Şahin Mustafayev İrana getdi - Səfərin təfərrüatı

Hər iki ölkənin dövlət başçılarının siyasi iradəsi ölkələr arasında əməkdaşlığın miqyasını ən yüksək səviyyəyə qaldırıb

Ötən gün Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İran İslam Respublikasına səfər edib.

AzNews.az xəbər verir ki, səfər zamanı Ş.Mustafayev İran Prezidenti Administrasiyasının rəhbəri Mahmud Vaezi, energetika naziri Rza Ərdəkanian, müdafiə və silahlı qüvvələrə dəstək naziri Əmir Hatəmi ilə görüşüb danışıqlar aparıb.

Görüşlər zamanı İran rəsmiləri uzun illərdir işğal edilmiş Azərbaycan ərazilərinin azad olunması münasibətilə təbriklərini çatdırıblar. İran tərəfinin işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işlərində hərtərəfli dəstək göstərməyə hazır olduğu ifadə edilib. Həmçinin, ölkələrimiz arasında yol-nəqliyyat, energetika, iqtisadi-ticarət, infrastruktur, o cümlədən hərbi-texniki sahələrdə əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri haqqında müzakirələr aparılıb.

İran Prezidenti Administrasiyasının rəhbəri Mahmud Vaezi ilə keçirilən görüşdə ölkələrin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipinin əhəmiyyəti vurğulanıb. Azərbaycanın işğal altındakı ərazilərinin azad olunmasından və Dağlıq Qarabağ münaqişəsinin başa çatmasından rəsmi Tehranın məmnun olduğu ifadə edilib.

Qeyd olunub ki, Azərbaycan torpaqlarının işğaldan azad olunması regionda sülhün və sabitliyin təmin olunmasında vacib şərtdir və Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsinə nəzarətin bərpa edilməsi dost və qardaş İran ilə daha geniş əməkdaşlıq üçün yeni fürsətlər və perspektivlər yaradır.

Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan-İran sərhədini dostluq sərhədi adlandırmasının İranda xoş qarşılandığı və yüksək qiymətləndirildiyi qeyd edilib.

Hər iki ölkənin dövlət başçılarının siyasi iradəsi ölkələr arasında əməkdaşlığın miqyasını ən yüksək səviyyəyə qaldırıb.

Energetika Nazirliyində keçirilən görüşdə iki ölkə arasında elektroenergetika sahəsində əməkdaşlıq əlaqələri müzakirə olunub, icrada olan layihələrin sürətləndirilməsi istiqamətində atılacaq addımlar barədə fikir mübadiləsi aparılıb. Azərbaycan-İran-Rusiya enerji sistemlərinin birləşdirilməsi, Azərbaycan-İran-Türkiyə arasında elektrik enerjisi ticarəti məsələləri müzakirə edilib. Araz çayının su və enerji potensialından səmərəli istifadə edilməsi üçün icra olunan layihələrin əhəmiyyəti vurğulanıb. “Ordubad” və “Marazad” su elektrik stansiyaları ilə bağlı məsələlər müzakirə edilmiş, o cümlədən “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyalarının tikintisinin tezliklə başa çatdırılması üçün atılacaq növbəti addımlar, həmçinin, layihələrin icrası məqsədilə yaradılmış komissiyalar və işçi qrupları tərəfindən keçirilən görüşlər və onların nəticələri müzakirə edilib. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində elektroenergetika sahəsində əməkdaşlıq imkanları və bərpa-yenidənqurma işlərində İran şirkətlərinin iştirakı məsələlərinə dair fikir mübadiləsi aparılıb. Həmçinin, sərhəd çaylarının birgə istismarı sahəsində Azərbaycan ilə İranın əməkdaşlığının dünyada nümunə olduğu vurğulanıb, növbəti ildə Naxçıvan MR ərazisində Araz SES və hidroqovşağının birgə istismarının 50 illiyinin yüksək səviyyədə qeyd edilməsi razılaşdırılıb.

Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyində keçirilən görüş zamanı iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlıq məsələlərinə dair ətraflı fikir mübadiləsi aparılıb. İran tərəfi işğaldan azad olunmuş ərazilərdə mina və partlayıcı maddələrin zərərsizləşdirilməsi sahəsində öz təcrübə və imkanlarını Azərbaycan tərəfi ilə bölüşməyə hazır olduğunu bildirib.