Sülhəddin Əkbər Təhlükəsizlik Şurasının katibi olmaq istəyirdi - Arif Hacılı

"Azərbaycanda bəzi tiplər var ki, milli-azadlıq hərəkatını, xalqın iradəsinə bağlı olan prosesləri xüsusi xidmət orqanlarına bağlamağa çalışır"

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər “Azadlıq” radiosuna müsahibəsində maraqlı və müzakirə doğuracaq fikirlər səsləndirib.

1992-1993-cü illərdə milli təhlükəzlik nazirinin birinci müavini vəzifəsində çalışmış Sülhəddin Əkbər həmin illərdə Azərbaycanda Rusiyaya casusluq edən böyük bir agentura şəbəbəkəsini aşkar etdiyini deyib. Onun sözlərinə görə, hətta SSRİ Dövlət Təhlüksəzilik Komitəsinə casusuluq edən həmin şəxslərin bir qismi AXC-Müsavat hakimiyyətində yüksək vəzifələr tutub. Bu isə Azərbaycanda dövlət çevrilişinin baş verməsi ilə nəticələnib.

AzNews.az bildirir ki, Sülhəddin Əkbərin 27 ildən sonra səsləndirdiyi bu sirrlərin həqiqətə nə qədər yaxın olduğu barədə Cebhe.info-nun suallarını 1992-993-cü illərdə Azərbaycan Prezidentlik etmiş Əbülfəz Elçibəyin köməkçisi Oqtay Qasımov cavablandırıb:

-Sülhəddin bəy iddia edir ki, Azərbaycan Xalq Cəbhəsinin yerlərdə, o cümlədən Naxçıvanda təşkilatlanmasının getdiyini və bu hərəkatı idarə edə bilməyəcəyini görən Moskva AXC-nin rəhbərliyinə öz adamlarını yerləşdirib. Bu məlumatlar həqiqətə nə qədər yaxındır?Azərbaycan Xalq Cəbhəsinin istər yerli təşkilarında, istər rəhbərliyində DTK agentləri olubmu?

-Azərbaycan Xalq Cəbhəsində, eləcə də Xalq Cəbhəsinin Naxçıvan Vilayət Şöbəsində DTK-nın agentlərinin yerləşdirilməsi barədə iddia Sülhəddin Əkbərə məxsusdur. Əgər keçmiş milli təhlükəsizlik nazirinin birinci müavini kimi onun əlində belə fakt var idisə, onu açıqlamalıydı. Xüsusi xidmət orqanları təbii ki, belə situasiyalarda Sülhəddin bəyin dediyi kimi, çalışırlar öz adamlarını alternativ təşkilatlara yerləşdirsinlər və onu nəzarətə alsınlar. Amma orada kimin agent kimi AXC-də yerləşdirilməsi və ya kimin xüsusi xidmət orqanlarına bağlı olması barədə mənim əlimdə fakt yoxdur. O zaman Azərbaycan kimi müstəqil olmayan ölkədə milli-azadlıq hərəkatı aparan bir təşkilata belə agentlərin daxil edilməsi istisna deyil. Yəni ümumi qənaət bundan ibarətdir ki, belə hal mümkündür. Lakin mən konkret faktlara malik deyiləm.

- Xalq Cəbhəsinin konstitusion yolla hakimiyyətə gəlməsinin qarşısını almaq üçün DTK onu zorakılıq müstəvisinə sürükləndiyi iddia olunub. Naxçıvanda hakimiyyətin ələ alınması,Azərbaycan-İran sərhədinin sökülməsi Xalq Cəbhəsinin dinc demokratik mübarizəsini başqa istiqamətə yönəltmək, güc tətbiq etmək və fövqəladə vəziyyət elan etmək üçün əsaslar yaratmaq məqsədi daşıyıb. Necə hesab edirsiniz, qeyd edilən hadisələr həqiqətən təxribat olub, yoxsa xalq hərəkatının artıq sərhədləri aşacaq səviyyəyə çatmasının nəticəsidir? Bu prosesi hansısa görünməyən əl idarə edib, yoxsa gerçək milli həmrəylik istəyi idi?

-Təəssüf edirəm ki, Sülhəddin Əkbər o böyüklükdə prosesin hamısını sırf DTK-nın əməlləri kimi qələmə verir. Azərbaycanda bəzi tiplər var ki, milli-azadlıq hərəkatını, xalqın iradəsinə bağlı olan prosesləri xüsusi xidmət orqanlarına bağlamağa çalışır. Azərbaycanda DTK-nın ola bilsin ki, müəyyən maraqları olub. Amma o prosesdə iştirak edənlərin əksəriyyəti Azərbaycanın birləşməsi və Bütöv Azərbaycan ideyasına inananlar olub. Dövlət Təhülkəsizlik Komitəsinin bu hadisələrdə öz marağı ola bilərdi. Amma sərhədlərin açılması qərarı 1989-cu ilin noyabr ayında AXC Naxçıvan Vilayət Şöbəsinin toplantısında qəbul olunub. Həmin qərarı qəbul edən şəxslər məlumdur. Onların bir çoxu hazırda həyatdadır, yaşayır və bu məsələyə öz münasibətlərini bildirə bilər. Arif Rəhimoğlu, Əli Şamil, Asəf Quliyev, Ramiz Tağıyev, Bünyamin Qəmbərli, Fərəc Quliyev və digər şəxslər həmin qərarın qəbulunda iştirak edib. Xalqın iki yüz ilə yaxın ürəyində yaşatdığı ideyanı səmimi şəkildə həyata keçirənlərin hamısını DTK-nın fəaliyyəti kimi qiymətləndirmək yanlışdır. Məqsədimiz Azərbaycan xalqının bütövləşməsi ilə bağlı arzularını həyata keçirməkdən ibarət olub. Ancaq DTK-ının da bu prosesdən təxribat məqsədilə istifadə etməyə çalışması istisna edilmir. DTK ilə əməkdaşlıq etmiş üç-beş nəfərin fəaliyyətini əsas götürüb bu boyda hərəkatı ləkələmək olmaz. Bu cür firkirlər Azərbaycanı istəməyən qüvvələrin, Rusiyanın maraqlarına uyğundur. Kimlərsə belə rəy yaratmağa çalışırlar ki, Azərbaycan xalqı milli-azadlıq mübarizəsi aparmayıb. Bu hərəkat guya DTK tərəfindən idarə olunub və Azərbaycanın müstəqilliyi də ovcumuza hazır düşüb. Belə deyil axı. Bütün hərəkatlarda, böyük proseslərdə xüsusi xidmət orqanlarının əməkdaşları, təxribatçı ünsürlər onu pozmağa çalışır. Lakin əsas vacib olan bunun mahiyyəti və nəticəsidir.

-Müsahibədə AXC-nin hakimiyyətə gəlməsi postsovet məkanında ilk “məxməri inqilab” adlandırılıb. Yəni xalq hakimiyyəti kimi şərh edir. Digər tərəfdən, iddia edir ki, həmin hakimiyyətdə yüksək vəzifə tutan şəxslərin bir çoxu DTK-nın agentləri olub. O, bunu aşkara çıxaranda onların siyahısını Prezident Əbülfəz Elçibəyə təqdim edib. Lakin Prezident buna laqeyd münasibət göstərib və heç bir tədbir görməyib. Belə bir hadisə olubmu?

- O müsahibə başdan-ayağa qədər ziddiyyət və təhriflərlə doludur. Onun istinad etdiyi bir çox faktlar da həqiqəti əks etdirmir. Əslində, Əbülfəz Elçibəyə bütöv bir siyahı deyil, iki nəfərin adı təqdim olunub. Sual olunur, həmin siyahının arxasında hansısa dosye və məlumatlar dayanıbmı? Çünki Sülhəddin Əkbər bir tərəfdən deyir ki, onun arxivə girişi olmayıb, arxiv bağlı olub. O zaman sual olunur ki, Sülhəddin Əkbər bu məlumatları haradan alıb? Ola bilsin ki, öz düşüncəsi əsasında belə qənaətə gəlib. Pənah Hüseyn də bununla bağlı mediaya açıqlamasında bildirib ki, bu ilk açıqlama deyil. Onun bu iddiaları 1993-1994-cü illərə gedib çıxır. Sonra da həm fərdi qaydada söhbətlərdə, həm də mətbuata verdiyi açıqlamalarda təkzib olunub. Arxivlərin açılması ilə bağlı məsələyə gəlincə, bu əsassızdır. 1992-ci il oktyabrın 22-də “Azərbaycan” qəzetində Sülhəddin Əkbərin Milli Məclisdəki çıxışı dərc olunub. Sülhəddin Əkbər orada DTK-nın arxivlərinin açılmasının doğru olmadığını bildirir. O, arxivlərin açıqlacağı təqdirdə Azərbaycanın kəşfiyyat orqanlarına və təhlükəsilzik sisteminə zərbə dəyəcəyindən danışır. Yəni arxivlərin açılmasının əleyhinə çıxır. Amma son müsahibəsində tamamilə fərqli mövqe sərgiləyir. Bu nonsendir.

-Prezidentə adları təqdim olunan iki nəfər kim olub?

- İsa Qəmbər və Pənah Hüseynin adlarını verib. Sonra da həmin adamlarla söhbətlərdə ondan imtina edib. Çünki verdiyi siyahının arxasında heç bir əsas olmayıb. Arxiv ictimai nəzarət altında açılır. Prezidentin sərəncam və fərmanı ilə açıla bilməz. DTK arxivlərinin açılması Milli Məclisin qərarı əsasında mümkün ola bilər. Bu da 1992-ci ildə müzakirə edilib. Orada ümumi normativ sənədlər qəbul olunub. Amma bu istiqamətdə işlərin davam etdirilməsi tövsiyə olunub. Arxivlərin açılmasına qadağa qoyulmayıb. Arxivlərin açılmasına etiraz edən ozamankı milli təhlükəsizlik naziri Fəxrəddin Təhməzov və onun birinci müavini Sülhəddin Əkbər olub.

- Amma müsahibədə bildirir ki, birgə yemək zamanı Əbülfəz bəy ona bir sıra sənədlərin götürülməsi şərtilə arxivlərin açılmasına razı olduğunu deyib.

- Əbülfəz Elçibəy həyatda yoxdur, Sülhəddin Əkbər də belə iddialar irəli sürür. Ümumiyyətlə, Sülhəddin Əkbərin xarakterində belə cəhətlər var. Əbülfəz bəy arxivlərin ölkədə çaxnaşma yaratmayacağı və dövlətin sütunlarına zərbə vurmayacaq halda açılmasının tərəfdarı idi. Çünki o zaman agentura sisteminin ən mühüm siyahısı Azərbaycanda deyildi. Onlar Moskvada, Rusiyanın Baş Hərbi Kəşfiyyat İdaərisndə və DTK-nın Birinci İdarəsində saxlanılırdı. DTK ilə əməkdaşlığa cəlb olunmuş azərbaycanlılar arasında yalnız ölkəmizdə deyil, başqa respublikaların da ərazisində yaşayanlar var idi. Onların arasında tələbələr, işçilər, elm adamları, Sovet ordusunda qulluq edən zabitlər var idi.

- Onların sayının 30 min nəfər olduğunu deyilir...

- O, yalnız Azərbaycan DTK tərəfindən əməkdaşlığa cəlb olunanların sayını deyir. Axı Sovet ordusunda xidmət etmiş minlərlə zabit var idi. Onların da əhəmiyyətli bir hissəsi DTK-nın gizli əməkdaşları idi. Onların siyahısını necə tapa bilərdik? Sülhəddin Əkbər öz iddialarını deyir. Onun Əbülfəz Elçibəylə görüşündə tamamilə fərqli məsələlər müzakirə olunub.

- Son illər Gürcüstanda, Ukraynada, Litvada, Latviyada lüstrasiya haqqında qanun qəbul olundu və heç bir çaxnaşma baş vermədi. Bəlkə elə o vaxt arxivlər açılsaydı, heç bir şübhə də qalmazdı?

- Həmin ölkələr arxivləri müstəqilliyin ilk illərində açmadılar. Üstündən 25 ilə yaxın vaxt ötdükdən sonra ictimai və parlament müzakirələri keçirərək bu qərarı qəbul etdilər. Sülhəddin bəy də idia edir ki, guya bir il ərzində hər şey olmalı imiş.

-Siz 1992-1993-cü illərdə Milli Məclisə sədrlik etmiş İsa Qəmbərin adını çəkdiniz. Amma necə ola bilər ki, Sülhəddin Əkbər bir tərəfdən İsa Qəmbərin DTK agenti olması barədə prezidentə məruzə etsin, eyni zamanda bildirir ki, Müdafiə və Milli Təhlükəsizlik nazirlıiklərinin birləşdirilməsi barədə razılığa gəlmişdik, İsa Qəmbər müdafiə naziri olmalı, kəşfiyyat xidməti Sülhəddin bəyin tabeliyinə verilməli imiş. Hətta bu plana görə, hərbi əməliyyat keçirib Mehridən dəhliz açılmalıymış.

- Necə ola billər ki, agent elan etdiyi İsa Qəmbərin Müdafiə və Milli Təhlükəsizlik nazirliklərinin birləşdirilərək onların başına gətirilməsi və özünün də onun birinci mavini olmaq təklifi ilə çıxış edir? Necə ola bilər ki, sən agent elan etdiyin adamla 20 ildən artıq bir partiyada fəaliyyət göstərirsən? Necə ola bilər ki, sən agent hesab etdiyin adamın rəhbərlik etdiyi partiyada 8 il onun müavini olursan? Ən nəhayət, sən agent elan etdiyin adamı öz oğluna kirvə tutursan? İstərdim ki, Sülhəddin Əkbər bu suallara cavab versin. Mehri dəhlizi məsələsindən Sülhəddin Əkbərinm xəbəri olmayıb. O, yalan danışır. Mehri dəhlizinin açılması ilə bağlı məsələ Baş nazir Pənah Hüseyn, Müdafiə naziri və Baş Qərargah rəisinin iştirakı ilə müzakirə olunub. Bu məsələ ilə bağlı Pənah Hüseyn Türkiyəyə və İrana səfər edib. Hətta Türkiyə Baş Qərargahında görüş keçirib. Türkiyənin 3-cü ordusu Naxçıvan-Ermənistan sərhədində təlimlərə başlayıb. Hətta bununla bağlı Ermənistanın ozamankı prezidenti Levon Ter-Petrosyanın Yeltsinə məktubu var. Bundan başqa, Ermənistanın sabir təhlükəsizlik naziri David Şahnazaryan da Rusiyanın təhlükəsizlik naziri Barannikova məktub göndərmişdi. Yazmışdılar ki, Türkiyə ordusu Mehridən dəhliz açmaq istəyir. Guya Üçüncü Dünya Müharibəsi ola bilər və s. Necə ola bilər ki, Azərbaycan Silahlı Qüvvlərinin hazırladığı plan və onun həyata keçirilməsi üçün Ankaraya və Tehrana müzakirə üçün nümayəndə göndərdiyi halda, bu məsələ Sülhəddin Əkbərin ağlına gəlir, o da bunu İsa Qəmbərlə danışır, prezidentə təklif edir. Bunlar absurddur. Biz bunu sənədlərlə sübut etmişik.

- Müsahibəsdə sabiq müdafiə naziri Rəhim Qazıyev, həmin dövrdə korpus komandiri olan Surət Hüseynov, keçmiş müdafiə naziri Dadaş Rzayev barəsində də şübhəli danışırlır. Bəlkə elə qiyamı təşkil edən DTK agentləri deyərkən bu şəxslərə eyham vurur?

- Həmin müsahibəni verən şəxs xüsusi xidmət orqanı olan nazirlikdə birinci müavini işləyib. Hərbi kəşfiyyat ona deyil, xüsusi idarəyə tabe idi. Ona görə də Sülhəddin Əkbərdə xeyli adamlar barədə məlumat olub. Dadaş Rzayev Sovet ordusunun polkovniki olub. O, müəyyən səviyyədən sonra xüsusi təyinatlı polka rəhbərlik edib. Onun Rusiya ilə bağlarının olması istisna deyil. Surət Hüseynovla bağlı isə məsələ bəllidir. Sonrakı dövrdə məhkəmədə üzə çıxan sübutlar da göstərdi ki, Surət Hüseynov Rusiya Baş Hərbi Kəşfiyyat İdarəsi ilə əlaqəlidir. Bunu yalnız Sülhəddin Əkbər deyil, bütün Azərbaycan cəmiyyəti bilir.

- Müsahibəki şübhəli məqama aydınlıq gətirək. Bildirir ki, mart ayının sonlarında Surət Hüseynovun başçılıq etdiyi 123 saylı polk ləğv olunub. Dörd gündən sonra isə onun əvəzində briqada yaradılıb. Bunu isə ya Prezident, ya da Müdafiə naziri edə bilərdi. Bu qərarı kim və nə üçün verib?

- Sülhəddin Əkbərin müsahibəsi başdan-ayağa yalan və təhriflərlə doludur. O, Dövlət Müdafiə Komitəsinin iclaslarında iştirak etmədiyi üçün bu məsələlərdən xəbərsizdir. Yaxud başqa niyyəti var. Sülhəddin Əkbər bütün şübhələri Əbülfəz bəyin üzərinə yönəltməyə çalışır. O hadisə belə olub- Surət Hüseynovun rəhbərlik etdiyi alay ləğv edilib. Sonradan Kəlbəcərdə vəziyyət gərginləşəndə, aprel ayının 1-də Dövlət Müdafiə Komitəsinin iclası keçirilib. Ləğv olunmuş hərbi alayın bazasında yeni briqadanın yaradılması qərara alınıb, başqa şəxs də oraya komandir təyin edilib. Bu, nə Prezidentin sərəncamı ilə, nə də Müdafiə naziri Dadaş Rzayevin əmri ilə yaradılıb. Sülhəddin Əkbər yalan danışır.