- İşin içi
- 14:34
- 1 373
Azərbaycan qlobal dəyər zəncirində necə yüksələ bilər? - ŞƏRH
Azərbaycanın regional və qlobal dəyər zəncirlərində daha yüksək mövqeyə yüksəlməsi üçün əsas imkanlar artıq yalnız xammal və tranzitlə məhdudlaşmır. BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Dmitro Şlapaçenkonun II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda səsləndirdiyi fikirlər də diqqəti məhz innovasiya, özəl sektor, insan kapitalı, ixrac rəqabətqabiliyyəti və beynəlxalq standartlara uyğunlaşma kimi amillərə yönəldir. Bu yanaşma Azərbaycanın iqtisadi şaxələndirmə gündəliyində növbəti mərhələnin istehsalın həcmini artırmaqla yanaşı, onun əlavə dəyərini yüksəltməklə bağlı olduğunu göstərir.
Qlobal iqtisadiyyatda dəyər zəncirlərinin yenidən formalaşması Azərbaycan üçün əlverişli imkanlar yaradır. Şirkətlər son illərdə təchizat zəncirlərinin dayanıqlığını artırmaq, marşrutları şaxələndirmək və istehsalı müxtəlif regionlara bölüşdürmək istiqamətində addımlar atırlar. Belə şəraitdə Azərbaycanın coğrafi mövqeyi, Bakı Beynəlxalq Dəniz Limanı, dəmir yolu infrastrukturu və Şərq-Qərb nəqliyyat əlaqələri ölkəyə yalnız tranzit xidmətlərindən deyil, həmin marşrutlar üzərində yaranan istehsal və logistika imkanlarından da daha geniş istifadə etməyə şərait yaradır.
Dünya Bankının təhlilləri də Orta Dəhlizin potensialının məhz bu aspektdən qiymətləndirilməli olduğunu göstərir. Bankın hesablamalarına görə, lazımi investisiyalar, logistika, rəqəmsallaşma və ticarətin asanlaşdırılması tədbirləri həyata keçirildiyi halda 2030-cu ilədək dəhliz üzrə yük axınlarının üç dəfə artırılması və tranzit müddətinin təxminən yarıya endirilməsi mümkündür. Eyni araşdırmada Azərbaycan, Gürcüstan və Qazaxıstanla Avropa İttifaqı arasındakı ticarətin də artacağı modelləşdirilir.
Lakin tranzit üstünlüyünün özü yüksək əlavə dəyər yaratmır. Əsas iqtisadi nəticə yükün Azərbaycandan keçməsi ilə yanaşı, həmin yükə xidmət göstərən sənaye, logistika, emal, texnologiya və digər bizneslərin ölkə daxilində formalaşması ilə yaranır. Məsələn, aqrar məhsulun sadəcə ixrac edilməsi ilə onun çeşidlənməsi, qablaşdırılması, emal olunması, sertifikatlaşdırılması və regional distribusiya mərkəzindən xarici bazarlara göndərilməsi arasında ciddi əlavə dəyər fərqi var. Eyni məntiq qeyri-neft sənayesinin digər sahələrinə də aiddir.
Bu mərhələdə Avropa bazarı xüsusi əhəmiyyət daşıyır. Aİ-nin böyük və vahid istehlak bazarı Azərbaycan istehsalçıları üçün geniş kommersiya imkanları yaratsa da, bu bazara çıxış yalnız coğrafi yaxınlıqla müəyyənləşmir. Məhsulun keyfiyyəti, texniki reqlamentlərə uyğunluğu, sertifikatlaşdırma, izlenebilirlik, ekoloji tələblər və təchizatın davamlılığı getdikcə daha böyük rol oynayır. Ümumdünya Ticarət Təşkilatının 2026-cı il üzrə hesabatında da qeyri-tarif tədbirlərinin bir çox iqtisadiyyat üçün ticarət xərclərinə tariflərdən daha böyük təsir göstərdiyi vurğulanır. Bu səbəbdən standartların beynəlxalq normalarla uyğunlaşdırılması ixracın genişlənməsi üçün texniki məsələ olmaqdan çıxaraq rəqabətqabiliyyətinin əsas elementlərindən birinə çevrilir.
Azərbaycanın ÜTT-yə üzvlük prosesi də bu kontekstdə xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın İşçi Qrupu 1997-ci ildə yaradılıb və 2026-cı ilin fevralında ölkədə ÜTT-yə üzvlüklə bağlı texniki hazırlığın gücləndirilməsinə həsr olunmuş xüsusi seminar keçirilib. ÜTT-nin öz qiymətləndirmələrinə görə, üzvlüyə hazırlıq prosesi ölkələrin ticarətlə bağlı qanunvericilik və praktikasının beynəlxalq qaydalarla uyğunlaşdırılmasını tələb edir. Bu prosesin iqtisadi baxımdan əhəmiyyəti ondan ibarətdir ki, ixracatçı şirkətlərin xarici bazarlarda qarşılaşdığı texniki və tənzimləyici fərqlərin azalması onların bazara daxilolma xərclərinə də təsir göstərə bilər.
İnnovasiya və insan kapitalı isə bu modelin digər dayağıdır. Dördüncü sənaye inqilabı şəraitində istehsalın rəqabət üstünlüyü yalnız ucuz əmək və ya resurs təminatı ilə formalaşmır. Avtomatlaşdırma, süni intellekt, rəqəmsal logistika, məlumatların emalı və yüksək dəqiqlikli istehsal texnologiyaları yeni bacarıqlara tələbi artırır. Dünya Bankının Azərbaycan üzrə tərəfdaşlıq strategiyasında da məhsuldarlığın yüksəldilməsi, daha keyfiyyətli iş yerlərinin yaradılması, rəqəmsal bağlantıların inkişafı və süni intellekt kimi yeni texnologiyaların tətbiqi prioritet istiqamətlər sırasında göstərilir.
Bu baxımdan özəl sektorun rolu da dəyişir. İxracın davamlı şəkildə artırılması üçün yalnız dövlət dəstəyi deyil, şirkətlərin texnologiyaya, məhsul keyfiyyətinə, marketinqə, tədqiqat və inkişafa sərmayə qoyması vacibdir. Xüsusilə orta və yüksək texnologiyalı istehsal sahələrinin inkişafı Azərbaycanın qlobal dəyər zəncirlərində daha yuxarı pillələrə keçməsinə imkan verə bilər. Burada məqsəd yalnız daha çox məhsul satmaq deyil, həmin məhsulun qiymətində Azərbaycan daxilində formalaşan əlavə dəyərin payını yüksəltməkdir.
Nəqliyyat infrastrukturu, insan kapitalı, innovasiya və standartların uyğunlaşdırılması bir-birindən ayrı istiqamətlər deyil. Onların effektivliyi bir-birini tamamlamasından asılıdır. Güclü logistika ixracı sürətləndirə bilər, lakin beynəlxalq standartlara cavab verməyən məhsulun bazara çıxışını təmin etmir. Eyni zamanda yüksək texnologiyalı istehsal müəssisəsi mövcud olsa da, səmərəli logistika və rəqabətli maliyyələşmə imkanları məhduddursa, onun xarici bazarlarda mövqelənməsi çətinləşə bilər. Buna görə Azərbaycanın regional istehsal və logistika mərkəzi kimi potensialının reallaşması iqtisadi siyasətin bu komponentlərinin vahid dəyər zənciri daxilində əlaqələndirilməsindən keçir.
Beləliklə, qarşıdakı mərhələdə Azərbaycanın qeyri-neft iqtisadiyyatının əsas göstəricilərindən biri yalnız ixracın dollar ifadəsində artımı deyil, ixrac olunan məhsul və xidmətlərdə texnologiya, bilik və yerli əlavə dəyərin payı olacaq. Orta Dəhlizin genişlənməsi bu proses üçün infrastruktur bazası yaradır, innovasiya və insan kapitalına investisiyalar isə həmin imkanın daha yüksək gəlir yaradan istehsal sahələrinə çevrilməsini təmin edə bilər. Azərbaycanın regional iqtisadi mövqeyinin möhkəmlənməsi də məhz tranzit imkanlarının istehsal, texnologiya və ixrac potensialı ilə birləşdirilməsi fonunda daha geniş iqtisadi məna qazanır.
Nuray,
AzNews.az