BAXCP-nin adı dəyişdirldi – ƏHD Partiyası adlanacaq

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) növbədənkənar VII Qurultayı keçirilib. Qurultayda BAXCP Ali Məclisinin tövsiyyə etdiyi bir məsələ - partiyanın adının dəyişdirilərək Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası adlandırılması məsələsi müzakirə olunub.

Nizamnaməyə uyğun prosedur qaydaları həyata keçirildikdən və Qurultayın gündəliyi təsdiq edildikdən sonra BAXCP sədri Qüdrət Həsənquliyev partiyanın keçdiyi yoldan və qurultayın keçirilməsini zəruri edən səbəblərdən danışıb. Qüdrət Həsənquliyev qeyd edib ki, ədalətli cəmiyyət formalaşdırmağın yolu hüquqi dövlətdən, hüquqi dövlətin yolu isə demokratik dəyərlərin mənimsənilməsindən keçir.

Qurultayda partiyanın baş katibi Yaşar Kələntərov, Ali Məclisin sədri Vaqif Abışov, BAXCP sədrinin müavinləri Elçin Mirzəbəyli və Niyaməddin Orduxanlı, Xaçmaz rayon təşkilatının sədri Zöhrab Məmmədov, Nərimanov rayonundan Ali Məclis üzvü Zurəddin Quliyev, Ağsu rayon təşkilatının sədri Elçin Şahbazov və digərləri çıxış edərək partiyanın adının dəyişdilməsi ilə bağlı BAXCP Ali Məclisin müraciətini dəstəklədiklərini bildiriblər.

Daha sonra BAXCP-nin adının dəyişdirilməsi ilə bağlı Ali Məclisin müraciəti səsə qoyulub və partiyanın Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası adlandırılması barədə qərar qəbul edilib.

Qeyd edək ki, “Siyasi partiyalar haqqında” Qanuna uyğun olaraq, partiyasnın adının dəyişdirilməsi ilə bağlı sənədlər bazar ertəsi, martın 18-də Ədliyyə Nazirliyinə müraciət olunacaq.

Aznews.az