“Siz, hələ müxalifətdəsiniz belə edirsiniz, görün, iqtidarda olsanız jurnalistlərin başına nə oyunlar açardınız?” “Siz, hələ müxalifətdəsiniz belə edirsiniz, görün, iqtidarda olsanız jurnalistlərin başına nə oyunlar açardınız?”

Müxalif jurnalistin AXCP-yə müraciəti: ”Mən, sizin qurmaq istədiyiniz Azərbaycandan qorxuram!”

“Siz, hələ müxalifətdəsiniz belə edirsiniz, görün, iqtidarda olsanız jurnalistlərin başına nə oyunlar açardınız?”

Son illər müxalifətin sosial bazası tükənən radikal qanadı “məhsuldar” olmayan mitinqlər keçirməklə, sosial şəbəkələrdə söyüş, təhqir ritorikası ilə danışmaq, asan şəkildə dezinformasiyalar yaymaqla, öz fəaliyyətini uğursuz şəkildə qurur. Bu da azmış kimi, tez-tez müxalifət daxilində gərginliklər də yaranır ki, bütün bunlar da cəmiyyətdə müxalifətə olan mənfi münasibəti birə- beş artırır. Gərginliklər o qədər çox, fərqli-fərqli partiya və siyasətçilərdən qaynaqlanır ki, adam bilmir hansı birindən söz açsın.

Hələ AXCP-ReAl qarşıdurması bitməmiş, indi də müxalifətdə yeni gərginliyin anonsu verilib...

Belə ki, radikal müxalifət partiyası kimi tanınan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalları, özlərinə məxsus trol ordusu ilə, partiya sədrindən yeni hücumlarla bağlı tapşırıqlar alıblar. Nahid Cəfərovun agent olması ilə bağlı hazırlanan videodan tutmuş, Cəmil Həsənlinin onun haqqında xoşagəlməz sözlər işlətməsinə qədər, bir neçə hadisə sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bunlardan ən diqqətçəkəni isə partiya mənsubiyyəti olmayan, amma hakimiyyəti də tənqid edən bir jurnalistə qarşı cəbhəçi trolların hücumdur. Belə ki, ABŞ-da yaşayan jurnalist İsmayıl Cəlilov hakimiyyət əleyhinə verilişlər və statuslar paylaşmasının fonunda gözlənilmədən müxalifətdən-ƏIi Kərimlinin trol ordusundan ağır söyüş və təhqirlər aldığını deyib.

O paylaşdığı videoda haqlı olaraq Əli Kərimliyə bir neçə sual da ünvanlayıb ki, “hələ hakimiyyətə gəlməmisiniz, neytral jurnalistlərə qarşı belə davranırsınız, hakimiyyətdə olsanız, görün azad medianın başına nə oyunlar açardınız”.

Statusu olduğu kimi təqdim edirik: “Hamının tanıdığı Ruslan İzzətli mənim efirimdə Əli Kərimlini çox yumşaq şəkildə tənqid etmişdi. Başqa sözlə, onun hər hansı bir gücə malik olmamasını sorğulamışdı. Jurnalist olaraq öz efirimdə heç vaxt təhqirə icazə vermərəm. Həmin efirdə belə bir hal da olmadı. Amma AXCP-nin trolları tökülüşərək, iki gündür ki, ən ağır söyüşlərlə məni təhqir edirlər. Adi bir tənqidə bu qədər söyüşlə cavab verən bir qrupa nə deyəsən? Axşamdan fikirləşirəm ki, neçə vaxtdır düşünürdüm yol yoldaşıyıq, demokratiya uğrunda mübarizə aparırıq. Sən demə, mən nələri düşünürəmmiş, gör bunlar nələri düşünüblər... Əli Kərimli mənim efirimə gəlmir, çünki mənim kanalımı balaca sayır. Bunu başa düşdük. Amma məni izləyən azdırsa, 4 min nəfərin izlədiyi, yeni başlayan bir balaca kanaldan tərəfdarların qorxurlar axı? Niyə gecə- gündüz sənin trollarının söyüşlərini təmizləməyə vaxt aparmalıyam? Bunlar sənin tərəfdarlarındır da, hökumətin deyil ki. Öz tərəfdarlarınızı məlumatlandırın ki, mediaya basqı etmək olmaz. Siz bu strateji sükutla, görməzdən gəlməklə müstəqil işləməyə çalışan mediadan rəğbət qazanmırsınız. Budur sizin tərəfdarların seçdiyi yol? Mən “CNN” deyiləm, “Meydan TV”, Sevinc Osmanqızı belə, deyiləm. Sizin ardınızca gedən məxluqlar nədən qorxur? Niyə müstəqil mediaya bu qədər təzyiq göstərirsiniz? Məndə şübhə və qorxu yaranır ki, siz hakimiyyətə gəlsəniz, nə kimi cəmiyyət qurarsınız? Siz hələ müxalifətdəsiniz, görün sizin şərait yaratdığınız tərəfdarlarınız nələr edirlər. İqtidarda olanda jurnalistlərin başına nə oyunlar açacaqsınız? Budur sizin gələcək Azərbaycan vizionunuz? O ki qaldı gələcək baxışlarınıza, dünən sizi Osmanqızının verilişində izlədim, iki saata yaxın danışdınız gələcək haqqında, platformanız haqqında bir söz belə, eşitmədim”.

Daha sonra jurnalist vurğulayır ki, onun çox sualları var idi, artıq Əli Kərimlini bitərəf medianın dostu saymır. O bildirib ki, Kərimli tərəfdarlarını normal şəkildə təlimatlandırmalıdır: “Bilmirlər, öyrədin. Lider deyilsiniz? Liderlik nədir bəs? Liderlik budur bax- deyəsiniz ki, camaat, partiya adından trolluq etməyin, bizi gözdən salıb söyməyin, Elçibəyin irsini çamura bulaşdırmayın və s. Görün, AXCP-nin trolları profilimdə nə biabırçılıqlar yazırlar. Nəyə görə? Bir cümlə tənqidə görə. Konstruktiv tənqid idi, sizi söyüb biabır edən olmadı axı. Buna mən də icazə verməzdim. Amma bu nə hərəkətlərdi? Mənə kişilik öyrədənlər bu hərəkətləriniz kişilikdirmi bəs?! Çıxın gələcəkdə qurmaq istədiyiniz ölkəni açıqlayın. Müstəqil medialara bu cür alçaqcasına hərəkət edən iqtidarçı olacaqsınız? Budurmu sizin qurmaq istədiyiniz gələcək? Mənim kanalımı cəmi 4 min adam izləyir. Biz də sizin üçün təhlükəyik? Mən zamanında sizin partiyanıza səs vermişəm. Düşünmürsüzmü ki, sizə pozitiv, simpatiya ilə yanaşan adamları özünüzə qarşı qaldırırsız? Əli Kərimli peyğəmbər olub, bəlkə xəbərim yoxdur? Tənqid etmək olmaz onu? Bu imiş sizin azad, demokratik ideyalarınız? Ən ağır ailə söyüşlərinə qədər belə, eşitdim. Bisavad sürü bir söyüşü belə, düzgün yaza bilmir... Sizsiniz müstəqil Azərbaycanın gələcəyi? Hələ əlinizdə xüsusi xidmət orqanları yoxdur belə iyrənc oyunlardan çıxırsınız, görün ixtiyar əlinizdə olsa, müstəqil mediaya təzyiq üçün nələr edərdiniz. Mən sizin qurmaq istədiyiniz Azərbaycandan qorxuram!”

Doğrudan da bütün bu olanlardan sonra düşünürsən ki, Əli Kərimli siyasətçi yox populistdir, onun tərəfdarlarının böyük əksəri də daim hücuma hazır vəziyyətdə olan, beyni yuyulmuş robot ordusudur... Artıq bloggerliklə məşğul olan kimi tanınan Əli Kərimlinin yalnız müstəqil düşüncəli jurnalistlərə deyil, öz partiya üzvlərinə qarşı da amansız davranmalarının şahidi olmuşuq. Həbsə atdıraraq onlar üzərindən şoular düzəldib... AXCP-yə gələn üzvlərin çoxunun isə savadsız gənclər olması bir daha bu jurnalistə olan hücumlardan bəlli oldu. Kərimli onlardan zombi kimi istifadə edir. Bu partiyanın məqsədi hakimiyyətə gəlmək olmalı idi, amma AXCP-nin məqsədi ana müxalifət olmaq, fərqli ideologiya ortaya çıxanda, onu boğmaq, “lideri” tənqid edən olanda linç etməkdir... ABŞ-da yaşayan jurnalist haqlı olaraq sual qoyub ki, “Əli Kərimli, sənin platforman varmı?”. Doğrudan da AXCP-nin hakimiyyəti idarə etmək üçün elit, savadlı kadrları varmı? 20 ildən artıq bir müddətdə partiyanın daxilində Əli Kərimlini əvəzləyəcək bir yeni, güclü, savadlı, idarəçi kadr tapılmadı. “Kreslo”dan möhkəm yapışan, tənqidə açıq olmayan, demokrat olmayan biri cəmiyyətə hansı demokratiyadan danışacaq? (palitranews.az)

Tural Tağıyev

AzNews.az