ABŞ radiosunda Trampın İlham Əliyevə məktubu müzakirə olunub

Azərbaycanın ABŞ-dakı Səfirliyi bildirib

ABŞ-ın nüfuzlu Con Batçelor Şou radio proqramında Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov və Corctaun Universitetinin professoru Brenda Şefferin müsahibəsi yayımlanıb.

Azərbaycanın ABŞ-dakı Səfirliyindən AzNews.az-a bildirilib ki, müsahibənin əsas mövzusu ABŞ Prezidenti Donald Trampın Azərbaycanın Respublika günü ilə bağlı Prezident İlham Əliyevə yazdığı təbrik məktubu olub.

Öncə jurnalist regionda və ölkəmizdə koronavirus pandemiyası ilə bağlı vəziyyətə dair məlumat verib, ölkəmizin virusla mübarizə üçün tibbi avadanlıq və lazımi texnologiyaya malik olmasından bəhs edib. Daha sonra Azərbaycanı və Azərbaycan xalqını Respublika günü münasibətilə təbrik etmiş və ABŞ Prezidenti Donald Trampın məktubunu dinləyicilər üçün səsləndirib.

Jurnalist Azərbaycanın regionda sülh və tolerantlıq nümunəsi olduğunu bildirib, D. Trampın Azərbaycan Prezidenti və xalqı tərəfindən görülən işlərin müttəfiqlik kimi qiymətləndirdiyini diqqətəlayiq hesab edib.

Prezident Trampın məktubunun əhəmiyyətini qeyd edən səfir Süleymanov bildirib ki, burada Azərbaycanın suverenliyi və müstəqilliyinə güclü dəstək ifadə olunması Azərbaycanın regionun sözün əsl mənasında suveren və müstəqil ölkəsi kimi tanındığına daha bir göstəricidir: “Bütün ölkələrin çətinliklərlə üzləşdiyi bir dövrdə Tramp administrasiyasının beynəlxalq münasibətlərin vacib aspektlərinə fokuslanması və Azərbaycanla tərəfdaşlığı dəyərləndirməsi təqdirəlayiqdir. Terrorizmlə mübarizə, enerji şaxələndirilməsi, təhlükəsizlik, daha yaxşı cəmiyyətin qurulması sahəsində 30 ildir ki davam edən Azərbaycan ABŞ əməkdaşlığı və bu sahədə gələcəyə inam olduqca vacibdir mesajdır”.

Səfir müsəlman aləmində ilk respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 102-ci ildönümündə Prezident Trampa məktubuna görə minnətdarlığını ifadə edib.

Jurnalist Azərbaycanın vacib geostrateji ərazidə yerləşməsinə toxunaraq, ABŞ-ın ölkəmizi hər zaman kömək əlini uzadan, regionda sülhə can atan tərəfdaş kimi görməsinə diqqət çəkib. O, Prezident İlham Əliyevin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşü zamanı ABŞ-ın Silikon Vadisində yerləşən CİSCO beynəlxalq rabitə şirkətinin vasitələrindən istifadə etməsinə, həmçinin Qoşulmama Hərəkatının və Avropa İttifaqının onlayn görüşləri zamanı bu texnologiyaya üz tutulmasına toxunub. Professor Şeffer Prezident Trampın məktubunun onun əsl müttəfiqlərə dəyər verən daha geniş siyasətinin tərkib hissəsi olduğunu bildirib. Azərbaycanın ABŞ üçün hər zaman güvənilən tərəfdaş olduğunu qeyd edib. B. Şeffer ölkəmizin regionun sürətlə inkişaf edən ölkəsi olmasını və bir sıra ölkələrdə sərmayələr yatırmasını müsbət dəyərləndirib. O, TDƏŞ ölkələri arasında əməkdaşlığın regiondaxili inteqrasiyadan xəbər verdiyini diqqətə çatdırıb.

Səfir Süleymanov Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə keçirilən onlayn görüşünə toxunaraq, pandemiyanın davam etdiyi dövrdə belə Azərbaycanın sülh cəhdlərinin davam etdiyini bildirib. Ölkəmizin hər zaman sülhün tərəfində olması, regional tərəfdaşlığı təşviq etməsinə baxmayaraq, Ermənistanın davamlı olaraq təkliflərdən imtina etməsi və özünü təcrid yolunu seçməsinə toxunub. Azərbaycanın regional və beynəlxalq təşəbbüslər həyata keçirməsi, son zamanlarda Avropa İttifaqı və Qoşulmama Hərəkatının CİSCO vasitəsilə bir araya gəlməsini buna misal olaraq göstərən səfir, Ermənistanın etnik streotiplərə söykənən siyasətindən əl çəkmədiyini qeyd edib.

Müsahibənin tam versiyası iləhttps://audioboom.com/posts/7586296-potus-trump-embraces-azerbaijan-and-the-search-for-peace-in-nagorno-karabakh-profbshaffer-fdd internet səhifəsindən tanış olmaq mümkündür.