Hakimiyyətin “geri çəkil” tövsiyəsi verə biləcəyi yerlər cəmi bir dairədir Hakimiyyətin “geri çəkil” tövsiyəsi verə biləcəyi yerlər cəmi bir dairədir

Ziyad Səmədzadə namizədliyini geri götürə bilərmi? – 23-cü dairədə gözlənilənlər

Hakimiyyətin “geri çəkil” tövsiyəsi verə biləcəyi yerlər cəmi bir dairədir

Yanvarın 23-də 44 saylı Sumqayıt-Xızı Seçki Dairəsindən Milli Məclis üzvlüyünə bitərəf namizəd, həmin dairəni V çağırışda parlamentdə təmsil edən Hacı Salayev seçki marafonundan kənara çəkildiyini elan etdi. Hacı Salayevin bu addımı siyasi müşahidəçilərdə belə bir ehtimal yaradıb ki, yanvar ayının sonuncu gününə, yəni səsvermə büllütenləri Mərkəzi Seçki Komissiyası tərəfindən çap olunmaq üçün mətbəəyə göndərilinə qədər Bakı şəhərində də dəfələlərlə deputat olmuş, xüsusən də rəsmi izahata görə, ölkədə vüsət alan islahatlara töhfə və müasir çağırışlara cavab vermədiyi üçün fəaliyyətinə xitam vermiş parlamentin V çağırışdakı tərkibində yer alan bəzi isimlər öz namizədliklərini geri götürəcəklər. Bakı şəhərində Azərbaycan üzrə mövcud olan 125 seçki dairəsindən 29-u yerləşir, həmin 29 seçki dairəsindən 20-də “köhnə deputatlar” yenidən öz namizədliklərini irəli sürüb. Yenidən namizəd olan köhnə deputatların hər birinin qələbə qazanması isə o deməkdir ki, parlamentin tərkibi Bakıda - ölkənin paytaxtında böyük ölçüdə yenilənmir, sadəcə, cüzi dəyişikliklərə məruz qalır. Bu isə ictimai rəydə belə bir sual yarada bilər ki, əgər parlamentin tərkibi böyük ölçüdə dəyişməyəcəkdisə, o zaman seçkilərin erkən keçirilməsi nəyə lazım idi? Əlbəttə, seçkilərdən sonra bu sual istər-istəməz müxalifət tərəfindən səsləndiriləcək və cavabların qaneedici olmaması ucbatından İlham Əliyev hakimiyyətinin opponentləri post-elektoral dövrdə cəmiyyət qarşısında haqlı görsənməyə başlayacaqlar. Məhz elə bu səbəbdən də düşünülür ki, heç bir namizədə “səni mütləq mandatla təmin edəcəyik” vədi verməmiş hakimiyyət komandası özünüburaxmış parlamentin bəzi üzvlərinin ya seçkilərdən kənarlaşması üçün mesaj verəcək, ya da qutuda məğlub olmasına maneçilik törətməyəcək.

Bəs, hakimiyyət paytaxtda hansı dairədəki köhnə parlamentarinin öz namizədliyini geri götürməyə sövq edə bilər? Bu sualla özünüburaxmış parlament üzvlərinin yenidən namizəd olduğu dairələrə göz gəzdirdikdə məlum olur ki, hakimiyyətin “geri çəkil” tövsiyəsi verə biləcəyi yerlər nəinki o qədər də çox deyil, hətta cəmi bir dairədir. Bu, Bakı şəhərinin ən mərkəzi hissələrini əhatə edən 23 saylı Nəsimi-Səbail Seçki Dairəsidir.

23 saylı Nəsmi-Səbail Seçki Dairəsindən hakim Yeni Azərbaycan Partiyasının rəsmi namizədi Rəhimov Elnur Fidail oğludur. YAP Nəsimi təşkilatının gənclər birliyinin sədri olan Elnur Rəhimovu “Google” axtarış sistemi belə çətinliklə tanıyır, ölkənin ictimai-siyasi həyatında hər hansı fəal iştirakı ilə bağlı məlumatlar vermir. Heç kimə sirr deyil ki, hakim partiya digər namizədlərin qələbəsinə şərait yaratmaq məqsədi ilə müəyyən dairələrdə bu cür namizədlər irəli sürür və praktiki olaraq öz resurslarını bitərəf, yaxud başqa partiyanın nümayəndəsi olan namizədlərin lehinə yönəldir. Elə bu səbəbdən də təxmin etmək çətin deyil ki, populyar namizəd irəli sürməməklə hakim partiya 23-cü dairəni gözdən çıxardıb və oradan başqa bir namizədin seçilməsinə şərait yaratmaq niyyətindədir. Bu namizəd isə 1940-ci ildə anadan olmuş, ölkə üzrə namizədliyi qeydə alınmış ən yaşlı iki iddiaçıdan biri olan Ziyad Səmədzadədir. Ziyad Səmədzadənin öz namizədliyini geri götürməsinə hakimiyyəti maraqlı edən iki əsas amildən biri də məhz elə bu, yəni onun həddən artıq yaşlanmasıdır. Digər səbəb isə odur ki, qocaman deputat parlamentin İqtisadi siyasət, sənaye və sahibkarləq komitəsinin sədri olub və buna görə də, Prezidentin iqtisadi və sosial blokda elan etdiyi islahatlarla parlamentin ayaqlaşa bilməməsinin məsuliyyətini birbaşa daşıyan şəxslərdən biridir. Azərbaycan prezidenti bu blok üzrə islahatları uğurla həyata keçirmək üçün Mikayıl Cabbarov, Sahil Babayev kimi gənc kadrlara yüksək vəzifələr verdiyi halda, parlamentin “iqtisadçılar komandası”nda 80 yaşlı bir şəxsin təmsil olunması hakimiyyət üçün maraqlı olmayacağından, onun yenidən seçilib-seçilməməsi iqtidar üçün heç də prinsipial məsələ deyil.

Yuxarıda qeyd olunduğu kimi, Bakı şəhərində mövcud olan 29 dairədən iyirmisində köhnə deputatlar yenidən namizəddir, lakin onların mütləq əksəriyyətinin qarşısında hakimiyyətin qələbəsinə şərait yarada biləcəyi və bununla islahatlar dalğasında keçirilən seçkilər nəticəsində parlamenti müsbət reputasiyaya qovuşdura biləcəyi münasib namizədlər yoxdur. Lakin bu baxımdan da 23 saylı dairədə vəziyyət xeyli fərqlidir. YAP-ın rəsmi namizədindən və Ziyad Səmədzadədən başqa, həmin dairədə 9 iddiaçı qeydə alınıb. Nisbətən önə çıxan namizədlərdən biri məşhur bloqqer Ata Abdullayev, digəri isə DSK-nın rəsmi məlumatına görə, ali təhsili olmayan, orta ixtisaslı mühasib Zaur Darabzadədir. Zaur Darabzadə Ziyad Səmədzadənin geri çəkiləcəyi təqdirdə bəlkə də hakimiyyətin üzərində dayanacağı namizəd ola bilərdi, lakin onun Azərbaycanda tətbiq olunan test sistemindən keçəcək savada malik olmaması və Təhsil nazirliyinin tanıdığı bir diploma belə sahib olmaması belə bir ehtimalı mümkünsüz edir. (Reyting.az)

AzNews.az