YAP-dan Əli Kərimli ilə Cəmil Həsənliyə sərt cavablar

“Müxalifətin radikal qanadının yaratdığı ”milli şuranın" Azərbaycanın milli maraqlarına tam zidd siyasi xətt tutması yeni hadisə deyildir. Milli Şura adlandırılmasına baxmayaraq, təsis edildiyi ilk gündən antimilli mahiyyət nümayiş etdirməsi bu qurumun az qala siyasi brendinə çevrilib".

Bu barədə baş nazirin müavini, YAP-ın icra katibi Əli Əhmədov özünün rəsmi facebook səhifəsində yazıb.

Əli Əhmədov qeyd edib ki, Azərbaycana qarşı təbliğat aparmaq “milli şuranın” təkcə siyasi taktikası deyil, həm də ideologiyasıdır. Onun siyasi fəlsəfəsində və apardığı təbliğatda müxtəlif xarici qüvvələrin anti-Azərbaycan kampaniyaları ilə oxşar cəhətlər o qədər çoxdur ki, bunları sadəcə təsadüf kimi qiymətləndirmək sadəlövhlük olardı.

Əli Əhmədov | Report.az

Əli Əhmədov: “Əli Kərimli-Cəmil Həsənli cütlüyü bəzi maraqlı dairələrin dəstəyi ilə əldə etdiyi təbliğat imkanlarını səfərbər edərək tarixi qələbəmizə inamı sarsıtmağa çalışır”

Onun sözlərinə görə, Milli Şuranın və anti-Azərbaycan qüvvələrin ölkəmizə qarşı apardığı çirkin siyasi kampaniyanın vahid ideoloji-təbliğat platformasından çıxış etməsi ikinci Qarabağ müharibəsinin başa çatmasından sonra bir daha özünün təkzibedilməz təsdiqini tapmaqdadır: “Qarabağın azad olunması, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi və tarixi ədalətin bərqərar olunması ilə yekunlaşmış Vətən müharibəsinin nəticələrinin təftiş edilməsi Azərbaycanın düşmənlərinin və onlara havadarlıq edənlərin anti-Azərbaycan təbliğatının başlıca vəzifəsinə çevrilib. Müharibədə məğlub olan, işğal etdiyi Azərbaycan ərazilərini geri qaytarmağa məcbur edilən, ordusu tar-mar olunmuş Ermənistanın bu yönümdə əlacsız cəhdlərini bəlkə də başa düşmək olar. Lakin ”milli şuranın" rəhbərləri olan Əli Kərimli-Cəmil Həsənli cütlüyünün və ətrafındakılarının mahiyyət etibarilə anti-Azərbaycan dairələrin apardığı çirkin kampaniyadan heç nə ilə fərqlənməyən hərəkətlərini, böhtançı və əslində satqın təbliğat kampaniyalarını başa düşmək heç cür mümkün deyil. Sağlam təfəkkür bu işdə acizdir. Buna görə də minlərlə, on minlərlə insan “milli şura” təmsilçilərinin dövlət maraqlarımızla daban-dabana zidd olan hərəkətlərini və təbliğatını sadəcə lənətləyirlər".

YAP icra katibi həmçinin bildirib: “Paradoks bundan ibarətdir ki, 1992-1993-cü illərdə birinci Qarabağ müharibəsini uduzan AXC-Müsavat hakimiyyətinin ”milli şurada" təmsil olunan nümayəndələri II Qarabağ müharibəsində xalqımızın şanlı qələbəsinin tarixi əhəmiyyətinin üzərinə kölgə salmağa çalışır, nəticələri təftiş edir və bu hərəkətləri ilə anti-Azərbaycan qüvvələrlə bir mövqedə dayanırlar. Xalqımızın və dövlətimizin düşmənləri ilə eyni mövqedə olan, eyni dərəcədə anti-Azərbaycan təbliğatı aparanlar özlərini nə qədər “milli şura” adlandırsalar da, milli xəyanət yoluna yuvarlandıqlarından yaxalarını kənara çəkə bilməyəcəklər. Vətən müharibəsi tarixi qələbəmizlə başa çatıb. Düşmən məğlub olub. 30 il işğal altında olan Qarabağ azad edilib. Bütün dünya Prezident, Ali Baş Komandan İlham Əliyevin möhtəşəm zəfərini qəbul edir, Cənubi Qafqazda tamamilə yeni reallıqların meydana gəlməsi faktı ilə razılaşır. Əli Kərimli-Cəmil Həsənli cütlüyü isə bəzi maraqlı dairələrin dəstəyi ilə əldə etdiyi təbliğat imkanlarını səfərbər edərək tarixi qələbəmizə inamı sarsıtmağa, xalqın yeni qürur və ilham mənbəyinə şübhə yaratmağa çalışır. Buna milli xəyanətdən başqa ad vermək mümkün deyil. Təəssüf ki, milli maraqlarımıza xəyanət “milli şura” adı altında həyata keçirilir".

Aydın Mirzəzadə: "İcra başçısının tutulması göstərir ki..."

Aydın Mirzəzadə: “Partiyasının adındakı ”Azərbaycan" sözünü götürsün"

YAP-ın şöbə müdiri, deputat Aydın Mirzəzadə də Milli Şuranı və AXCP sədri Əli Kərimlini özünün facebook səhifəsində sərt tənqid edib. O qeyd edib ki, Vətən müharibəsi dövründə susan Milli Şura, müxalif AXCP sədri Əli Kərimli bir neçə gündür cəsarətlənib: “Bu gün isə Ermənistanın kapitulyasiya etmədiyini iddia edir. Elə Ermənistan da bunu deyir. İkisi də Böyük Zəfərə kölgə salmağa, qələbəmizin əhəmiyyətini azaltmağa çalışırlar. Çalışsın, amma partiyasının adındakı ”Azərbaycan" sözünü götürsün".

Etibar SEYİDAĞA,

“Yeni Müsavat”