Ruhani Ceyhun Bayramovla görüşdə Xudafərindən danışdı - Yenilənib

İran rəhbəri tcarət və iqtisadi əməkdaşlığı inkişaf etdirmək üçün ortaq sərhədlərdən istifadə edilməsinin vacibliyinidə vurğulayıb

“Yeni beynəlxalq vəziyyətdən ikitərəfli əlaqələrin genişləndirilməsi üçün istifadə olunacağına ümidvaram. Tehranla Bakı arasında yaxşı və dostluq münasibətləri var”.

AzNews.az “İRNA” agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Həsən Ruhani Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşdə bildirib.

Ruhani Dağlıq Qarabağ münaqişəsinin sona çatmasından, Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsindən və atəşkəsin bərpasından məmnunluğunu dilə gətirib və İranın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə dair açıq mövqeyini bildirib.

İran Prezidenti eyni zamanda Tehranın Qarabağ münaqişəsinin həlli üçün hazırladığı plana və ölkənin xüsusi nümayəndəsinin Rusiya, Azərbaycan və Ermənistana səfərinə işarə edərək, İslam Respublikasının iki ölkə arasında atəşkəsin möhkəmləndirilməsində və bölgədə sabitliyin yaradılmasında konstruktiv rol oynamağa hazır olduğunu ifadə edib.

İran rəhbəri tcarət və iqtisadi əməkdaşlığı inkişaf etdirmək üçün ortaq sərhədlərdən istifadə edilməsinin vacibliyinidə vurğulayıb.

Ruhani, qonşuluq və İslam Respublikasının imkanlarını nəzərə alaraq İranın Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında iştirakının hər iki ölkəyə də fayda gətirəcəyini qeyd edib. Bundan əlavə Rəşt-Astara dəmir yolunun inşası da daxil olmaqla, İran və Azərbaycan Respublikası arasında əvvəlki razılaşmaların icrasını sürətləndirməyin vacibliyini vurğulayıb.

Ruhani həmçinin birgə layihələrin həyata keçirilməsi üçün, o cümlədən Xudafərin hidroelektrik kompleksi və elektrik stansiyalarının yaradılması üçün şəraitin hazırlandığını söyləyib. O bildirib ki, hər iki ölkə sənaye, elmi və əczaçılıq sahələrində əməkdaşlığı inkişaf etdirə bilər.

Ceyhun Bayramov öz növbəsində İrana Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə təşəkkür edib və İranı yaxşı və dost qonşu adlandırıb.

O, “Azərbaycan Respublikası rəhbərliyinin iradəsi İranla universal əlaqələrin genişləndirilməsinə yönəldilib” deyərək ölkənin işğal olunmuş ərazilərinin azad edilməsinin və İranla ortaq sərhədlərin bərpasının iki ölkə arasında yeni layihələr ilə nəticələnəcəyini bildirib.

Nazir həmçinin Azərbaycanla İran sərhədini dostluq və inkişaf sərhədi adlandırıb.

XİN rəhbəri yeni beynəlxalq vəziyyət və ABŞ-ın sanksiyaları səbəbindən məhdudiyyətlərin ləğvi nəzərə alınmaqla iki ölkə arasındakı ortaq layihələrin tezliklə başa çatacağını qeyd edib.

C. Bayramov iranlı nüvə alimi Möhsün Fəxrizadənin qətlini də kəskin şəkildə qınayıb və bu hərəkəti qəbuledilməz adlandırıb.

***

Azərbaycan XİN görüşlə bağlı açıqlama yayıb. Məlumatda deyilir:

9 dekabr 2020-ci il tarixində İran İslam Respublikasına rəsmi səfəri çərçivəsində xarici işlər naziri Ceyhun Bayramovun İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə görüşü keçirilib.

Prezident Həsən Ruhani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə isti salamlarını və xoş arzularını çatdırıb. Prezident Həsən Ruhani Azərbaycanın ərazilərinin işğaldan azad olunmasını məmnunluqla qeyd etdi. İranın hər zaman Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyi vurğulanıb.

İki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsinin əhəmiyyəti qeyd olunub. Qonşu və dost ölkələrimizin həyata keçirməyə çalışdığı beynəlxalq əhəmiyyətli iqtisadi layihə olan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin tərkib hissəsi olan Rəşt-Astara dəmir yolunun inşasının sürətləndirilməsinin zəruriliyi vurğulanıb.

Nazir Ceyhun Bayramov Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin səmimi salamlarını İran İslam Respublikasının Prezidentinin diqqətinə çatdırıb. Nazir dost və qonşu İranın Azərbaycanın ərazi bütövlüyünə verdiyi dəstəyi yüksək qiymətləndirib.

Azərbaycanın ərazilərinin işğaldan azad olunması və sərhədin bərpa olunmasının ölkələrimiz arasında əməkdaşlıq layihələri üçün yeni imkanlar açdığı qeyd olunub. Azərbaycan və İran arasındakı sərhəd dostluq və iqtisadi inkişaf sərhədi adlandırılıb.