- Siyasi müzakirə
- 15 Avqust 11:42
- 7 408
Xırdalanda izdiham: Seçicilərdən Rizvan Nəbiyevə tam dəstək! - FOTOLAR
Sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 49 saylı Abşeron ikinci seçki dairəsindən deputatlığa bitərəf namizəd olan Rizvan Nəbiyev seçicilərlə növbəti görüşünü keçirib.
AzNews.az xəbər verir ki, budəfəki görüş Xırdalan şəhər Mədəniyyət Mərkəzində təşkil olunub.
400 nəfər seçicinin qatıldığı görüş zamanı deputatığa namizədin seçki platformasının əsas istiqamətləri barədə məlumat verilib.
R.Nəbiyev söyləyib ki, Abşeronda kiçik və orta sahibkarlığın inkişafının stimullaşdırılması, əhalinin, o cümlədən gənclərin sosial-iqtisadi problemlərinin həlli istiqamətində qanunvericilik çərçivəsində addımların atılması, bu sahədə müvafiq qanunvericilik aktlarının qəbulunun təşviq edilməsi onun üçün prioritet məsələlərdən biridir.
Deputatlığa namizəd bildirib ki, seçiləcəyi təqdirdə rayonda insanların ekoloji baxımdan sağlam mühitdə yaşamasının təmin edilməsi istiqamətdə praktiki addımların atılması üçün səylərini əsirgəməyəcək.
O, müvafiq qurumların Xırdalan küçələrində anti-sanitariya şəraitinin yaxşılaşdırması və məişət tullantılarının daşınması işinin təkmilləşdirməsinə dəstək verəcəyini vurğulayıb.
R.Nəbiyev əlavə edib ki, rayonda şagird sıxlığını nəzərə alaraq yeni orta məktəb binalarının tikilməsi, gənclərin asudə vaxtlarını sağlam və səmərəli keçirməsi üçün ödənişsiz məkanların (məsələn futbol meydançaları və s.) yaradılmasına nail olunması məsələləri də onun gündəliyində olacaq.
O, insanların sosial rifahının yaxşılaşdırılması, onları narahat edən aktual məsələlərin həlli və çatışmazlıqların aradan qaldırılması istiqamətində davamlı və koordinasiyalı iş aparılacağını seçicilərin diqqətinə çatdırıb.
Xatırladaq ki, Rizvan Nəbiyevin namizədliyinə 49 saylı Abşeron Seçki Dairəsində qeydiyyatda olann seçicilərin böyük marağı heç də təsadüfi deyil. Yüksək təhsilə, elmi dərəcəyə və böyük diplomatik təcrübəyə malik Rizvan Nəbiyev vətəndaşlarla empatiya qurmağı, müxtəlif social qruplarla işləməyi bacarır, yeni düşüncəli deputat profili yaradaraq electoral gözləntilərə adekvat namizəd təəssüratı yaradır.
R.Nəbiyev 1975-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun Qanlı kəndində anadan olub. Yeddinci sinifə qədər Qanlı kənd orta məktəbində təhsil alıb. Daha sonra Ermənistandan azərbaycanlıların deportasiyaya məruz qalması səbəbindən təhsilini Bakı şəhərində davam etdirib.
BDU-da Beynəlxalq münasibətlər üzrə mütəxəssis bakalavr (1997) və Almaniyanın Saarbrüken Universitetində Avropa hüququ üzrə magistr təhsili – LL.M. (1999) alıb. Berlin Azad Universitetində Siyasi elmlər doktoru (Dr.rer.pol) elmi dərəcəsinə yiyələnib (2003). Müstəqilliyimiz tarixində Almaniyada humanitar elmlər sahəsində müdafiə edən ilk azərbaycanlı alim olub. Xəzər hövzəsində enerji siyasəti və geosiyasi maraqlar mövsuzunda kitabı alman dilində nəşr edilib (Berlin, 2004). Dünyanın 100 ən yaxşı universiteti sırasında olan Berlin Azad Universitetində dərs deyib.
Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına dair alman və ingilis dillərində 15 kitabın yazılması və nəşrini təmin edib. Alman və ingilis dillərində nəşr olunmuş “Şuşanın irsi” elmi monoqrafiyasının həmmüəllifidir (Berlin, 2022-2023).
R.Nəbiyev 20 ildən artıqdır diplomatik fəaliyyətdədir, Azərbaycanın Almaniyadakı Səfirliyində və Xarici İşlər Nazirliyində müxtəlif məsul vəzifələrdə çalışıb. 2022-ci ildən Xarici İşlər Nazirliyində İdarə rəisidir. 80-dən artıq dövlətlə beynəlxalq müqavilələrin və digər sənədlərin razılaşdırılması və imzalanmasına töhfə verib. Ölkəmizin təqdimatına həsr edilmiş “2008 - Almaniyada Azərbaycan İli”nin Səfirlik üzrə Əlaqələndiricisi olub. Səmərəli fəaliyyəti ilə əlaqədar olaraq “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib və bir sıra digər təltiflərə layiq görülüb.
Ailəlidir, iki övladı var.