- Siyasi müzakirə
- 20 May 19:58
- 1 382
Rumıniyada seçki gərginliyi: Moskva və Parisin kölgəsində demokratiya sınağı

“2024-cü ilin noyabrında Rumıniyada keçirilmiş prezident seçkilərində Rusiyameyilli siyasətçi Kelin Corcesku qalib gəldi. NATO-ya qarşı tənqidi çıxışları və Rusiya ilə dost münasibətləri ilə tanınan Corcesku qalibiyyətindən sonra ilk çıxışında Rumıniya xalqının “sülhə səs verdiyini” bəyan etdi. Onun Rusiya Prezidenti Vladimir Putini “xalqını sevən lider” adlandırması və Ukraynaya dəstəyin əleyhinə çıxması isə Qərbdə ciddi narahatlığa səbəb oldu. Bu nəticə Avropada, xüsusilə də Avropa İttifaqı və NATO dairələrində bir növ “şok effekti” yaratdı. Rumıniya həm Avropa İttifaqının, həm də NATO-nun üzvü olmaqla yanaşı, Ukraynaya Qərb dəstəyinin təminində mühüm rol oynayan dövlətlərdən biridir”.
Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Rəşad Bayramov deyib.
Qeyd edək ki, Fransa və Rusiyanın 2024-cü ildə Rumıniyada keçirilən prezident seçkilərinə müdaxilə etdiyinə dair iddialar beynəlxalq səviyyədə gərginliyə səbəb olub. Seçki prosesində “Telegram” və digər sosial şəbəkələrdə dezinformasiyaların yayıldığı bildirilib. Platformanın qurucusu Pavel Durov Fransa kəşfiyyat rəhbəri Nikolya Lernerin konservativ kanalların məhdudlaşdırılması ilə bağlı müraciət etdiyini, lakin bunu rədd etdiyini açıqlayıb. Paris isə bu iddiaları təkzib edib. Rumıniya XİN Rusiyanı seçkilərə müdaxilədə ittiham edib. Moskva isə bu bəyanatları əsassız sayaraq Durovun açıqlamalarına istinad edib.
Siyasi şərhçi bildirib ki, milyonlarla ton Ukrayna taxılının Avropa bazarına daşınmasında mühüm logistik rol oynayan Rumıniyada Rusiyaya yaxın bir siyasətçinin hakimiyyətə gəlməsi Qərb üçün ciddi strateji risk kimi dəyərləndirilib.
“Seçkilərin nəticələrindəki gözlənilməzlik də ayrıca müzakirə mövzusuna çevrildi. Seçkiöncəsi sorğular Kelin Corceskuya cəmi 5% səs proqnozlaşdırırdı. Əvəzində Avropa İttifaqı tərəfdarı sol-mərkəzçi namizəd Marcol Çolakunun inamlı qələbə qazanacağı gözlənilirdi. Lakin seçkilərin nəticələri bu gözləntiləri alt-üst etdi: Çolaku cəmi 19,15% səs toplayaraq üçüncü yerdə qərarlaşdı və ikinci tura belə keçə bilmədi. Bütün bunların fonunda Avropa İttifaqının təzyiqləri ilə Rumıniya Konstitusiya Məhkəməsi 6 dekabr 2024-cü il tarixində seçki nəticələrini ləğv etdi. Qərarın əsaslandırılmasında Rusiyanın seçki prosesinə müdaxilə etdiyi göstərildi. Bu addım isə yalnız Moskvanın deyil, Vaşinqtonun da narazılığına səbəb oldu. ABŞ vitse-prezidenti Cey Di Vens 2025-ci ilin fevralında Münhen Təhlükəsizlik Konfransında çıxış edərək Rumıniya hakimiyyətini seçki nəticələrini ləğv etdiyinə görə açıq şəkildə tənqid etdi və bunun demokratik prinsiplərə zidd olduğunu vurğuladı. Avropa İttifaqı isə əksinə, Rumıniya məhkəməsinin qərarını anlayışla qarşıladığını və regionda Rusiyanın təsirinin artmasından narahat olduğunu bildirdi. Bu şəraitdə 4 may 2025-ci ildə növbəti prezident seçkiləri keçirildi. Birinci turda Avropa İttifaqına skeptik münasibəti ilə tanınan Corce Simion 40,5%, Buxarestin meri, Avropa dəyərlərinə sadiqliyi ilə seçilən Nikuşor Dan isə 21% səs topladı. İkinci turda Dan səslərin təxminən 54%-ni qazanaraq prezident seçildi. İkinci turda müşahidə olunan dramatik nəticə fərqi isə ictimai rəyə təsir göstərilməsi və manipulyasiya ehtimalları ilə bağlı suallar doğurdu”.
Siyasi şərhçi əlavə edib ki, bu dəfə seçkilərdən sonra Rusiya seçkiyə müdaxilə olunduğunu iddia edib:
““Telegram” platformasının sahibi Pavel Durov, Fransa kəşfiyyat xidmətinin rəhbəri Nikolas Lernerin Rumıniya mühafizəkarlarının kanallarının bloklanması üçün ondan xahiş etdiyini açıqladı, lakin bu xahişi rədd etdiyini bildirdi. Fransa isə bu iddiaları qəti şəkildə təkzib etdi və əksinə, Rusiyanın seçkiyə müdaxilə etməyə çalışdığını bəyan etdi. Rumıniya Xarici İşlər Nazirliyi də oxşar mövqe sərgiləyərək Rusiyanı seçkilərə müdaxilə cəhdində suçladı. Beləliklə, Rumıniyada maraqlı və ziddiyyətli situasiya yaranıb. 2024-cü ildə keçirilən seçkilər xarici müdaxilə iddiaları ilə ləğv edilmişdi. Lakin 2025-ci il seçkiləri ilə bağlı oxşar müdaxilə iddialarına baxmayaraq nəticələr ləğv olunmadı. Bu isə beynəlxalq ictimaiyyətdə ikili standartlar tətbiq edilməsi ilə bağlı suallar doğurur”.
Siyasi şərhçi sonda vurğulayıb ki, əgər əvvəllər Rusiyanın müdaxiləsi seçkilərin legitimliyini şübhə altına alırdısa, indi oxşar ittihamlar Fransaya yönəlsə də, bu mövqe dəyişməyib:
“Bu şəraitdə Rumıniya Konstitusiya Məhkəməsinin son seçkilərlə bağlı mövqeyi xüsusilə diqqət mərkəzində olacaq. Görünür ki, demokratik dəyərlərin qorunması ilə geosiyasi maraqlar arasında sərhəd getdikcə daha da qeyri-müəyyən hala gəlir”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az