İlham Əliyev mifləri dağıtdı: bundan sonra nələr olacaq?

1995-ci ildə yaradılan Prezident Administrasiyası ilk dəfədir bu cür siyasi “zəlzələ”yə məruz qalırdı və bəziləri hətta düşünürdü ki, oranın “sütunları” heç vaxt dəyişməyəcək

Azərbaycan prezidenti İlham Əliyev Prezident Administrasiyasında (PA) hələ 2 il əvvəl başlatdığı struktur islahatlarını həftəsonu tamamladı. Yada salaq ki, hələ 2017-ci ilin oktyabrında dövlət başçısı Administrasiyada struktur dəyişikliyinə start vermişdi. Əgər həmin günlər bu prosesin sonunda PA-dan kimlərin gedəcəyini, onların əvəzinə isə kimlərin gələ biləcəyini təxmin etmək olsaydı, indi həmin adamların öncəgörən olduğuna kiminsə şübhəsi qalmazdı. Amma o da qeyd edilməlidir ki, kadr dəyişikliyinin miqyası o qədər əhatəlidir ki, belə bir mənzərəyə heç indi də inanmaq olmur...

1995-ci ildə yaradılan PA ilk dəfədir bu cür siyasi “zəlzələ”yə məruz qalırdı və bəziləri hətta düşünürdü ki, oranın “sütunları” heç vaxt dəyişməyəcək. Prezident həm də illərə söykənən bu mifi dağıtdı, iqtidarda onun qələmindən güclü heç bir qüvvənin olmadığını göstərdi.

Rusiya siyasətini izləyənlər təsdiq edə bilər ki, 2016-cı ilin yayında prezident Vladimir Putin öz Administrasiyasında ciddi dəyişikliyə qərar vermiş, gözlənilmədən ən yaxın adamlarından biri Sergey İvanovu Təhlükəsizlik Şurasında üzv saxlamaqla işdən azad etmiş, ondan boşalan vəzifəni isə 44 yaşlı Anton Vaynoya həvalə etmişdi. Putin hakimiyyətdaxili qüvvələrin balansını saxlamaq üçün nədənsə, daha ciddi struktur və kadr dəyişikliyinə getməmişdi. O vaxt mətbuat Rusiya prezidentinin hakimiyyətdaxili qüvvələri hərəkətə gətirməmək üçün buna risk etmədiyini iddia etmişdi. Əlbəttə ki, Rusiyada komandadaxili vəziyyət bizim mövzumuz deyil, amma ölkəmizdəki ciddi dəyişikliklər fonunda xatırlatma yəqin ki, yerindədir.

Prezident Administrasiyası ile ilgili görsel sonucu

Prezident Administrasiyası hakimiyyətin can evi, “Ağ Ev”idir və oradakı ciddi kadr dəyişikliyi bütünlüklə ölkə siyasətinin dəyişməsi anlamına gəlir. Ölkənin sadə insanları, əyalətdə başı təsərrüfat işlərinə qarışmış adamlar gedən və gələn kadrların adlarını bəlkə də adbaad bilmir, bu yenilərin ölkəyə hansı xeyir gətirə biləcəyinin detallar ilə maraqlanmağa bəlkə vaxtları da yoxdur. Onlar bu ciddi dəyişikliyin əsas memarı - prezident İlham Əliyevə güvənir və əmindirlər ki, o, doğru olanı edir və bundan sonra da edəcək.

Ölkə siyasətindəki fəal kəsim isə bu kadr dəyişikliyinin miqyasından yaxşı mənada təəccüb içərisindədir və prezidentin yaxın aylarda daha nələr edəcəyini ciddi şəkildə təhlil etməklə məşğuldurlar. İndi cəmiyyətin fəal kəsimi daha çox bir sual ətrafında fokuslanır: bəs bundan sonra nə olacaq? Növbədə, məhkəmə-hüquq islahatları, bu strukturdakı mənfi halların aradan qaldırılmasıdırmı? Çünki bu sahədə də prezidentin xüsusi planı olduğu nəzərə çarpmaqdadır və bununla bağlı bəzi islahatlar bir müddətdir ki, başlayıb da...

İlham Əliyev ile ilgili görsel sonucu

Ümumiyyətlə isə ölkənin siyasi-ictimai nəbzi son aylar o qədər sürətli və dəyişik məkanlarda döyünməyə başlayıb ki, detallı təhlil etmək elə də sadə deyil. Məsələn, dəyişiklik qərarının kökündə yaş həddinin olmadığını prezident özü də qeyd edib. Dövlət başçısı yaşlı məmurlara münasibətdə həssas gedişinin kimlərəsə qarşı istifadə edilməsindən narazı olduğunu bəyan etdi və o ziyanlı təbliğat dayandı. Çünki doğrudan da, son olaraq Administrasiyadakı vəzifəsini itirənlər yaş senzinə düşmürdülər. Yəni bu aydın siqnaldır ki, prezidentin əsas məqsədi heç də “yaşlılar getsin, cavan kadrlar gəlsin” deyil.

Şübhəsiz ki, dövlət başçısının düşündüyü yeni idarəetmə modelini “pensiya islahatı” kimi dar çərçivəyə salmaq, bu boyda ciddi işə adekvat qiymətləndirmə deyildi. Prezidentin son addımları da göstərdi ki, baş verən sürəci hakimiyyətin “perezaqruska”sı kimi qiymətləndirmək naşılıqdır. Bu, tamamilə dəqiq hədəfləri olan ciddi yenilənmə, modelləşmə, yeni kursa yönləndirmədir. İlham Əliyev hakimiyyətinin yükünü bir yaşlı məmurun çiyindən daha cavanına dövr etmir və bu, yalnız kreslo sahibinin dəyişməsi deyil. Belə olsaydı, indiyədək hörmətli akademik, sabiq PA rəhbərinə, eləcə də digərlərinə elə o strukturun içərisində əvəzedici tapılardı.

Amma PA rəhbəri də daxil, dəyişdiyi kadrların hamısının yerinə yenilər kənardan gətirildi, hamısının üzərinə də konkret və ağır məsuliyyət qoyuldu. İndən sonra vəzifə də, kreslo da, səlahiyyət də ənənəvi üstünlüyə malik deyil. Müşahidələr onu deməyə əsas verir ki, indi vəzifədə irəli çəkilənlərə oturduqları kreslo əvvəlki kimi üstünlüklər, necə deyərlər, rahat həyat vəd etmir. Onların hər birinin üzərinə ağır məsuliyyət qoyulub. Bu adamlara şans verilib, böyük etimad göstərilib. Vicdanla, həm də prezidentin qurmaq istədiyi sistemə uyğun işləməlidirlər.

İlham Əliyev ile ilgili görsel sonucu

Konkret olaraq, son təyinatlara gəlincə, prezident köməkçiləri ilə artıq daha bir -Təhlükəsizlik Şurası (və ya İslahatlar Şurası) qurmuş kimi görünür. Bu köməkçilər hərbi məsələdən tutmuş (Məhərrəm Əliyev güc strukturu rəhbəri olmadan general-polkovnik rütbəsi almış ilk şəxsdir), ölkəyə investisiyaların cəlbinə (Neft Fondunda investisiya işini yaxşı bacarmış Şahmar Mövsümova bu görəv verilib) qədər ağır və məsuliyyətli iş üçün Administrasiyaya təyinat alıblar. Bu təyinatları indi təkcə müxalifət və ya digər tənqidçi mövqedə olanlar deyil, bu vəzifələri itirənlər də diqqətlə təqib edəcəklər.

Qarşıdan isə xeyli diqqət cəlb etmiş, bəzi müstəqil mövqeli şəxslərin demokratik keçəcəyinə inandığı üçün qatıldığı bələdiyyə seçkiləri gəlir. Bu həftə böyük ehtimalla, növbədənkənar parlament seçkilərinin vaxtı da bilinəcək. Beləliklə də, ölkə daha bir ciddi siyasi prosesə daxil olacaq.

Prezident İlham Əliyev hətta son vaxtlar sərt tənqid etdiyi müxalif qüvvələri də bu dəyişiklik prosesindən kənarda qoymadı. Yəqin ki, siyasi arenada qalmaq üçün onlara da son şans verdi... (“Yeni Müsavat”)