa qoy azad bayrağımıza qurban olsun!”

Mühacir biznesi ilə məşğul olanların metod və şəbəkələri

Belə bir mənəviyyata malik adamı Leyla Yunus kimi birisi əslində təhqir edir. Baxmayaraq ki, əsl agentlər hər gün danışdığı, müsahibə verdiyi, dərdləşdiyi kəslərdir. Əbülfəz Elçibəyin ən böyük günahı Leyla Yunus da daxil olan bir səriştəsiz, cəfəngiyyat korpusu, qara güruhla hakimiyyətə gəlməsidir. Bu günahın altını cəmiyyət hələ indi də çəkir. Əli Kərimli kimi artıq-urtuqlar da elə o qara güruhdan qopub düşüb. Biz hər dəfə deyəndə ki, onlar mühacir biznesiylə, qrant alveriylə məşğuldurlar, onlardan ötrü demokratiya, azadlıq tilov ucunda soxulcandan başqa bir şey deyil, bunları da nəzərdə tuturduq. Əvvəlcə bir səs yazısına qulaq asın. Sosial şəbəkələrdə yayılıb. Yayan da pul bölgüsündə incik düşən tərəfdi. Vaxtı çatanda adını da deyəcəm. İndi isə məsələ yayanda deyil. Məsələ təfərrüatdadır. Diqqətli olun. Əla alver gedir: AXCP-nin əsas ideoliqlarından biri Avropada yaşayan Türkel Azərtürk Avropaya gəlmək istəyən bir nəfərə yol göstərir. Səs yazısı daha aydın olsun deyə izahat verim. Türkel başa salır ki, birbaşa alman vizası almaq üçün 3 nəfərlik ailə ona 3500 ABŞ dolları rüşvət verməlidir. Söhbətdə dublin sözü də səslənir. Bu məşhur şəhərin adı deyil. Əli Kərimlinin etibarlı adamı izah edir ki, Alman vizası olacağı təqdirdə” Dublin” yəni viza alınan ölkəyə qaytarılmaq ehtimalının olmaması, sənədlər düzəldərək onun Almaniyada qalmasını təmin etmək imkanının daha geniş olacağını və bunun üçün tələsməyi məsləhət görür. İndi qulaq asaq:

Burda dayanaq və REAL Təhlil və İnformasiya Mərkəzinin hazırladığı arayışla tanış olaq:

“Barəsində söhbət gedən mühacir biznesi ilə məşğul olanların metod və şəbəkələri... Bunu ayrı ayrı yerlərdən, insanların dilindən ya eşitmisiz, ya da oxumusunuz. Ancaq sistemin SSR-nin “almaz mafiası” kimi çoxşaxəli olmasını yəqin ki, təsəvvür etməzdiz. Ardıcıllığa baxın:

1. Mühacirətə getmək üçün bunlarla əlaqə saxlayan insanlara təşkil olunan mitinqlərdə aktiv iştirak etməyi, çoxlu bayraq və plakatlarla şəkil çəkdirməyi, liderlərlə, xüsusən Əli Kərimli ilə foto görüntü almağı, Polislərlə qarşıdurmaya gedib bir neşə sutkalıq hebs olunmağı, hətta tanış bilişdən polis tapıb onunla şəkil çəkirdirməyi tapşırırlar. Bunun adına “keys taplama” deyirlər. Bu həmin şəxsin sonradan muhacirətə gedəcəyi ölkədə miqrasiya idarəsinə təqdim edəcəyi “fakt”lar olur.

2. Həmin insanların viza alarkən külli miqdarda rüşvət verməsi və bununla da öz şabaşları üçün pul toplama. Səfirliklərdə adamlarının olması barədə məlumat verirlər və viza işini həll etmək üçün vətəndaşlardan kifayət qədər rüşvət alıb yarısını öz adamlarına verirlər, yarısını da öz ciblərinə qoyurlar.

3. Avropaya çatan insana dəstək məktublarının verilməsi. Bunu xüsusən Avropada siyasi fəal şəxslər müəyyən məbləğlər qarşılığında edir. Misal üçün Qənimət Zahiddən belə bir sənəd almaq 300 Dollar, Orduxan Teymurxandan 500 dollara başa gəlir.Başqaları da var.

4. Avropada təşkil etdikləri aksiyalarda aktiv iştirak. Həmin mühacirlərdən təşkil olunan aksiyalarda ailəsi ilə birgə aktiv iştirak etmək və öz sosial şəbəkə hesablarında çox sayda radikal çağırışlı mətinlər paylaşmaqla “ölkəyə qayıtsam bu sözlərimə görə məni həbs edərlər” rəyi yaratmaq. Və bunu scren edib öz işlərinə əlavə etmək.

5. Saxta sənədlərlə təmin etmə. Bu iki formada olur və biri digərini tamamlayır. Əvvəlcə köhnə tarixlə AXCP–nin üzvlük vəsiqəsi satılır. Daha sonra dəstək arayışı satılır. Bir sual çıxır ortaya AXCP-nin möhürü axı Ədliyyə Nazirliyi tərəfindən müsadirə olunub. Necə olur indi sizə təqdim edəcəyim sənədləri AXCP funksiyanerləri imzalayıb möhürləyir?

Baxın bu AXCP sədrinin müavini Gözəl Bayramlının imza və möhürlü dəstək məktubu.

Bu da AXCP təşkilat şöbəsinin müdiri Saqif Qurbanovun imzalı, möhürlü təqdim etdiyi arayış.

Sənədlər, faktlar. Amma sualımız cavabsız qaldı axı. 2016-cı ildə hansı möhürlə hazırlanıb bu sənəd. Fotoşop ola bilməz. Cünki Avropa miqrasiya idarəsini bununla aldadtmaq olmaz. Hər bir sənəd ciddi ekspertizadan keçir. Bəs necə? Diqqət. İndi eşidəcəksiz. Ədliyyə Nazirliyinin məlum möhürü müsadirə edəcəyi ehtimalı ortaya çıxanda indi istifadədə olan ehtiyat möhürlər hazırlatdırılıb. Sonradan biznesi daha təhlükəsiz etmək üçün bu möhürlərin bir neçəsi Avropaya göndərilib. Söhbət hazırda Əli Kərimlinin ən çox etibar etdiyi qardaşı oğlu İnqilab Kərimovda olan möhürdən gedir. Bu möhür Əli Kərimlinin nəzarəti altında biznes fəaliyyətində istifadə olunur. Bir ara bu işə Avropada vətəndaşlığı olan Fikrət Hüseyinli rəhbərlik edirdi. Sonradan o pul məsələsində Əli Kərimlini aldatdığı üçün işə rəhbərlik Türkel Azərtürkə tapşırıldı.

Bəs digər saxta sənəd – guya polisdə axtarışdadı, prokrorluqdan çağırış və s sənədləri necə düzəldilir. Yəqin hamı bilir ki, Türkel Azərtürkün videoda dediyi məbləğə - 300, 400 dollara heç bir dövlət məmuru belə sənəd verməz. Nəzərə alaq ki, dövlət qurumlarında möhür adi işçidə olmur. Bəs necə olur?

Ukraynada saxta möhürlərin hazırlanmasını həyata keçirən mafia var. Həmin bu işi görənlərə istənilən möhürün eskizini versəniz normal möhür ala bilərsiniz. Xatırlayırsınzsa, Fikirət Hüseyinli sədri Əli Kərimli ilə arası pozulanda həmin möhürləri düzəltmək üçün məhz Ukraynaya getmişdi və orada saxlanılmışdı. Hollandiya vətəndaşı olmasına görə onu Amsterdama deportasiya etdilər. Baxmayaraq ki, saxta sənədlərin düzəldilməsi ilə bağlı barəsində ciddi faktlar vardı və bu cinayətlərinə görə o Azərbaycana təhvil verilməli idi.

Xülasə, hazırda əlində dövlət qurumlarının, xüsusən hüquq-mühafizə orqanlarının düzəldilmə və orjinalından çox da fərqlənməyən möhür gəzdirənlərin nə qədər böyük təhlükə olduğunu anlamaq çətin deyil. Bir də bu möhürlərlə vətəndaşları aldadıb saxta sənəd satılması və kökü var deyilməsi...

İndi isə bu faktları əldə etdiyimiz mənbə barədə.Əlimizdə mühacirətə getmiş bir vətəndaşın şifahi gündəliyi var. Real təhlil və informasiya mərkəzinə o özünün Bakıya deportasiya olunduqdan sonra əvvəlcə polisdə verdiyi ifadə barədə və sonradan dostlarına danışdıqlarını söyləyib. Niyə deport olunub və çatanda hava limanından niyə polisə aparılıb, bilirsiz? Axı bu qədər muhacir deport olunur və ya özü imtina edib geri qayıdır, niyə məhz bu şəxs saxlanılıb?

Adam öz ailəsi ilə muhacirətdə olarkən Hollandiya dövlətinə sənədlər təqdim edib. Biri də guya axtarışda olması ilə bağlı Azərbaycan Hüquq – Mühafizə orqanları adından sənəd. Hollandiya Miqrasiya idarəsi sənədin doğruluğunu yoxlamaq üçün müvafiq quruma sorğu göndərib. Və sənədin saxta olması aydın olub. Dərhal sonra həmin ailəni Bakıya geri göndəriblər. O da çatan kimi saxta sənədlərə görə polis tərəfindən sorğuya alınıb. Vətəndaş da öz növbəsində həmin saxta sənədləri Türkel Azərtürkdən aldığını deyib. Bu ifadəni dəqiqləşdirmək üçün Türkel Azərtürkə qarşı keçirilən əməliyyat zamanı ortaya çıxan faktları da gördüz.

İndi isə musiqi sifariş vermək lazımdır. Bunun üçün pul artıq var. Kiçik bir musiqi fasiləsinə çıxaq:

Tanış olun, bu sındıra-sındıra oynayan, Əli Kərimlinin qardaşı oğlu, partiyanın Avropada əsas etibarlı pul toplayanı, bayaq haqqında danışdığımız saxta sənədləri möhürləyən İnqilab Kərimovdur. Azəbaycanı demokratik, şəffaf idarəçilik metodu ilə idarə etməyə iddialı olan, özünə “ana muxalifət” deyən AXCP-nin və onun qara büdcəsinin əsas funkisionerləri. Göyə euro səpən, mühacir biznesi ilə məşğul olan, saxta sənədlər düzəldən, səfirliklərdə rüşvətlə iş gördüyünü iddia edən... Və onlar Azərbaycanda siyasi cəhalətin avanqardlarıdır. Onlar-məhz onlar, 26 ildə beyinləri “istefa!” və “azadlıq!” adlı cəmi iki sözü daşımağa qadir olan, üçüncü sözə qısa qapanma verən məxluqlar. Əli Kərimli və onun ətrafındakı insanlar heç bir mənəvi yeniliyə, innovativ təfəkkürə malik deyil. Bu gün Azərbaycanı idarə etməyə hazır olduğunu iddia edən provinsial şüur sahibi heç anlamır ki, partiya nədir və onu niyə yaradırlar? Deyəsən bu barədə bir dəfə danışmışdım. Partiyanı siyasi lider gələcək iqtidarın maketi kimi qurur. Hakimiyyətə gələcəyi halda dövlətin taleyilə eksperiment etməsin deyə bunu partiyasında edir. Yəni təlim keçir. Partiyanın səhiyyə, kənd təsərrüfatı , maliyyə, təhsil, mədəniyyət , müdafiə və s. üzrə şöbələri, bölmələri gələcək nazirlərin məşq yeri olur. Partiyanın rayonlarda, kəndlərdəki nümayəndəlikləri isə, əyalətlərdə rəhbər olmaq istəyənlərin təlim düşərgəsi olur. Orta məktəbdə iki qiyməti almış, ali təhsili olmayan, ən yaxşı halda sadə fəhlə-kəndli fəaliyyətilə barışmalı olan, qeyri-peşəkarlığına görə işsiz qalmış güruh nümunələrindən ibarət daşınmaz kütlə yaradan Kərimlikimilərin nəinki rəhbərlik, heç Perinbel kənd nümayəndəliyini idarə etməyə belə potensialı yoxdur. Əli Kərimli olsa-olsa bir zamanlar Həsən Əliyev küçəsindəki qarajlarının, moyka, təmir, yağdəyişmə sexlərinin iddiaçısı ola bilər. Onun Avropadakı dayaqları isə yalnız belə siyasi eybəcərlərdir. Baxın və görün bu adamların antropoloji portreti hansı gələcəyi vəd edir. Əli Kərimlinin təqvimində gələcək deyilən anlayış yoxdur. Onun təqvimində bütün səhifələr geriyə cırılır. Buyurun baxın. Biz dördüncü sənaye inqilabından danışırıq. Yeni Planetçilik nəzəriyyəsi. Əli Kərimli isə BBC-yə müsahibə verir. Özü də oturub 1991-ci ilin içində.

Bir də bilirsiz İlham Əliyevlə opponentlərinin fərqi həm də nədədir? Opponentlər xalqı öz ayağına çağırır. Məhsula gəlin, filan yerə gəlin, ordan da filan yerə və s. İlham Əliyev isə xalqın ayağına gedir. Onların öz xalqı var. Bir ovuc, özü də qara güruh formatında, savadsız, cahil, yalnız dağıdıcılığa söykənən siyasi-intellektual əlillikdən və özünü böyütmə kimi psixoloji problemdən əziyyət çəkən zavallılardan ibarət kütləyə onlar xalq deyir. Populist, evdar-serial qadınları səviyyəsində danışan və düşünən, 89-90-cı illərin şüarlarını saralmış beyinlərinin divarlarına Azadlıq qəzetinin səhifələri kimi yapışdırıb bu günə daşıyan bu insanlar 26 ildir ki, mən liderəm, mən liderəm, mən sabahın prezidentiyəm, mən sabahın baş naziriyəm deyə-deyə şizofreniyanın ən ağır formasını yaşayırlar. Axı fayton təfəkkürü ilə süni peyk dövlətini anlaya bilməzsən. Əli Kərimlinin üzü guya Avropaya Qərbə sarı olsa da son mənzil başı, kompası Ərəb inqilabının xarabalıqlarını göstərir. Azərbaycanda inqilab. Rejim getsin burda super demokratik mühit yaradacağıq deyə beyinyumaqla məşğul olan Əli Kərimli güruhu əslində xaos sağsağanıdır. Belə şüarlarla bir zamanlar Liviyanı da, aldatmışdılar. Misiri də Suriyanı da. Sonra nə oldu? Bu inqilabların məhv etdiyi dövlətlərin xalqları parça-parça, pərən-pərən oldular. Avropa boyu dərbədərləşdilər. Onların bərələri, qayıqları Azadlıq adasına gedib çıxa bilmədi. Aralıq dənizlərində, çaylarda batdılar. Boğuldular. Canlarını birtəhər qurtaranlar isə bir zamanlarkı təvazökar, bəlkə nisbətən kazıb amma amma etibarlı evlərini, mənzillərini sərgərdan çadırlarına, kamplara dəyişdilər. Budur Əli Kərimlinin sadəlövh, məlumatsız insanlara vəd etdiyi gələcək. Bir şeyi anlamaq lazımdır ki, dünyada inqilab texnoloqlarının əlahiddə götürülmüş bir müsəlman respublikası üçün hazırladığı ideal, dinc, sonu daha yaxşı olmağa hesablanmış resepti yoxdur. Bütün müsəlman xalqlarını eyni cür aldadır, müxtəlif ölkələrdə bədbəxt tale yaşamağa məhkum edirlər. Beləliklə, Eynulla Fətullayev və İdris Heydərovun “Ölümə səfər” sənədli filmini təqdim edirəm. Filmdən sonar studiyaya qayıdacağıq. Baxın. Biz göstəririk. Allah göstərməsin!

İndi isə Azəbaycana qayıdaq. Öz xoş bəxtimizə və dövlətimizə. Mədəniyyət Naziri Əbülfəs Qarayevin müsahibəsini təqdim edirəm. Baxaq və bir daha əmin olaq ki, qaragüruhla xalq tam fərqli zaman ölçülərində yaşayır. Bura Planetar Azərbaycandır! Salamat qalın. (Realtv.az)

Mir Şahin

REAL TV-nin Baş direktoru