Ramiz Mehdiyev İlham Əliyevlə bağlı 16 illik müşahidələrini YAZDI

Təmkinlidir, komanda üzvlərini diqqətlə dinləyir, lakin son qərarı özü verir

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev işlədiyi 16 il ərzində dövlət başçısı İlham Əliyev haqqında müşahidələrini qələmə alıb.

Yazdığı iri həcmli məqaləsində AMEA-nın prezidenti R.Mehdiyev Prezident İlham Əliyevin 2003-cü ildən bu yana olan fəaliyyətinə toxunur, aparılan işləri qeyd edir və dövlət sisteminin formalaşmasında dövlət başçısının əməyini detallı şəkildə incələyir.

“Burada şərh edilənlərin hamısı mənim Prezident İlham Əliyevin Administrasiyasının rəhbəri vəzifəsində işlədiyim 16 il ərzində müşahidələrimin nəticəsidir”-yazan R.Mehdiyev yazır ki, bu material Azərbaycanın dövlət başçısı vəzifəsində böyük siyasi xadim və görkəmli dövlət xadimi Heydər Əliyevi əvəz etmiş Prezident İlham Əliyev haqqında kitabın bir fəslidir.

“Ötən 16 il göstərdi ki, İlham Əliyev siyasi-iqtisadi varislik yolunu, əvvəlki onillikdə Heydər Əliyevin nail olduqlarını rəvan, sabit şəkildə inkişaf etdirmək və artırmaq yolunu seçib”-yazan R.Mehdiyev qeyd edib ki, İlham Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycanın həyatında keyfiyyətcə yeni mərhələ başlanır.

Məqalədə ölkədə son 16 ildə aparılmış böyük miqyaslı işəri geniş və ətraflı qeyd edən sabiq PA rəhbəri Azərbaycanda aparılan islahatlara və son kadr dəyişikliklərinə də toxunub.

“Futuroloqların proqnozlarına görə, 2025-ci ilə qədər sabit inkişaf edən ölkələrdə, o cümlədən Azərbaycanda “common brain” (hərfi tərcüməsi “ümumi beyin”, “ümumi zəka” deməkdir) deyilən tamamilə yeni siyasi elita formalaşacaq. Bu, hər hansı radikallıqdan, dağıdıcı inqilabilikdən uzaq olan yüksək intellektli və praqmatik funksionerlərin ciddi strukturlaşdırılmış, iyerarxiya baxımdan nizamlanmış vahid komandası olacaq. Həmin komandaya yenə də birləşdirici siyasi lider İlham Əliyev başçılıq edəcək, o, idarəetmə sisteminin əsas rəhbəri funksiyasını yerinə yetirməkdə davam edəcək. Heç də təəccüblü deyil ki, “informasiya cəmiyyəti”nin yaradıldığı əsrdə ölkənin idarə edilməsi müəyyən mənada “kompüter şəbəkəsində inzibatçılığı” xatırladacaq”.

Azərbaycanda artıq fəaliyyətə başlamış “elektron hökumət”i xatırladan R.Mehdiyev yazır ki, bu dövlət məsələlərini səmərəli və operativ həll etməyə imkan verir: “Beləliklə, Azərbaycanda yaradılmış dövlət idarəçiliyi sistemi keyfiyyətcə yeni idarəçi kadrlar üçün nəzərdə tutulmuş, tamamilə yeni əsaslar üzərində qurulmuş vahid mexanizm olacaq. Həm ölkənin daxili inkişafını, həm də xarici aləmlə əlaqələri nizamlayan mexanizmlər məhz bu sistemin tələblərinə uyğunlaşdırılmış uzunmüddətli dinamizmi xatırladacaq. Rəhbərlik sahəsinə təsadüfi və ya siyasi idarəçilik sistemindən bixəbər funksionerin gəlməsi həm ölkə əhalisi üçün, həm də əcnəbi investorlar üçün ciddi problemlər yarada bilər. Hətta bu sistemə qoşulmuş yüksək təhsilli kadrın zəruri keyfiyyətləri yoxdursa (əgər həmin şəxs radikallıq, destruktivlik kimi sistemsiz keyfiyyətlərə malikdirsə), o, dövlət idarəçiliyi prinsiplərinə öz yanaşmalarını tətbiq edə bilər. Bu, inkişafın siyasi kursuna mənfi təsir göstərəcək. Bu isə həm arzuedilməz, həm də bütövlükdə yolverilməzdir”.

R.Mehdiyev qeyd edir ki, XXI əsrdə həm bəşəriyyətin, həm də konkret dövlətin qarşısında duran keyfiyyətcə yeni məsələləri keyfiyyətcə yeni siyasi elita həll etməlidir: “Bu, peşəkar həmfikirlər komandasıdır. Onun hər bir üzvü dövlət idarəçiliyinin konkret istiqaməti üzrə mütəxəssisdir. Geniş təhsilli, yüksək intellektual keyfiyyətlər, müəyyən idarəçilik təcrübəsi, işgüzar ünsiyyət vərdişləri, iyerarxik sistemə uyğunlaşmaq bacarığı – bütün bu və digər keyfiyyətlərin məcmusu komandanın hər bir üzvünə xas olmalıdır. Prezidentin komandasına müvafiq dünya baxışına və mənəvi keyfiyyətlərə malik olan, İlham Əliyevi sözdə deyil, əməli işdə dəstəkləyən müasir təfəkkürlü və istedadlı təşkilatçılar gəlməlidirlər. Ən başlıcası, onlar əsl dövlətçilər olmalı, xalqın və dövlətin mənafelərini hər şeydən üstün tutmalıdırlar”.

Sabiq PA rəhbəri yazır ki, siyasi ədəbiyyatdan elita nümunələri məlumdur: “Çikaqolu oğlanlar”, “Harvard komandası”, öz ideyalarını müxtəlif ölkələrin dövlət siyasəti formasında reallaşdıran həmfikirlərin digər kreativ qrupları: “Ekspertlərin fikrincə, Prezident İlham Əliyev dövlət idarəçiliyi prinsiplərinin dürüst sistemini qurub. Bu sistem XXI əsrdə qloballaşma proseslərinin fəallaşması və daim artan informasiya axını şəraitində milli mənafelərə uyğundur”.

R.Mehdiyevin fikrincə, çox sevindirici haldır ki, milli lider və dövlət başçısı İlham Əliyevə operativ qərarlar qəbul etmək, çoxvariantlı idarəçilik və böhranlı vəziyyətlərin kollektiv nizamlanması modellərini tətbiq etmək, beynəlxalq əlaqələrin həyata keçirilməsində çoxpilləli manevrlərdən istifadə etmək, xaricdən informasiya təsirinin artmasını nəzərə almaq, idarəetmə prosesinin qapalı seqmentlərinin məxfiliyini təmin etmək kimi keyfiyyətlər xasdır: “Müasir şəraitdə xalq kütlələri qarşısına çıxmaq, mitinqlərdə çıxış etmək, KİV-lərə müsahibə vermək kimi işləri, bir qayda olaraq təkcə liderlər özləri deyil, həm də onların imicmeykerləri, idarəçiləri, siyasi texnoloqları, politoloqlar, dövlət strukturlarının məsul işçiləri həyata keçirir və bütün bunlar aparılan işin tərkib hissəsi kimi reallaşır. Burada 1992-1993-cü illərdə ölkə ictimaiyyətini və onun hüdudlarından kənarda çoxlarını qıcıqlandırmağı öyrənmiş Azərbaycan müxalifətinin yürütdüyü populist qarşıdurma siyasətinə yer yoxdur, buna görə də mitinq burulğanına və yaxın keçmişin digər dağıdıcı hadisələrinə də yer yoxdur”.

R.Mehdiyev qeyd edir ki, Azərbaycanda indiki siyasi və sosial-iqtisadi vəziyyətin təhlili göstərir ki, bu gün ölkədə praqmatik intellektuallardan ibarət komanda formalaşdırmağa qabil olan şəxsiyyət 2003-cü ilin oktyabrından hakimiyyətdədir: “Azərbaycan xalqı onunla fəxr edə bilər. Bu, ölkədə daxili, ictimai, siyasi, iqtisadi və mədəni şəraiti çox gözəl başa düşən, energetika kimi mühüm sahədə zəngin təcrübə toplamış, qətiyyətli diplomatik vərdişlərə malik olan İlham Əliyevdir”.

“Radikal müxalifət tərəfindən İlham Əliyevə hücumlar zamanı istifadə edilən tezislərdən biri belədir: “Prezidentin oğlu ümummilli miqyaslı lider ola bilməz, çünki o, gərgin siyasi mübarizədə, mitinqlər burulğanında, müxalifət ilə iqtidarın qarşıdurmasında sınaqlardan keçməyib”. Həmişəki kimi, radikal müxalifət ictimaiyyəti çaşdırmağa çalışır. İlham Əliyevin belə adlandırılan “inqilabi keçmişi”nin olmaması həm daxili ictimai rəydə, həm də xarici siyasətdə onun xeyrinədir. Radikal müxalifət başa düşə bilmir ki, bu gün İlham Əliyevin “XXI əsrdə tələb edilən yeni tipli lider” kimi tanınmasında məhz bu amil əsas şərtdir”, - deyə R. Mehdiyev vurğulayıb.

AMEA rəhbəri yazır ki, Prezident İlham Əliyevin siyasəti milli maraqların reallaşmasına nail olmaq sənətidir. Onun əsas vəzifələrindən biri də mənəviyyatın bərqərar olmasıdır: “Məsələ burasındadır ki, bu gün insanların müəyyən qrupunun fikrincə, təəssüf ki, insanın cəmiyyətdə sosial vəziyyətinin dərəcəsini yalnız maliyyə və maddi tərkib hissələr müəyyənləşdirir. Belə insanlar üçün mənəviyyat kateqoriyası öz sosial dəyərini itirib. Onlar qazanc əldə etmək, varlanmaq həvəsindədirlər. Bu, onların həyatının mənasıdır. Onlar üçün aqressivlik mədəniyyət norması, eqoizm isə ünsiyyət həddidir. Milli mədəniyyət beşiyinə baş vurmaq istəyi onlara yaddır”.

R.Mehdiyevin sözlərinə görə, İlham Əliyev müasir şəraitdə dövlət başçısı üçün zəruri olan bütün keyfiyyətlərə malikdir: “İlham Əliyevə Azərbaycan xalqını öz arxasınca aparmaq missiyasını tarix, yeni dövr özü həvalə edib. Məhz o, ölkə tarixinin məsul mərhələsində müstəqil dövlətin inkişafını və cəmiyyətin bir formasiyadan digərinə keçidinin başa çatmasını təmin edə bilib. Azərbaycan onun zəkası və siyasi istedadı sayəsində müasir dünya nizamına xas olan mürəkkəb şəraitdə öz mövqelərini möhkəmlədib”.

“Səmimi etiraf edirəm ki, Prezident İlham Əliyevin dünyada siyasi dəyişikliklər küləyinin güclə sezilən hərəkətini, ölkədə cəmiyyətin əhval-ruhiyyəsini əsl vaxtında duyması, respublikanın regionlarında əhali ilə çoxsaylı görüşlərdə onların sosial xarakterli gizli niyyətlərini hiss etməsi məni həqiqətən valeh edir. Bu keyfiyyət yalnız təcrübəli və uzaqgörən siyasi xadimlərə xasdır. Bu cür güclü intuisiya heç də hər bir dövlət rəhbərinə xas olmur. Yeri gəlmişkən, psixologiya elmində intuisiya “kifayət qədər məntiqi əsaslar olmadığı şəraitdə çox vaxt praktiki olaraq ani şəkildə məsələnin həllinin axtarışından ibarət intellektual proses” kimi izah edilir”, - deyə R.Mehdiyev yazıb.

“Prezidentin psixoloji portretini çəkməyə cəhd göstərsək, yekun xarakteristika olaraq bunu deyə bilərik ki, İlham Əliyev psixoloji baxımdan güclü şəxsiyyətdir. O, məntiqə əsaslanaraq qərar qəbul edən və işi ən səmərəli üsulla təşkil edən praqmatik təfəkkürlü intovertlərə (anlayan, düşünən və mühakimə yürüdən fərd) aiddir. Prezident sağlam düşüncəli, məsuliyyət hissinə malik olan ciddi adamdır. O, verdiyi sözün üstündə durur. Başladığı işi sona çatdırmaq qabiliyyətinə malikdir” - yazan R. Mehdiyev vurğulayır ki, Azərbaycan xalqı öz dövlətinin rəhbəri vəzifəsində məhz bu cür şəxsiyyəti və siyasi xadimi görmək istəyir.

“Bu xarakteristikaya onu da əlavə etmək olar ki, İlham Əliyev liderlik qabiliyyətinə malik olmaqla yanaşı, təmkinli insandır, ifrat ajiotaja varmadan hər hansı arzuedilməz proseslərə, təbii kataklizmlərə, istehsal qəzalarına sakit münasibət bildirməyi, müxtəlif xoşagəlməz faktlara dözümlü olmağı bacarır, sağlam mühakimə yürüdür, bununla da ölkədə ümumi vəziyyətə müsbət təsir göstərir. İlham Əliyev öz intellektinə, şəxsi üslubuna, davranışına, temperamentinə, qərarlar qəbul edilməsində ona kömək edən obrazlı təfəkkürünə görə müasir dövlət başçılarının çoxundan fərqlənir. Prezident İlham Əliyevin şəxsi keyfiyyətləri keçmiş təcrübənin köhnəlmiş sxemləri ilə ağırlaşdırılmayan yeni prinsipial qərarlar axtarışında çox mühüm rol oynayır və bu halda öz qərarlarından irəli gələ biləcək nəticələrində səhvə yol vermir”.

R.Mehdiyev yazıb ki, İlham Əliyev aldığı informasiyanı yadda saxlamaq baxımından nadir qabiliyyətə malikdir: “Təfəkkürünün çevikliyi və sürəti onun çox mühüm xarakterik cəhətidir. Bəli, İlham Əliyev siyasi lider kimi çevik və sürətli təfəkkürə malikdir, lakin ölçülüb-biçilmiş və ehtiyatlı qərarlar qəbul etməyə meyillidir. Məsul və təxirəsalınmaz, o cümlədən xarici siyasi qərarlar qəbul etmək üslubu ölkə üçün ən üstün cəhətdir. Bu, Prezidentin qiymətli keyfiyyətlərindən biridir. Ehtiyatlılığı qətiyyətsizliklə eyniləşdirmək lazım deyil. Prezident İlham Əliyev kifayət qədər iradəli və qətiyyətli insandır. Əksinə, ehtiyatlılığa meyil etməsi zəruri hallarda cəsarətlə düzgün qərar qəbul etməsinə mane olmur”.

“O, yeni ideyaları çox tez qəbul edir. Bu, onun novatorluq və innovasiyalara meyil etmək qabiliyyətinə sübutdur. Əməkdaşlarının onunla razılaşdırmaq istədikləri məsələni dərhal başa düşür və onun mahiyyətinə vararaq zəruri göstərişlər verir. Şəxsiyyətlərarası münasibətlərdə İlham Əliyev etika normalarına riayət edir, yaşlı müsahibinə hörmət və ehtiramla yanaşır. Komanda üzvlərinin fikrini, onların məsləhətlərini diqqətlə dinləyir, lakin son qərarı özü qəbul edir. Tabeliyində olan işçilərlə münasibətdə yumşaq qətiyyətlilik prinsipini gözləyir, tələbkar olmaqla yanaşı, vəziyyəti süni şəkildə gərginləşdirmir, bu isə ahəngdar iş üçün çox vacibdir. Mən elə bir hal xatırlamıram ki, Prezident tabeliyində olan insanların ləyaqətini alçaltmış olsun. Başqasının halına acımaq qabiliyyəti çox güclü inkişaf edib, hərçənd, bunu nümayişkaranə və emosional şəkildə büruzə vermir”.

R.Mehdiyev bildirib ki, Ölkə Konstitusiyasına müvafiq olaraq öz administrasiyasını yaradarkən Prezident bir məqama həmişə xüsusi diqqət yetirirdi ki, əməkdaşların intellektual səviyyəsi və mənəvi siması onların statusuna uyğun olsun: “2019-cu il oktyabrın 23-dən etibarən Prezident öz administrasiyasının heyətini yeniləşdirməyə, onun strukturunda islahatlar aparmağa başlayıb. Əlbəttə, bu islahatın mahiyyəti ondan ibarətdir ki, yeni işçilər varislik prinsiplərinə riayət etməklə yüksək tələblərə uyğun olsunlar, qarşıdakı illərdə Prezidentin həll etmək istədiyi məsələlərin xüsusiyyətini tez başa düşsünlər və ən başlıcası, Prezidentin yüksək etimadını qiymətləndirsinlər. Bu, çox vacibdir”.

Sabiq PA rəhbəri qeyd edib ki, aparılan genişmiqyaslı islahatlar nəticəsində ölkəmiz yeni, əhəmiyyəti heç də az olmayan aktual məsələlərin həllinə başlayıb: “Ona görə çox vacibdir ki, Prezident komandasının hər bir üzvü buna hazır olsun, ona tapşırılmış iş sahəsi üçün yüksək məsuliyyət hiss etsin, problemlər yaratmadan bu məsələləri lazımi səviyyədə həll etsin, öz işinin peşəkarı, təvazökar insan olsun, əxlaq kodeksinə riayət etsin. Vahid ideya ətrafında sıx birləşmək Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulmuş məqsədlərə nail olmağın zəruri şərtidir. Qeyd etməliyəm ki, administrasiyanın əməkdaşları heç vaxt Prezidentin diqqətindən kənarda qalmayıblar. Prezidentin iş üslubunun çox dəyərli bir xüsusiyyəti var – administrasiya şöbələrinin rəhbərlərinə tapşırıqları bilavasitə özü verir, bu da ona şöbələrdə mənəvi, sosial-psixoloji mühiti duymaq, əməkdaşların peşəkar səviyyəsini və iş qabiliyyətini bilmək imkanı yaradır. Bu cür nəzarət metodu işçilərin öz funksiyalarını icra etmək məsuliyyətini artırır”.

R.Mehdiyev yazıb ki, Prezident İlham Əliyev tələb edir ki, dövlət məmurları xalq ilə birgə olsunlar, çünki dövlət məmurları, o cümlədən Prezident də xalqın xidmətçiləridir. “Xalq bizə etimad göstərib və biz hər gün bu inamı və etimadı doğrultmalıyıq”. Prezident çox gözəl bilir ki, qarşıya qoyulmuş məqsədə çatmaq yolları barədə də strateji təsəvvür olmadan gələcəyi qurmağa başlamağın mənası yoxdur”.

“Burada şərh edilənlərin hamısı mənim Prezident İlham Əliyevin Administrasiyasının rəhbəri vəzifəsində işlədiyim 16 il ərzində müşahidələrimin nəticəsidir”, - deyə Ramiz Mehdiyev sonda qeyd edib. (Cebhe.info)

AzNews.az