Politoloq: "Qərb Ukraynanı sona qədər müdafiə etmək məcburiyyətindədir"

“Doğrudur bu yöndə fikirlər var ki, Ukrayna yardımlardan məhrum olub və Rusiya ilə anlaşmağa məcbur olacaq. Bu fikirlərin arxasında Rusiyanın maliyyələşdirdiyi qlobal medialar durur. Belə bir beynəlxalq ictimai fikir formalaşdırırlar. Düüşünmürəm ki, ABŞ başda olmaqla bütövlükdə Avropa Birliyi, NATO Ukraniyanın arxasından çəkilsin”.

Bunu AzNews.az-a açıqlamasında politoloq Natiq Miri deyib.

O bildirib ki, Rusiyanın Ukrayna ilə öz şərtləri altında olan danışıqlara razılıq verir.

“Bu şərtlər indiyə kimi işğal olunmuş ərazilərin o cümlədən Krımın, Zaporojya və Xerson vilayətinin müəyyən hissəsinin Rusiya işğalında qalması və bunun Ukrayna tərəfindən tanınmasını özündə ehtiva edir. Bu əslində Ukraynanın deyil, Qərb dünyasının böyük məğlubiyyəti olacaq. Rusiya bununla özünü qalib sayacaqsa, bu Avropa Birliyinin, Qərb dünyasının təhlükəsizliyi demək olmayacaq. Çünki Rusiyanın iştahı daha böyükdür. Rusiya özünə gəlib bərpa olduqdan sonra yeni ərazilər işğal etmək istəyəcək. Hətta Şərqi Avropanın, Pribaltika, Skandinaviya ölkələrinin bəzilərinə hərbi təcavüzü də düşünə bilər. Bütövlükdə bu dövlətləri qoruya biləcək NATO özünün acizliyini Rusiya qarşısında etiraf edir və məğlubiyyətlə razılaşırsa, əlbəttə, bu, Rusiyanın dünyada hegemon güc olma iddiasının təsdiqlənməsi deməkdir”.

Politoloq qeyd edib ki, Qərb dünyası bütövlükdə Ukraynanın arxasından çəkilməyəcək və dəstəyini davam etdirəcək.

“Mən bunların əksi olacağına inanmıram, Qərbin belə bir lüksü yoxdur. Bütün problemlərə rəğmən həm ABŞ, həm də NATO üzrə digər strateji müttəfiqləri Ukraynanı sona qədər müdafiə etmək məcburiyyətindədirlər. Hesab edirəm ki, belə də olacaq”.

Rəfiqə NAMAZƏLİYEVA