Cəbhəçilər "Mirzeyi", Sevinc "Qoçəli" oynamaq istəmir - ŞABAŞ DAVASI

Tofiq Yaqublu: "Proseslərə Sevinc xanımın diktə və tələbi ilə yanaşma fikrimiz, nə də öhdəliyimiz yoxdur"

Azərbaycanda fəaliyyət göstərəndə- istər müxtəlif kanallarda, istərsə də ABŞ səfirliyində çalışanda- Sevinc Mirzəyevanın ipinin üstünə odun yığmağı kimsə bacarmazdı. İşlədiyi mühitdə intriqasız keçinə bilməyən Sevinci maddiyyatdan başqa heç nə düşündürmürdü. O, öz mənfəəti naminə, lap kiçik məbləğdə olan bir vəsait üçün şirin dil tökməyə də, içindəki ilanın zəhərinin toplandığı tuluğun ağzını açmağa da hər an hazır idi. Sevinc xalq hərəkatının fəallarına, milli-azadlıq prosesində formalaşmış siyasətçilərə üstdən-aşağı, diksinə-diksinə, iyrənə-iyrənə baxır, mövcud hakimiyyətə özünü loyal göstərməyə çalışsa da, hakim elitaya da kin bəsləyirdi. Vaxtılə Azərbaycanda “Xəyal” adlı bir möhtəkirlik zənciri qurulmuşdu. Mütəllibov hakimiyyətinin şəhid mətbuat katibinin qızının həmin şəbəkənin qurucuları ilə əlaqəsi çox güman ki yox idi. Ancaq Sevinc öz həyat obrazına görə eyni zehniyyətin daşıyıcısı idi və sadəlövh insanları zəncirə bağlamaq onun ən böyük arzusu sayıla bilərdi. O, öz şəbəkəsini Azərbaycanda qura bilmədi və ölkəni tərk etdi. Necə tərk etdiyi, niyə tərk etdiyi də məlumdur. ABŞ-da qərar tutdu və qərara gəldi ki, Azərbaycandakı sadəlövh insanlara kəmənd atsın.

Onu Bakıdan çıxardıb ABŞ-a aparanların və eynilə Sevinc kimi istər keçmiş, istərsə də mövcud iqtidarın elitasına və sosial bazasına xılt qusan Leyla Yunusla rəfiqəlik münasibətləri qurması hesabına “Youtub” üzərindən yayımlanan kanal açdı. Cilddən-cildə girməyi bacaran və intellektual baxımdan “Pre-intermediate” səviyyəsindən aşağı olan bir intriqant üçün demokrat donu geymək heç də çətin olmadı. AXCP sədri Əli Kərimlinin ənənəvi KİV-ə təsirinin demək olar ki qalmaması fonunda sosial şəbəkələrə üz tutması isə onların cari maraqlarını ortaqlaşdırdı. Sevinc bəzən üzünə süni təbəssüm verərək, bəzən də boğazını saxta qəhərlə dolduraraq yolunda özündən başqa kimsə olmayan, daha doğrusu qalmayan AXCP sədrinə virtual mikrofon açdı. Ancaq çox keçmədi ki, ABŞ və Qərb dairələrində kimlərin və niyə qrant verməsi barədə yetərincə məlumatlı olan, siyasi müxalifətçilik karyerası xarici fondların hər il milyonlarca vəsaiti əhatə edən ianələri hesabına qurulan Əli Kərimli ilə Sevinc arasında “kim-kimin ipinin üstünə odun sərir” sualı sorun yaratdı. Əli Kərimli, əlbəttə, Sevincin Azərbaycan ictimai rəyinə kəmənd atmasını fərq etməyə bilməzdi. Ancaq məsələ budur ki, Sevinc atdığı kəməndlə Əli Kərimlini qarşısında “müftə oynatmaq” istəyirdi. Bu zaman Sevincə başa salındı ki, əgər kanalının müxalif auditoriya tərəfindən dışlanmasını, sonunda donorları tərəfindən yarıtmazlıqda suçlanmağını istəmirsə, “dünyanın parasını” tək yemək iştahını yenidən nəzərdən keçirməlidir. Qüssəli bu mesajı nəzərə almaya bilməzdi, hərisi olduğu pulu “ideya üçün” xərcləmək də onun təbiətinə ziddi. Yeni konflikt qaçılmaz idi.

Öz primitiv və dar düşüncəsini “əqidə” kimi Azərbaycan cəmiyyətinə təlqin etməyə çalışan, Müsavatın üzvü, hətta həmin partiyada başqanlığa namizəd ola-ola yaxsını AXCP sədri Əli Kərimli üçün cıran, bununla da Azərbaycan ictimai-siyasi mühitində prinsipsizliyin müstəsna örnəyini yaradan Tofiq Yaqublunu dinləyək. Tofiq Yaqublunun 08 iyun 2022-ci ildə, yəni cəmi bir neçə gün öncə püskürdüyü od okeanın o tayına yəqin çatmış olar:

- “Sevinc Osmanqızı özünün Osmanqızı TV yutub kanalında “Tofiq Yaqublu həbsdə olanda Əli Əliyevin dedikləri” başlığı altında bir video paylaşıb. Çox təəssüf ki, o, belə bir manipulyasiyaya əl atdı”.

- “Yaxşı olardı ki, hörmətli Sevinc xanım montaj etdiyi bu videoda analoji olaraq mənim də Əli bəyin müdafiəsi üçün dediklərimi yerləşdirərdi, çünki belə daha dürüst olardı. İndi isə, mənim bu montaj edilmiş videodakı sözlərimə aydınlıq gətirim. Həmin sözlər “Azərbaycan saatı” verilişində Qənimət Zahidlə müsahibəmdən kontekstdən çıxarılaraq götürülüb. Hörmətli Sevinc xanım öz efirində məndən soruşur ki, niyə sizinkilər həbsdə olan Saleh Rüstəmli və Niyaməddin Əhmədov kimi “əhəmiyyətsiz” adamları çox ürəkdən müdafiə edirlər, onlar haqqında şəkillər və statuslar paylaşırlar, amma Əli Əliyev haqqında bunu etmirlər. Mən də cavabımda bildirmişəm ki, şəxsən mən özüm onu kifayət qədər müdafiə etmişəm, amma sıravi müsavatçı və cəbhəçilər onun haqqında belə düşündükləri üçün bu işdə həvəssizdirlər”.

Tofiq Yaqublunun sözügedən açıqlamasında daha bir məqam var. Lütfən, bu məqama xüsusi diqqət edin:

“Bizim hadisə və proseslərə Sevinc xanımın diktə və tələbi ilə yanaşma fikrimiz, nə də öhdəliyimiz yoxdur”.

Göründüyü kimi, qüssəli Mirzəyeva iki Əli (Kərimli və Əliyev) arasında sanki manevr edərək şantaja əl atıb, Yaqublunun Qənimət Zahidin efirindəki intervyüsünü qayçılayaraq narazı kəsimi AXCP-nin üstünə qaldırmağa cəhd edib. Bunun səbəbini isə Tofiq Yaqublu Sevinc Mirzəyevanın AXCP-ni, Milli Şuranı öz diktəsi altında saxlamaq niyyəti və onlara direktivlər, təlimatlar verməsi ilə izah edir. Yaqublunun bu şərhi qüssəli ilə Əli arasında latent fazaya qaytarılmış münaqişənin yenidən açıq müstəvidə cərəyan etməsidir. Açıqdan-açığa qrant davası gedir. Məşhur bir prinsip var: pulu kim ödəyirsə, musiqini də o sifariş verir. Sevinc aldığı qrantlar hesabına AXCP-yə ötürdüyü pulların müqabilində cəbhəçilərin “Mirzeyi” oynamasını tələb edir, cəbhəçilər isə deyir ki, bizim havamız “Qoçəli”dir. Özünü müxalifət mətbəxinin baş aşpazı kimi görən intriqant isə öz mənfəətləri üçün iki “qoç əli” kəsmək, başlarını da bir qazanda qaynatmaq istəyir. Xaş mövsümü keçsə də...

İlyas ZÜLFÜ