- Siyasi müzakirə
- 8 Noyabr 21:30
- 7 644
Azərbaycanın şanlı zəfəri tarixi şans yaradıb - Vasif Qafarov
"Azərbaycanın özünün ərazi bütövlüyü və suverenliyini təmin etmək uğrunda apardığı şanlı Vətən müharibəsində əldə etdiyi möhtəşəm qələbədən 4 il ötür. Azərbaycanın şanlı zəfəri Cənubi Qafqazın uzunmüddətli və davamlı sülhə qovuşması üçün mühüm bir tarixi şans yaradıb". Bunu AzNews.az-a tarix elmləri doktoru, Milli Məclisin deputatı Vasif Qafarov bildirib.
Onun sözlərinə görə, 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Şanlı Azərbaycan Ordusu bir addım da geri çəkilmədən 44 gün ərzində yalnız irəli getdi, hər gün yeni bir qələbə qazanmaqla şanlı bir tarix yazdı. Azərbaycan Ordusunun mətinliyi, şücaəti və qəhrəmanlığı nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərləri və 300-dən çox yaşayış məntəqəsi işğaldan azad olundu. Noyabrın 8-də Azərbaycan Ordusunun Şuşa şəhərini azad etməsi düşməni diz çökməyə və kapitulyasiya aktını imzalamağa məcbur etdi. Nəticədə Ermənistan işğal altında saxladığı Kəlbəcər, Ağdam və Laçın rayonlarını ölkəmizə qaytarmalı oldu.
Millət vəkilinə görə, Azərbaycan Ordusunun zəfəri xalqımızın uzun müddətdən bəri gözlədiyi tarixi ədalətin və eyni zamanda beynəlxalq hüququn bərpası idi. Bu şanlı zəfərlə Azərbaycan özünün ərazi bütövlüyü və suverenliyini bərpa etməklə yanaşı, həm də beynəlxalq hüququn dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı ilə bağlı mühüm prinsipini də həyata keçirmiş oldu.
"Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan qazandığı bu tarixi zəfərlə işğal altında olan torpaqlarımızı işğaldan azad etməklə yanaşı, təcavüzkar erməni faşizminə də sarsıdıcı zərbə vurdu".
Daha sonra millət vəkili Vasif Qafarov deyib: "Bu şanlı qələbə həm də öz məqsədləri üçün ermənilərdən bir vasitə kimi istifadə edən bəzi xarici qüvvələrin çirkin niyyətlərini həyata keçirməyə imkan vermədi.
Bu şanlı qələbə ilə Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinin həyata keçməsinə mane olmağa çalışan Fransa və onun kimi digər dövlətlərə də beynəlxalq hüquq dərsi keçdi. XXI əsrdə özünün ərazi bütövlüyünü və suverenliyini öz gücü hesabına bərpa edən Azərbaycan hazırda ərazi bütövlüyü və suverenliyi pozulmuş dövlətlər üçün bir örnəyə çevrilib.
Azərbaycan Vətən müharibəsində əldə etdiyi möhtəşəm qələbə ilə bölgəmizdə mövcud olan münaqişələrin ədalətli və optimal həll yollarını göstərdi, regiondakı problemlərdən öz maraq və mənafeləri naminə istifadə edən qüvvələrin buraya müdaxilə imkanlarını minimuma endirdi. Bununla da Azərbaycanın şanlı zəfəri Cənubi Qafqazın uzunmüddətli və davamlı sülhə qovuşması üçün mühüm bir tarixi şans yaratdı.
Beynəlxalq hüquqa hörmətlə yanaşan hər bir dövlət və beynəlxalq təşkilat Azərbaycanın bölgədə apardığı sülh prosesini yaxından dəstəkləməli və Cənubi Qafqazın sülh və əməkdaşlıq məkanına çevrilməsinə öz töhfəsini verməlidir.