Vüqar Rəhimzadə: Seçiciləri YAP-ın namizədlərinə səs verməyə çağırıram

Qobu qəsəbəsində YAP tərəfindən bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülmüş şəxslərin seçicilərlə görüşü keçirildi

Dekabrın 9-da Yeni Azərbaycan Partiyasının (YAP) bələdiyyə seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası çərçivəsində Abşeron rayonunun Qobu qəsəbəsində seçicilərlə “Xalq üçün” şüarı ilə görüş keçirildi.

Görüşdə YAP Mərkəzi Seçki Qərargahı Abşeron rayon şöbəsinin sədri Bilman Vəliyev, partiyanın Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, bələdiyyə seçkilərində iştirak edən namizədlər, Qobu qəsəbə bələdiyyəsinin hazırda fəaliyyətdə olan İdarə Heyətinin üzvləri və qəsəbə sakinləri iştirak edirdilər.

Çıxış edən YAP Mərkəzi Seçki Qərargahı Abşeron rayon şöbəsinin sədri Bilman Vəliyev bildirdi ki, mahiyyət etibarilə 2019-cu il Azərbaycanda hərtərəfli islahatlar ili olub: “2018-ci ildən başlayaraq Azərbaycan özünün sosial-iqtisadi inkişafında tamamilə yeni keyfiyyət mərhələsinə qədəm qoyub və ölkəmizdə bu gün də davam edən sistemli islahatlar nəticəsində cəmiyyətin bütün sahələrini əhatə edən ciddi, inqilabi dəyişikliklər baş verib. Bu dəyişikliklər və islahatlar Azərbaycanın beynəlxalq nüfuzunun ildən-ilə yüksəlməsinə səbəb olub. Nəticə etibarilə ölkəmiz dünya ictimaiyyəti tərəfindən islahatçı dövlət kimi qəbul olunur. Ölkəmizdə gündən-günə genişlənən islahatlar nəticəsində dövlət idarəçilik sistemində, o cümlədən dövlətin icra və məhkəmə hakimiyyəti qollarında ciddi struktur dəyişiklikləri baş verib”.

B.Vəliyev xüsusi vurğuladı ki, Yeni Azərbaycan Partiyası ölkəmizin ictimai-siyasi həyatında aparıcı rolu malikdir: “YAP-ın müasir Azərbaycan dövlətinin qurulmasında, xalqın rifahının ildən-ilə yüksəlməsində və ümummilli inkişafımızda əvəzolunmaz xidmətləri olub. YAP ötən dövr ərzində sübut edib ki, partiyamız ümumxalq dəstəyi və etimadı qazanan qələbələr partiyasıdır. Əminik ki, “Xalq üçün” devizi ilə getdiyimiz bu bələdiyyə seçkilərində də xalqımız YAP namizədlərini dəstəkləyəcək və partiyamız bu seçkilərdə də növbəti möhtəşəm uğurunu qazanacaqdır”.

B.Vəliyev söylədi ki, bu gün Azərbaycanın uğurları anti-Azərbaycan qüvvələri çox narahat edir: “Sosial şəbəkələrin verdiyi imkanlardan sui-istifadə edərək dövlətə, hakimiyyətə qarşı qarayaxma kampaniyası aparan anti-Azərbaycan qüvvələr yalnız qisasçı siyasi ambisiyalarını reallaşdırmaq barədə düşünürlər. Həmin dağıdıcıların əsas “missiyalarından” biri də sosial şəbəkələrdə təxribatlar törətmək, real həyatda reallaşdıra bilmədiklərini virtual aləmdə həyata keçirməkdir. Onlar xaricdəki ağalarının sifarişlərini yerinə yetirmək üçün dəridən-qabıqdan çıxırlar. Təbii ki, Azərbaycan dövləti, ölkə rəhbərliyi və xalqımız bu çirkin niyyətin baş tutmasına heç vaxt imkan verməyib və verməyəcək”.

Sonra çıxış edən YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Azərbaycanda 1999-cu ildən fəaliyyət göstərən bələdiyyə institutunun inkişafı, başlıca məqsədləri və fəaliyyət mexanizmləri haqqında seçicilərə ətraflı məlumat verdi: “Yerli idarəetmə institutu olan bələdiyyələrin ölkəmizdə formalaşması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz müstəqil dövlətimizin 1995-ci ildə qəbul olunmuş ilk Konstitusiyasında bələdiyyələrin fəaliyyəti üçün müvafiq qanunvericilik bazası formalaşdırılıb. Hazırda bələdiyyələrin cəmiyyətimizdə rolu ildən-ilə artır və onların səmərəli fəaliyyətinin təşkili üçün zəruri qanunvericilik bazası və müvafiq strukturlar tam formalaşıb”.

Daha sonra bələdiyyələr qarşısında duran vəzifələr və görüləcək işlər haqqında ətraflı məlumat verən V.Rəhimzadə yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində mövcud potensial, resurslar və onlardan səmərəli istifadə yollarını, bələdiyyə büdcəsinin artırılması üçün qanunamüvafiq fiskal yığımların mənbələrini göstərdi. Bildirdi ki, bələdiyyələr əsas etibarilə əhalinin gündəlik problemlərinin həlli istiqamətində çalışmalıdırlar. Son illərdə Qobu bələdiyyəsi tərəfindən görülən işlər, xüsusilə Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən qəsəbənin abadlaşdırılması, əhalinin rahatlığı və istirahətinin təmin edilməsi üçün ərazidə parkların, yaşıllıqların salınması olduqca təqdirəlayiq haldır.

V.Rəhimzadə qeyd etdi ki, bu gün Azərbaycanın müstəqil siyasəti, davamlı uğurları anti-Azərbaycan qüvvələri ciddi şəkildə narahat edir: “Anti-Azərbaycan qüvvələr, onlara xidmət edənlər ölkəmiz haqqında yalan, böhtan, dezinformasiya xarakterli məlumatlar yayır, Azərbaycanın beynəlxalq nüfuzuna kölgə salmağa çalışırlar. Zaman isə sübut edir ki, onların hər bir cəhdləri reallıqlarımız fonunda uğursuzluğa düçar olur”.

V.Rəhimzadə Qobu qəsəbə seçicilərini səsvermə günü seçki məntəqələrinə gəlməyə və seçkilərdə fəal iştirak etməyə dəvət etdi: “Seçiciləri YAP-ın namizədlərinə səs verməyə çağırıram. Çünki Yeni Azərbaycan Partiyası dünənin və bu günün partiyası olduğu kimi, Azərbaycanın firavan gələcəyinin, ölkəmizin rifahının və inkişafının təminatçısı olan partiyadır”.

Sonra Qobu bələdiyyəsinin hazırda fəaliyyətdə olan sədri Araz Nəcəfov ötən dövr ərzində bu qurum tərəfindən görülmüş işlər haqqında məlumat verdi.

Daha sonra Qobu bələdiyyəsinə seçkilərdə iştirak edən namizədlər – Araz Nəcəfov, Cavid Qafarov, Məmmməd Hüseynzadə çıxış edərək seçicilərə seçki platformaları haqqında məlumat verdilər.

Görüşdə çıxış edən Qobu qəsəbəsinin sakinləri ölkəmizdə gedən dinamik inkişaf və tərəqqi, vətəndaşa göstərilən diqqət və qayğı üçün ölkə başçısına minnətdar olduqlarını, bu siyasəti ürəkdən dəstəklədiklərini və seçkilərdə iştirak edərək YAP namizədlərinə səs verəcəklərini bildirdilər. (“İki sahil”)

Babək Göyüş

AzNews.az

image description image description