ABŞ-Ermənistan birgə təlimləri Cənubi Qafqazda gərginliyi artıra bilər? - ŞƏRH

AB- Ermənistan birgə təlimləri artıq start götürüb. Sentyabrın 20-dək davam edəcək "EAGLE PARTNER-2023" təlimləri Ermənistan "Zar" tədris mərkəzinin bazasında keçiriləcək. Ermənistanda bu həftə kiçik miqyaslı, lakin siyasi jest kimi əhəmiyyətli təlimlər başlayıb.

Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb. Ermənistan bu kimi addımlar atmaqla regionda sülhün üstündən xətt çəkir. Bəs maraqlıdır ki, ABŞ hərbi kontingentinin Cənubi Qafqaza daxil olması bölgədəki gərginliyin artmasına səbəb olacaq?

Mövzu ilə bağlı AzNews.az-a danışan diplomat, politoloq Fikrət Sadıqov bildirib ki, belə bir təlimlərin keçirilməsi əlbəttə ki, Rusiyaya bir mesajdır.

"Çünki Ermənistan KTMT-nin üzvüdür. KTMT isə hərbi blokdur. Postsovet respublikalarının cəmləşdiyi bir alyansdır. Ermənistan özü Rusiyanın yaxın müttəfiqidir. Onların ərazisində hətta Rusiyanın hərbi bazası da var. İndi amerikalılarla keçirilən təlim lap kiçik bir təlim olsa da, Ermənistanın Rusiyaya bir jestidir.Onlar bununla demək istəyir ki, siz bizə köməklik etmədiniz. Biz Azərbaycanla üzləşmişik və buna görə də digər qüvvələrə üz tuturuq".

Politoloq bütün bunları cəfəngiyyət hesab edir.

"Çünki ABŞ-nin əsas siyasi rəhbərləri, rəsmiləri dəfələrlə bəyan edib ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Hətta Qarabağda keçirilən "seçkilər"i tanımadılar. Mən düşünmürəm ki, ABŞ-nin Ermənistanla birgə təlim keçməsi ilə bağlı,Cənubi Qafqazda böyük bir gərginlik yaransın. Amma bunun özü belə Ermənistan Rusiya münasibətlərinə bir zərbədir".

Millət vəkili Fazil Mustafa mövzunu şərh edərkən bildirib ki, bu, ciddi bir hərəkat deyil, siyasi bir jestdir.

"ABŞ müxtəlif qərar və qətnamələrlə Ermənistana göstərdiyi dəstəyi hərbi əməkdaşlıqla davam etdirir. Ancaq ABŞ-nin bölgəyə bu formada daxil olması mümkün deyil. Birləşmiş Ştatlar bundan öncə də Gürcüstana daxil olmuş, orada təlimlər keçirmişdi. Sonra ora Rusiya girdi və artıq bir neçə ildir ki, Gürcüstanı işğal altında saxlayır. Ona görə də bu məsələlərdə nəyinsə dəyişməsi ağlabatan deyil".

F. Mustafa bildirib ki, əgər Azərbaycan sərhədlərinə, ərazisinə aid bir məsələ olarsa, o zaman rəsmi Bakı buna sərt reaksiya verəcək.

"Həmçinin bu, Ermənistanın daxilində baş verən məsələ olduğu üçün də bizi çox maraqlandırmır. Əgər hər hansı bir şəkildə Azərbaycan sərhədlərinə, ərazisinə aid bir məsələ olarsa, o zaman rəsmi Bakı buna sərt reaksiya verəcək. Ancaq bütövlükdə ABŞ-nin bölgədə gizli formada Ermənistan üzərindən özünü göstərmə təşəbbüsləri səmimi qarşılanmır. Daha səmimi davranmaq lazımdır. Eyni zamanda rəsmi Vaşinqton Azərbaycanla münasibətlərini də gözardı etməməlidir".

Ayan Rzayeva

QEYD: Məqalə ictimai və dövlət maraqlarının müdafiəsi sahəsi üzrə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.