Oyun oğlanı və oğlanın oyunları

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi hazırda həbsdə olan və adətən publikaya "ictimai fəal" kimi təqdim olunan Bəxtiyar Hacıyevlə bağlı açıqlama yayıb. Açıqlamada son günlər müxtəlif yaş qruplarına aid olan qadınlarla, o cümlədən yeniyetmə qızlarla əxlaqdankənar münasibətləri gündəm olmuş Bəxtiyar Hacıyevin yazışma, şəkil və videolarının Daxili İşlər Nazirliyi tərəfindən istintaqa dəvət zamanı ələ keçirilməsi barədə yayılan iddialar qətiyyətlə təkzib edilib. DİN sözçüsü, polkovnik-leytenant Elşad Hacıyev bildirib ki, o, polis orqanlarına dəvət olunarkən inzibati binalara vəkili ilə birgə gəlib və heç bir elektron cihaz təqdim etməyib. DİN nümayəndəsi daha sonra deyib:

“O, vəkili ilə birgə məhkəməyə aparılıb, məhkəmə qərarından sonra Bakı İstintaq Təcridxanasına köçürülüb. Onun şəxsi əşyalarına baxılması və yaxud köçürülməsi ilə bağlı iddiaları qəti olaraq təkzib edirik. B.Hacıyevin şəxsi hesablarından ayrı-ayrı ictimai fəallarla bağlı yayılan məlumatlar – görüntülər və yazışmalarla bağlı suala cavab olaraq şöbə rəisi bildirib ki, bu məlumatların haradan, necə qaynaqlandığı, B.Hacıyevin onlara məxsus məlumatların arxivləşdirilməsi ilə bağlı bir neçə qadından və onların ailə üzvlərindən şikayət xarakterli müraciətlər daxil olub. Həmin müraciətlər üzrə müvafiq araşdırmalar aparılır”.

Bundan daha öncə isə mediada Bəxtiyar Hacıyevlə yaxşı münasibətlərə malik olan İlkin Rüstəmzadənin açıqlaması yayılıb. Yenisabah.az saytında yayılmış müraciətində o, saxlanılmış dostundan aclıq aksiyasını dayandırmağı tələb edib:

"Vəkilləri görüşürlər, həqiqəti demirlər. Demirlər, şəkillərin yayılıb. Demirlər ki, cəmiyyət səni söyür. Demirlər ki, şəxsi qrupdakı yazışmalarınız yayılıb, cəmiyyət hamımıza, bütün aktivist çevrəsinə murdar insanlar kimi baxır, artıq. Bəxtiyar, aclığı dayandır. Artıq səni müdafiə edə bilmirik. Ağzımızı açan kimi, söyürlər. Haqsız da deyillər. Game Over. Oyun bitdi. Uduzdun. Yüzlərlə qız hədəfdədir".

Göründüyü kimi, İ.Rüstəmzadənin xitabında Bəxiyar Hacıyevin azadlıqdakı qeyri-ictimai fəaliyyətinin pərdəarxası ilə bağlı çox ciddi təlaş duyulur və həyacan təbili çalınaraq yüzlərlə qızın tora salınmasından və onların bir qisminin intihar həddinə çatdığından bəhs edilir. Elə DİN sözçüsü Elşad Hacıyev də onu bildirir ki, bu məlumatların haradan, necə qaynaqlandığı, B.Hacıyevin onlara məxsus məlumatların arxivləşdirilməsi ilə bağlı bir neçə qadından və onların ailə üzvlərindən şikayət xarakterli müraciətlər daxil olub.

İki açıqlamadan çıxan bir nəticə odur ki, Azərbaycan cəmiyyəti Bəxtiyar Hacıyevin timsalında "Harun Yəhya vaqeəsi" ilə müqayisə olunacaq bir proseslə üz-üzədir. Türkiyədə çıxarılmış məhkəmə hökmündən məlum olur ki, dini sekta quraraq özünü cəmiyyətə "Harun Yəhya" kimi təqdim edən Adnan Oktar adlı şəxs manyaklıq dərəcəsinə çatmış öz seksual ehtiyaclarını ödəmək üçün çoxsayda qadını yoldan çıxarmış və onları davamlı olaraq təhdid və şantaj altında saxlamışdı. Azərbaycan qanunlarına görə, hər kəsin təqsirsizlik presumpsiyası var və bu prezumpsiya cinayətləri məhkəmə qaydasında sübut olunmamış hər bir şəxsi suçlu elan etməyi yasaqlayır. Odur ki, istintaq aparılmadan, məhkəmə hökmü olmadan Bəxtiyar Hacıyevi də suçlu elan etmək olmaz. Bununla belə, yayılan foto və video materiallardan, səs yazılarından görünür ki, müxtəlif qadınlarla intim münasibətləri elə Bəxtiyar Hacıyevin özü tərəfindən çəkilib, bəzi hallarda dostlarına göndərilib, hətta həmin şəxslərə görüntüsü göndərilən qadınlarla "samovar qaynatmaq" təklif olunub. Həmçinin yazışmalardan belə məlum olur ki, Hacıyev öz partyorlarına üçlükdə seks partiyaları təklif edib. Bu cür orqiyaların təşkil olunub-olunmadığı indiki halda naməlum qalsa da, Hacıyev və çevrəsi üçün "normal" olduğu göz önündədir. Fəqət bu orqiyalarda çəkilən foto və video görüntülər Fətullah Gülən şəbəkəsi ilə sıx əlaqəsi olan, hətta Pensilvaniyada "hoca" ilə görüşmüş Hacıyev tərəfindən şantaj məqsədi ilə istifadə olunmaq üçün qeydə alınıbmı? Bax, bu suala artıq hüquq-mühafizə orqanları cavab tapmalıdır. Çünki bir çox hüquqşünas Hacıyevin əməllərinin respublikanın Cinayət Məcəlləsinin şəxsi həyatın toxunulmazlığın pozulmasına görə və seksual xarakterli hərəkətlərlə bağlı cəzalandırlması nəzərdə tutulan bir neçə maddəsinin tərkibinə uyğun hesab edirlər. Hacıyevin artıq dayandırdığın elan olunduğu aclıq aksiyasının və müdafiəçilərinin onun həbs olunmasında iqtidarı günahkar çıxartmaq cəhdlərinin də arxasında məhz bu amil dayana bilər. Belə ki, Azərbaycanın beynəlxalq hüquq normalarına tam uyğun şəkildə tərtib olunan qanunlarına görə, təcridxanada hər hansı məhbusun aclıq aksiyası keçirərək ölməsi mümkün deyil, həyatına təhlükə yaranacağı təqdirdə məcburi qidalandırılma tətbiq olunmalıdır. Bunu Hacıyev də, hüquq müdafiəçiləri də çox yaxşı bildiyindən "aclıq aksiyası" adı altında şou göstərilirdi.

Bəxtiyar Hacıyevin iqtidarla, daha doğrusu, iqtidarın ayrı-ayrı yüksək ranqlı məmurları ilə münasibətləri heç zaman birmənalı olmayıb və o, heç bir zaman "əqidəli müxalif" kimi xarakterizə olunmayıb. Lakin onun ictimai maraqlardan daha çox şəxsi mənfəətlərinə hesablanmış müxalif davranışlarını kənara qoyaq. Hacıyev öz sosial şəbəkə hesabından daha çox tanıdığı, yaxın olduğu insanların sevgililərinə, həyat yoldaşlarına, qızlarına "girişib" və məsələyə sosial şəbəkələrdə münasibət bildirmiş əksəriyyətin fikrincə, bununla Azərbaycan cəmiyyətinin mental dəyərlərinə, ailə institutuna qarşı əxlaqsızlıq nümunəsi ortaya qoyub. İctimai fəal Yusif Nəbiyev haqlı olaraq hesab edir ki, siyasi iddialı şəxs olduğundan- o, Milli Məclisin üzvlüyünə namizəd olub- Bəxtiyar Hacıyevin psixi, əxlaqi-mənəvi və məişət pozğunluğu ölkənin ictimai-siyasi həyatı üçün risklər yaradır. Yeri gəlmişkən, Bəxtiyar Hacıyevin saxlanılmasını yerli və beynəlxalq hüquq müdafiəçiləri PR aparmaq və qrant almaq üçün siyasi motivlərlə izah etsələr də, gerçəklik tam ortadadır. O, aralarında yaşanmış və ictimai yaddaşda "pişik cütləşdirmə qalmaqalı" kimi möhkəmlənmiş insidentə görə- Ülviyyə Alovlu ilə məhkəmədə və məhkəmədən kənardakı konflikti ilə uzun müddət gündəmdə olub və qadın jurnalistin həbsinə çalışıb. Bunun üçün müxtəlif dövlət orqanlarına, məhkəməyə öz Facebook səhifəsindən təzyiq göstərməyə cəhd edib. Məhkəmə iclaslarından birində isə prosedur tələbləri kobudcasına pozduğu üçün həbs olunub. Görəsən, tez-tez Bəxtiyar Hacıyevin Harvard Universitetinin məzunu olmasına istinad edənlər heç özlərinə sual verirlərmi ki, nədən dünyanın ən reytinqli universitetinin diplomuna malik bir şəxs öz intellektual çıxışları, araşdırmaları, təhlilləri ilə deyil, qaranlıq əlaqələri, şəxsi konfliktləri, münasibətləri pozulmuş dostlarının hüquq-mühafizə orqanları tərəfindən cəzalandırılması ilə bağlı irəli sürdüyü tələblər, təkcə özünün yox, həmçinin pişiklərinin cinsi həyatı ilə gündəmə gəlir?

Aqşin Arifoğlu,

Baxış Sabirov,

AzNews.az