Türkiyənin təkrar zəiflədilməsi üçün bütün mümkün vasitələrə əl atmaqdadırlar Türkiyənin təkrar zəiflədilməsi üçün bütün mümkün vasitələrə əl atmaqdadırlar

Daha bir partiya bəyanat verdi: Türkiyəni zəiflətmək istəyirlər...

Türkiyənin təkrar zəiflədilməsi üçün bütün mümkün vasitələrə əl atmaqdadırlar

Vətəndaş və İnkişaf Partiyası da Amerika prezidentinin 1915-ci il hadisələrində ölmüş ermənilərlə bağlı “soyqırımı” ifadəsini işlətməsinə etiraz edib.

AzNews.az xəbər verir ki, VİP-in bəyanatında deyilir:

ABŞ və bir sıra Qərb dövlətlərinin saxta “erməni soyqırımı” iddiaları üzərində Türkiyəyə qarşı artıq bir əsrdən çoxdur davam edən siyasi spekulyasiya cəhdləri yeni mərhələyə keçib. “Erməni məsələsi”ndən öz siyasi məqsədləri üçün yararlanmağı hədəfləyən Qərb dövlətləri tarixi gücünü bərpa edərək regionda və dünyada mövqelərini möhkəmlədən Türkiyənin təkrar zəiflədilməsi üçün bütün mümkün vasitələrə əl atmaqdadırlar.

ABŞ prezidenti Co Baydenin saxta “erməni soyqırımı”nın növbəti “ildönümü” ilə bağlı müraciətində 1915-ci il hadisələrini tarixi-siyasi gerçəkliklərə qətiyyən uyğun gəlməyən qəbulolunmaz məfhum ilə ifadə etməsi siyasi riyakarlığın növbəti örnəyi kimi dəyərləndirilə bilər. Bayden bu yolverilməz ifadə seçimi ilə bir daha nümayiş etdirdi ki, o da öz yaxın sələfləri kimi tarixi obyektivliyə və ədalət prinsiplərinə deyil, saxta və qondarma iddialara əsaslanan siyasət yürüdülməsinə üstünlük verir.

Baydenin bəhs olunan bu tarixi səhvi NATO-nun iki ən güclü dövləti olan ABŞ və Türkiyə arasında mövcud anlaşılmazlıqların aradan qaldırılmasına, o cümlədən, regionda yaranmış son dərəcə mürəkkəb vəziyyətdə Rusiyanın artan təzyiqlərini dəf etmək üçün Vaşinqtonla Ankaranın birgə hərəkət edəcəyinə yönəlik gözləntilərə də böyük zərbə vurdu.

Bununla belə, ABŞ prezidentinin məlum ifadə seçimi tarixi həqiqəti dəyişə bilməz. Türkiyə bu gün onu ittiham edən ABŞ, Fransa və başqa ölkələrdən fərqli olaraq heç vaxt digər xalqlara qarşı soyqırımı törətməyib. Əksinə, istər Osmanlı İmperatorluğu, istərsə də Türkiyə Cümhuriyyətində yaşayan qeyri-türk və qeyri-müsəlman əhali daim ədalətlə himayə edilib. Ona görə də bu gün Türkiyəni saxta ittihamlarla hədəfə alan dövlətlərin ilk növbədə öz tarixlərinə nəzər salıb nəticə çıxarmaları daha doğru olardı.

Vətəndaş və İnkişaf Partiyası (VİP) ABŞ prezidenti Co Baydenin erməni saxtakarlığını stimullaşdıraraq 1915-ci ilin məlum olaylarını “soyqırımı” adlandırmasını qətiyyətlə pisləyir və bunu çirkin siyasi məqsədlərin növbəti təzahürü kimi qiymətləndirir. VİP ABŞ siyasi dairələrini analoji spekulyasiyalara son qoymağa və Türkiyəyə qarşı tarixi saxtakarlığa əsaslanan siyasətdən imtana etməyə çağırır. Eyni zamanda, VİP bu kimi hücumlar fonunda Türkiyə ilə Azərbaycan arasında birgəliyi dərinləsdirən addımların sürətləndirilməsini zəruri sayır.