Laçın Zirvəsi: Qələbənin rəmzi məkanda yeni əməkdaşlıq modeli

“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 107-ci ildönümü bu il İslam dünyasının iki böyük dövləti — qardaş Türkiyə və Pakistanla birlikdə Laçında qeyd olundu. Bu həm tarixi əhəmiyyət daşıyan hadisənin simvolik qeyd olunması, həm də Azərbaycanın regional liderliyinin nümayişi baxımından mühüm mesaj idi. Prezident İlham Əliyevin dəvəti ilə keçirilən Laçın Zirvə görüşündə üç ölkənin liderləri bir araya gəldi. Görüşün məhz Laçında keçirilməsi simvolikdir — şəhər həm Qarabağ müharibəsinin döyüş meydanında və diplomatik müstəvidə əldə olunan qələbəsinin, həm də postmünaqişə dövrü genişmiqyaslı bərpa və inkişaf prosesinin təcəssümüdür”.

Bu fikirləri AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı Rizvan Nəbiyev deyib.

Xatırladaq ki, Laçında Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Zirvə görüşü Rusiya, ABŞ, Qərb, İran və Hindistan kimi böyük güclərin diqqətini Bakıya yönəltdi. İran və Rusiya Azərbaycanın xarici siyasətinə geosiyasi təzyiqlər göstərir, Qərbdə də bənzər mövqe müşahidə olunur. ABŞ isə balans siyasəti ilə regional təsir dairəsini genişləndirməyə çalışır. Ekspertlər hesab edir ki, Laçın görüşünün nəticələri yeni geopolitik mexanizmlərin formalaşmasına təkan verir.

Deputat bildirib ki, “Laçın şəhəri və bütövlükdə Qarabağ ilə Şərqi Zəngəzur bölgəsi Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən sistemli yenidənqurma siyasətinin nümunəsidir.

“Bərpa konsepsiyası üç əsas sütuna əsaslanır: siyasi iradə, maliyyə imkanları və xalqın dəstəyi. Yeni infrastruktur layihələri həm mülki, həm də hərbi-strateji əhəmiyyət daşıyır. Məsələn, Laçın Hava Limanı ölkənin müdafiə və təhlükəsizlik sisteminə çeviklik və operativlik baxımından əlavə güc qazandırır. Pakistanın bu formata qoşulması Azərbaycan-Türkiyə strateji müttəfiqliyini üçtərəfli geosiyasi gücə çevirir. Amma bu, təkcə siyasi baxımdan deyil, həm də regional sabitliyin qorunması və ortaq maraqların müdafiəsi baxımından önəmlidir.”

Prezident İlham Əliyev bu əməkdaşlığı belə ifadə edib: “Bizim gücümüz birliyimizdədir. Bu gün üçtərəfli formatda birliyimizi bir daha təsdiqlədik. Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq.”

Azərbaycan öz resurslarına güvənərək ərazi bütövlüyünü bərpa edib və bu prosesdə beynəlxalq hüquqa əsaslanan prinsipial mövqe nümayiş etdirib. Azərbaycanın beynəlxalq nüfuzunun artması ölkənin postmüharivə dövrü diplomatik gündəliyinin əsas istiqamətlərindəndir. Beynəlxalq birliyin də Azərbaycanın Zəfərinə verdiyi dəyəri Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin 28 May münasibətilə Prezident İlham Əliyevə ünvanladığı məktubda aydın görmək olur: Azərbaycanın müstəqilliyə verdiyi yüksək dəyər və Prezidentin sülh səyləri xüsusi vurğulanıb.

Deputat əlavə edib ki, ölkənin xarici siyasəti çoxşaxəli və balanslı yanaşmaya əsaslanır:

“Azərbaycan artıq bir sıra mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməyə hazırlaşır: cari ilin sonunda Türk Dövlətləri Təşkilatının Zirvə görüşü, iyul ayında Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının Sammiti, 2026-cı ildə İslam Əməkdaşlıq Təşkilatının İslam Sammiti, və ən nəhayət, 2028-ci ildə Avropa Siyasi Birliyinin Zirvə toplantısı Azərbaycanda keçiriləcək. Avropa Siyasi Birliyinin (ASB) Zirvə görüşünün Azərbaycanda keçirilməsi 47 iştirakçı ölkənin yekdil qərarı ilə təsdiqlənib. Bu, Azərbaycanın regional liderliyinin və beynəlxalq platformalarda artan rolunun göstəricisidir. ASB-yə üzv olan 47 ölkənin 16-sı ilə Azərbaycanın strateji tərəfdaşlıq münasibətləri mövcuddur, onlardan 10-u Avropa İttifaqına daxildir. Bu fakt Azərbaycanın enerji və təhlükəsizlik sahəsində Avropanın etibarlı tərəfdaşına çevrildiyini təsdiqləyir. Azərbaycanın bu proseslərdə fəal iştirakı və təşəbbüsləri beynəlxalq sistemdə yeni nizamın formalaşmasına öz müttəfiqləri ilə töhfə vermək iqtidarında olan regional güc mərkəzlərindən birinə çevrildiyini göstərir. Tərəfdaşlıq və əməkdaşlıqla yanaşma, dayanıqlı inkişaf, regional sabitliyin və slühün təşviqi Azərbaycanın xarici siyasət prioritetlərinin əsasında dayanır”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az