Trampın İrana yönəlik çıxışları: Strategiya, yoxsa impulsivlik?

“Tramp hakimiyyətə gəldiyi gündən etibarən ziddiyyətli bəyanatları və tez-tez dəyişən mövqeyi ilə yadda qalıb. O, bir sıra ölkələrə qarşı tarif sanksiyaları tətbiq edib, lakin cəmi iki gün sonra bəzi ölkələr üçün həmin sanksiyaları ləğv edib. Bir dəfə “Putin yaxşı oğlandır” deyib, axşam isə sosial şəbəkə hesabında “Putin dəli olub” yazması, yaxud İrana nüvə sazişini qəbul etməsi üçün iki həftə vaxt verib, iki gün keçməmiş hərbi zərbələr endirməsi bu ziddiyyətlərin bariz nümunələridir. İndi isə bir neçə gün əvvəl “rejim dəyişikliyi bizim hədəfimiz deyil” deyən Tramp, son açıqlamasında “Rejim dəyişikliyi ifadəsinin işlədilməsi siyasi baxımdan düzgün sayılmır. Amma əgər indiki İran rejimi ölkəni yenidən güclü etməyə qadir deyilsə – niyə rejim dəyişikliyi olmasın?” deməklə faktiki olaraq bu fikrə meylli olduğunu göstərir”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Rəşad Bayramov deyib.

Xatırladaq ki, bir müddət əvvəl Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp, İranda rejim dəyişikliyi istəmədiklərini bəyan etmişdi. Lakin son açıqlamaları onun bu istiqamətdə müəyyən meyillərinin olduğunu göstərir. Trampın son 15 gün ərzində verdiyi bəyanatlar bir-biri ilə ciddi ziddiyyət təşkil edir. Məsələn, o, İrana iki həftə vaxt verildiyini açıqlasa da, cəmi iki gün sonra artıq bu ölkəyə hərbi hücum həyata keçirildi.

Siyasi şərhçi qeyd edib ki, Trampın ziddiyyətli çıxışları onun impulsiv xarakteri və regiondakı dəyişkən durumla izah olunur.

“Məlumdur ki, İsrailin əsas hədəflərindən biri İranda rejim dəyişikliyinə nail olmaqdır. Müharibənin ilk günlərində İsrail rəsmiləri bunu açıq şəkildə dilə gətirir, məqsədlərinin İranın nüvə obyektlərinin sıradan çıxarılması, ballistik raket sənayesinin dağıdılması və nəhayət, rejim dəyişikliyi olduğunu bildirirdilər. Lakin ABŞ-ın təzyiqləri nəticəsində Netanyahunun da mövqeyi yumşaldı və o, rejim dəyişikliyinin hədəflənmədiyini bəyan etməyə başladı. İndi isə Tramp yenidən bu ideyanın mümkünlüyündən danışır. Məsələ ondadır ki, həm ABŞ, həm də İsrail İranda loyal və sözəbaxan bir rejimin hakimiyyətdə olmasında maraqlıdırlar. Çünki bu gün İranın nüvə obyektləri sıradan çıxarılsa, nüvə alimləri hədəfə alınsa belə, zənginləşdirmə üzrə bilik və təcrübə ölkədə qalır. Bu isə onu göstərir ki, gələcəkdə İran daha qısa müddətdə nüvə silahı əldə etmək potensialına malikdir. Bununla belə, indiki mərhələdə İranda rejim dəyişikliyini kənardan hərbi müdaxilə ilə həyata keçirmək real görünmür. Hətta İranın ali dini liderinin fiziki olaraq aradan götürülməsi belə bu məqsədə xidmət edə bilməz. Əksinə, bu, rejimin daha da aqressivləşməsinə və İran cəmiyyətinin xarici təzyiqlər qarşısında daha da birləşməsinə səbəb ola bilər. Tramp və onun administrasiyası da bunu yaxşı anlayır. Tramp müşahidə etdi ki, “rejim dəyişikliyi hədəfimiz deyil” mesajı, əksinə, İranda rejim ətrafında daha sıx birləşməyə yol açdı. Hətta rejimə qarşı olanlar belə ABŞ və İsrailin sərt mövqeyindən sonra dəyişiklik ümidlərini itirdilər”.

Siyasi şərhçinin fikrincə, Tramp anlayır ki, rejim dəyişikliyi İranda yalnız xalqın daxili ayaqlanması ilə mümkündür:

“Bu səbəbdən də fikrini dəyişərək yenidən “rejim dəyişikliyi” ehtimalından danışmağa başlayıb. O, bununla İran daxilindəki narazı qüvvələri hərəkətə gətirməyə ümid edir. Əslində İrana uzun müddət davamlı zərbələrin endirilməsi, iqtisadiyyatın tamamilə çökdürülməsi son nəticədə xalq arasında kütləvi narazılıq yaradaraq belə bir ayaqlanmanın baş verməsinə zəmin yarada bilər”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az