"Türkiyə Cənubi Qafqazda sabitliyin və sülhün olmasında regional gücdür" - Politoloq

“Türkiyənin Sözcü TV kanalının efirində bu ölkənin tanınmış siması Nevzet Çiçək deyib ki, “Nikol Paşinyanın təhlükəsizliyini Türkiyə xüsusi təyinatlılarının əsgərləri təmin etməlidir”.

O xatırladıb ki, Paşinyan erməni cəmiyyətini “böyük Ermənistan” xülyasından əl çəkməyə və indiki Ermənistanı sərhədləri ilə qəbul etməyə çağırıb. Çiçək Ermənistan hökuməti başçısının helikopteri ilə bağlı son insidenti də xatırladıb. O, bu işin Türkiyədə narahatlıq doğurduğunu vurğulayıb”.

“Nevzet Çiçəyin “Sözcü” TV kanalında səsləndirdiyi fikirlər bugünkü reallıqlara heç cür uyğun deyil. Təbii ki, Türkiyə Güney Qafqazda sabitliyin və sülhün olmasında ən çox marağı olan regional gücdür ki, bu, birmənalı qəbul olunur”.

Bunu AzNews.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

O qeyd edib ki, Türkiyənin bütün səyləri Azərbaycanla Ermənistan arasında normallaşma prosesi baş tutmasına yönəlib.

“Sülh müqaviləsi imzalansın. Bunun ardınca da Türkiyə- Ermənistan arasında normallaşma prosesi davam etsin və sərhədlər açılsın. Bu baxımdan Türkiyənin niyyətləri bəllidir. Ancaq bu gün, təbii ki, Ermənistanda baş verənlər müəyyən narahatlıq doğurur. Paşinyanın həm hakimiyyəti, həm özünün şəxsi təhlükəsizliyi ilə bağlı müəyyən qayğılar da var. Hesab etmirəm ki, bu təhlükəsizliyi təmin edəcək tərəf Türkiyə ola bilər. Çünki bugünkü reallıqlar və Ermənistan cəmiyyətindəki ovqat, əhval-ruhiyyə buna imkan vermir. Bu baxımdan, Nevzat Çiçəyin bu açıqlamasını sadəcə olaraq xoşməramlı bir arzu olaraq adlandırsaq daha yaxşı olar”.

Rəfiqə NAMAZƏLİYEVA