Demokratiya tək qaranlıqda ölür? Demokratiya tək qaranlıqda ölür?

“Ərəb Xədicə”, “Vaşinqton Post”un “ayaqyalın” məntiqi və Kolin Pauelin məşhur fotosu...- Aydın QULİYEV yazır

Demokratiya tək qaranlıqda ölür?

“Demokratiyanın zülmətdə ölməsi” yeni fikir olmasa da, bu günlərdə tanıdığımız “məşhur Xədicə” barədə “Vaşinqton Post” qəzetinin məqaləsini oxuyandan sonra qəzetin neçə on illərdən bəri deviz seçdiyi həmin fikri bir daha götür-qoy etməyə ehtiyac yarandı. Qaranlıq və şübhəli mühitdə demokratiya həqiqətən məhv olur və bunu inkar etmək doğru olmazdı. Ancaq tək bu deyil...

Demokratiya o qədər zərif və incə bir sosial idarəetmə fenomenidir ki, təkcə qaranlıqda yox, başqa motivlərlə bulandırılan, qarışdırılan mühitdə də məhv ola bilirmiş... Üstəlik, demokratiyanın qaranlıq mühitləri öz parlaq ziyası ilə yox etmək, hər şeyin üstündəki pərdəni açmaq, nələrisə ört-basdır etmək cəhdlərini ifşa etmək funksiyası da var imiş... Demokratiyanın həm də bir öldürücü və işıqlandırıcı silah olduğunu nəzərə alsaq, deməliyik ki, demokratiyanı təkcə “qaranlıqda ölən fenomen” kimi görən “Vaşinqton Post”un təsəvvürü az qala arxaikləşmək səviyyəsində köhnəlib. Demokratiya yalnız deyilən mahiyyətdə, yəni “qaranlıqda ölən fenomen” olsaydı, “Vaşinqton Post”un məntiqinə görə, dünyada heç bir yerdə, elə ABŞ-ın özündə də demokratiya qalmazdı ki... Harda korrupsiya, təqib, təzyiq yoxdu ki?! Ancaq bunların mövcud olduğu ölkələrdə də demokratiya var ola, inkişaf edə və mövcud neqativləri islah edə bilir. Demək, “Vaşinqton Post”un köhnəlmiş məntiqinin tam əksinə olaraq, demokratiya qaranlıq və alatoran mühitdə dimdiyindən tutulmuş balaca sərçə kimi tez canı çıxan zəif bir fenomen yox, bundan daha artıq olaraq həm qarşısında, həm də ayaqlarının dibində öz əhatəsindəki neqativləri öldürən, üstünə işıq saçan təsirli silahdır.

Beynəlxalq təşkilatı Xədicəyə 19 min dollarlıq dəstək jestinə vadar edən nədir?

ABŞ-ın ən nüfuzlu qəzetlərindən olan “Vaşinqton Post”un tanıdığımız “məşhur Xədicə” barədə məqalə dərc edərkən demokratiyanın həm də öldürən və işıqlandıran bir silah olması faktoruna nə dərəcədə önəm verib-vermədiyini bilmirik. Ancaq Xədicə barədə Azərbaycan cəmiyyətinin, demək olar ki, tam bələd olduğu informasiyaları yeni məqalə kimi təqdim edən “Vaşinqton Post”un rəhbərliyinin həqiqətən mətbuat azadlığı, həqiqətən demokratiya, həqiqətən gizli dövlət inhisarlarından tam sərbəst qəzet olduğu ciddi şübhələr qarşısında qalır. Bir Xədicənin aid olduğu məsələni əsas götürərək dövlətçi və vətənpərvər jurnalistlər və media orqanları üçün bir sıra mütərəqqi dəstək üsullarının nəzərəçarpan böyük nəticələrini kənara qoymaq, medianın ən etibarlı himayədar kimi dövlətə sığınmasını Azərbaycanda mətbuat azadlığının olmaması kimi ümumi ittihamçılıqla yozmaq nə qədər ədalətli və ehtivalıdır? Xədicə kimi “hissəcikdən” yapışaraq İlham Əliyevin, hətta Heydər Əliyevin fəaliyyətinə qiymət vermək kimi əslində əlaqəsiz mətləblərə gəlib çıxmaq sağlam qəzetçilik mövqeyinin ifadəsinə oxşamır. Burada bəlkə elə Xədicənin özünün də indiyə qədərki fəaliyyətlərini yönləndirmiş “arxa mövqe qüvvələrinin” izlərini görməmək mümkün deyil. Xədicənin hansısa beynəlxalq təşkilatın mükafat kimi ayırdığı 19 min dolları indiyə qədər ala bilməməsi barədə narahatlıqları bölüşmək olar. Həqiqətən almalı və nuşicanlıqla xərcləməlidir. Ancaq beynəlxalq təşkilatın 20-30 min dollarlıq mükafatına layiq olmaq üçün Xədicə kimi mütləq yolu həbsxanadan düşmüş jurnalist olmaq kriteriyası çox çirkin görünür. Xədicədən də cəsarətli və peşəkar jurnalistlər var və olub ki, həbsxana çətinliklərindən keçmədən əl tutulası nə qədər problemlər yaşayıblar... Ağır xəstəliyə tutulmuş bir məşhur qələm sahibinə birbaşa yardım əli uzatmaq istəyən beynəlxalq təşkilat olsa, Azərbaycan hökuməti ona yoxmu deyər?! Xədicənin nəyi və hansı hərəkəti bəlli beynəlxalq təşkilatı 19 min dollarlıq “səxavət jestinə” məcbur edə bilir? “Məşhur Xədicənin” illərdi ki, Azərbaycan barədə silsilə məqalələr yazdığı mövzuları biz də, “Vaşinqton Post” rəhbərliyi də bilirik. Əlbəttə, Azərbaycanın neft, qaz, mədən, bank, maliyyə, daşınmaz əmlak sektorlarının antikorrupsiya araşdırmaları üçün qapalı mövzulara çevrilməsini iddia etmirik. Elə Xədicə üçün də qapalı bir şey olmadı. Doğru yazdıqlarının da, qərəzlə yazdıqlarının da hamısının “bəhrəsini” gördü. Gördüyü “bəhrə”nin xüsusi çəkisində obyektiv jurnalist qələmi və qərəzli intiqamçılığın hansının payının çox ya az olduğunu Azərbaycan ictimaiyyəti yaxşı bilir. Xədicə obyektiv araşdırmaçı jurnalist iradəsini sona qədər qoruya bildimi? Araşdıqmaçılıq yollarının hansı “nöqtəsində” kənar “yönətimçilərin” bu iradəni hədəflərlə uzlaşmayan yararsız nəsnə kimi boğub kənara atdıqlarını, ictimaiyyət olmasa da, Xədicə özü bilməmiş deyil.

Nədən Əli Kərimlinin övladlarının maliyyə qaynaqları yox, İlham Əliyev...

“Vaşinqton Post” rəhbərliyinin və kənar “yönətimçilərin” bilməli olduqları digər nəsnələr də var. Mən kimsənin, o cümlədən də Azərbaycan Prezidenti İlham Əliyevin və onun yaxın çevrəsinin fəaliyyətlərinin sağlam təftiş bucağından kənar tutulmasının bir normaya çevrilməsini tələb etmək fikrində deyiləm. Belə yanaşma cəmiyyətimizə heç bir saflaşan reallıq və dinamik perspektiv vəd edə bilməz. Ancaq Xədicənin tək İlham Əliyevi və onun yaxın ətrafını təftiş süngüsünün çoxillik hədəfinə çevirməsi yalnız iki motiv daxilində başa düşülə bilər: təmənnalılıq və qərəzlilik. Əgər kimsə ictimai diqqətin yalnız ölkə prezidenti olaraq İlham Əliyevin üzərinə yönəldiyini arqument kimi gətirsə, burada sadəcə “pardon və stop”! Son illər ictimai diqqətin artan templə yönəldiyi başqa bir subyekt-persona da var axı... Milli Şuraçı Əli Kərimlinin xaricdə yaşayan və oxuyan övladlarının maliyyə qaynaqları ilə bağlı məsələ, Xədicənin bunu istəyib-istəməməsindən asılı olmayaraq, artıq öz cavabını, izahını gözləyən suallar kimi ictimai rəyə oturub. Əgər Xədicə “məşhuri-cahan” araşdıqmalarının bir neçəsini bu istiqamətə kökləyərək, növbədə mühacirlərin İnternet TV-lərinin arxasında erməni pullarının olub-olmadığını araşdırmağın da olduğunu desəydi, onun İlham Əliyev barədə “araşdırma materialları” kimi ora-bura soxuşdurduğu yazıları ciddi qəbul etmək olardı.

Xədicə ermənilərin korrupsiyasını araşdırsa, “Vaşinqton Post”un qapıları onun üzünə həmən bağlanacaq...

“Vaşinqton Post” rəhbərliyinin Xədicənin “korrupsiya araşdırmalarına” bu qədər birtərəfli aludəçiliyinin səbəbləri olmamış deyil. Bu səbəblərin arasında qəzetin “yönətimçi rəhbərliyinin” ermənipərəst, ya da anti-Azərbaycan qüvvələrlə ilişkilər içində ola bilməsi versiyasını heç cür kənara qoymaq olmur. Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş torpaqlarında talan edilən sərvətlər Xədicəyə də, “Vaşinqton Post” rəhbərliyinə də “kəşf edilməmiş Amerika” deyil. Talan edilmiş sərvətlər üzərində qurulan korrupsiya zəncirinin rəsmi İrəvandan başlayan ucları ta ABŞ-a, rəsmi Vaşinqtona, elə “Vaşinqton Post”un özünə qədər uzanır. Trampın “erməni oyunları”ndan əzəl başdan uzaq durması fonunda İrəvandan gələn korrupsiya uzantıları bir qədər dəbdən düşmüş kimi görsənsə də, olub, var və olacaq. Təəssüf ki, erməni talanları üzərində İrəvandan başlayan korrupsiya zəncirinin “araşdırmaçı aşıqınə” çevrilmək nə Xədicənin yadına düşür, nə də “Vaşinqton Post”un əliuzun rəhbərliyi ona bunu “xatırladır”. Sadə səbəb var: Xədicə ermənilərin korrupsiyasını araşdırsa, bu gün taybatay açılan “Vaçinqton Post” qapıları dərhal onun üzünə qapanacaq.

Görəsən, “Vaşinqton Post” öz müxbirinin, bir tanınmış jurnalistin İstanbulda konsulluqda tikə-tikə doğranaraq qətlə yetirilməsi kimi bəşəri cinayətin sonluğuna yetişmədən gündəmdən düşməsi ilə niyə belə tez barışır? Məntiqlə, bu qəzetin hər günlük sayı üz qabığında bədbəxt Kaşıkçının şəkli ilə açılmalı olduğu halda, biz nə görürük? “Vaşinqton Post” Kaşıkçının qətlində birbaşa suçlanan Səudiyyə şahzadəsinin korrupsiya içində olub-olmadığını araşdıran bir “Ərəb Xədicə” tapıb ortaya çıxara bilməzdimi? Ya elə bizim “məşhur Xədicə” özü Trinidad-Tobaqodan vurub Baham adalarından çıxaraq İlham Əliyevə aid bank hesabları düzüb-qoşduğu kimi eyni fəaliyyəti Səudiyyə, Küveyt, BƏƏ şeyxlərinin və şahzadələrinin üzərinə yönəldə bilməzmi? ABŞ-ın “qüsursuz dostları” olan bu dövlətlərdə korrupsiyanın “Vaşinqton Post” üçün nə qədər açıq mövzu olduğunu bilmək maraqlı olardı, deyilmi? Ancaq bilə bilərdik. Əgər “məşhur Xədicə” azacıq vətənpərvər olmağı bacarsaydı və korrupsiya araşdırmaçılığı gücünü ABŞ-ın “qüsursuz dostları” olan ərəb dövlət rəhbərlərinin üzərinə yönəltsəydi... Ancaq bilə-bilə ki, Azərbaycanın bütün bankları İlham Əliyevin bircə kəlmə sözünə bənd olduqları üçün Prezidentin hansısa xarici ölkə banklarında hesab açmağa ehtiyac duymasını söyləmək məntiqsizlikdir, yenə də olmayan hesabları axtarmaq kimi yollarda ütünməkdən çəkinmir. Çünki bu yollarda cəfakeşlik onun özündən başqa kimlərəsə də gərəkdir...

Kolin Pauelin 2003-cü ildə əlində Səddamın ampulasını tutmuş fotosu və...

Görəsən azad mətbuatçılıq, tərəfsiz informasiya daşıyıcılığı iddiası ilə Xədicəyə “qucaq açan” və Azərbaycan mediasını qeyri-azad sayan “Vaşinqton Post” 2003-cü il fevralın 5-də o zamankı dövlət katibi Kolin Pauelin BMT TŞ-da “Səddamın nüvəsidir” deyərək bir ampulanı nümayiş etdirdiyi foto ilə İraq alt-üst edələndən sonra həmin Pauelin məşhur “Səddamın nüvə silahı yox idi, biz yanıldıq” müsahibəsini yenidən yanaşı çap edə bilərmi? Bilsə, Xədicə barədə iddiaların səmimiliyinə inanmaq olar. “Diktator” deyərək Əsədin başına od ələdiyi halda, ABŞ-ın Səudiyyə, Bəhreyn, Qətər, BƏƏ, Yəmən kimi ölkələrin rəhbərlərinin başını tumarlamasının səbəbləri barədə bir analitik yazı da “Vaşinqton Post”un səhifələrində görünsəydi çox maraqlı olardı. Onda tam inanmaq olardı ki, “Vaşinqton Post” “dərin dövlət”in ruporu yox, həqiqətən saf media prinsiplərinə söykənən informasiya orqanıdır. “Vaşinqton Post” belə təhlillərə ehtiyac olduğuna dair hər hansı eyham vursa, bu işi təmənnasız şəkildə şəxsən yerinə yetirmək imkanında olduğumu, məcburi qeyri-təvazökarlığa məhkum formada olsa da, demək istəyirəm. Normal qəzetləri, siyasi partiyaları, siyasi tənqid institutu, seçki sistemi olmayan bu ölkələri kölgədə buraxaraq bir Xədicəyə görə Azərbaycanı qaralamağın adı “Vaşinqton Post” yox, İKİLİ STANDARTdır.

Demokratiyanı öldürən təkcə qaranlıq və zülmətlər deyil. İkili standartlar demokratiyanın daha amansız qatilləri sırasına keçməkdədir. “Ərəb Xədicə”ni axtarmaq və “Vaşinqton Post”un devizini bu cür dəyişmək vaxtıdır:”İKİLİ STANDARTLAR DEMOKRATİYANI ÖLDÜRÜR”.