- Siyasi müzakirə
- 3 Oktyabr 13:21
- 14 148
"Zəngilan təkcə pilot yaşayış layihəsi deyil" - DEPUTAT

“Qarabağda aparılan quruculuq işləri onu deməyə əsas verir ki, illərdir torpaq həsrəti ilə yaşayan həmyerlilərimiz tezliklə öz dədə-baba yurdlarına qayıdacaqlar. Prezident İlham Əliyevin Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zamanı bu məsələyə toxunması, bir daha göstərir ki, biz öz imkanlarımız hesabına yeni şəhərlər salmaqla örnək bir strategiya yürüdürük. Müharibədən sonra Qarabağı tezliklə cənnətə çevirmək dövlətimiz gücündən xəbər verir”.
Bunu Aznews.az-a açıqlamasında deputat Vüqar İskəndərov deyib.
Bu bir faktdır ki, İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra bu günədək bərpa işlərinə Azərbaycan büdcəsindən 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilib. Növbəti il üçün planlaşdırılan minimum büdcə 2,4 milyard ABŞ dolları olacaq. Əlbəttə heç bir dövlətdən maliyyə yardımı almadan bunu etmək ancaq güclü dövlətə məxsus bir addımdır. Bu gün Zəngilanda geniş quruculuq işləri aparılır. Zəngilanın müxtəlif istiqamətlərində fəal işlər gedir. Bu şəhərin Baş planı artıq təsdiq edilib, infrastruktura böyük vəsait ayrılıb və bir neçə yaşayış layihəsi icra edilməkdədir. 2025-ci ilə kimi Zəngilan şəhərinin ilk sakinləri qayıdacaqlar. Bu bölgənin digər regionlar kimi ölkəmiz üçün çox boyük əhəmiyyəti var. Zəngilan mühüm nəqliyyat qovşağıdır və nəqliyyat dəhlizləri üzərində yerləşir. Ona görə Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu bölgənin inkişafı baxımından mühüm faktor olacaq. Həmçinin turizm potensialının bölgədə yüksək olması yeni bir istiqamətin də inkişafına təkan verəcək. Gələcəkdə Zəngilanda xarici turistlərin sayı çox olacaq. Çünki bu bölgə Azərbaycanın ən gözəl guşələrindəndir. Hazırda Zəngilanda təkcə pilot yaşayış layihəsi deyil, həmçinin pilot kənd təsərrüfatı layihəsi həyata keçirilir. “Dost Aqropark” adlanan bu layihə Azərbaycan və Türkiyə şirkətlərinin birgə müəssisəsidir və həmin aqropark artıq fəaliyyətdədir. Bütün bu görülən işlər isə bölgənin inkişafına xidmət etməklə gələcəkdə burada yaşayan sakinlərin də rifah halının yüksək olmasına xidmət edəcək”.