- Siyasi müzakirə
- 25 İyun 17:30
- 2 151
"Qarşıdurma bitdi, amma təsirləri qalır: İsrail-İran savaşı qlobal balansı dəyişdirdi"

“Son üç həftə ərzində İran və İsrail arasında baş verən qarşıdurma qlobal gündəmin əsas mövzularından birinə çevrildi. Demək olar ki, bütün diqqət bu istiqamətə yönəldi. Hazırda tərəflər arasında atəşkəs əldə olunub və savaşın aktiv fazası sona çatıb. Bununla belə, şübhəsiz ki, bu mövzu bir müddət də olsa, gündəmdə qalmağa davam edəcək. İsrail-İran gərginliyinin başladığı dövrdə Ukrayna müharibəsinin nisbətən arxa plana keçməsi başa düşülən haldır. Artıq Ukraynada dördüncü ildir ki, müharibə davam edir və bu vəziyyət müəyyən mənada bir “rutin” xarakteri alıb. Bu səbəbdən də Ukraynada baş verən hadisələr, diqqət baxımından İsrail-İran qarşıdurmasından geridə qaldı. Hadisələrin təsadüfi şəkildə baş verdiyini düşünmək sadəlövhlük olardı. Əksinə, bu, qlobal miqyasda yeni bir dünya nizamının formalaşması prosesi çərçivəsində baş verir”.
Bu fikirləri AzNews.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.
Xatırladaq ki, son dövrlərdə dünya mediasının diqqət mərkəzində Yaxın Şərqdəki gərginliklər, xüsusilə də İran-İsrail müharibəsi dayanır. Rusiya-Ukrayna müharibəsi isə sanki informasiya məkanından silinmiş kimi görünür. Halbuki bu müharibə hələ də davam edir və həm regionda, həm də qlobal təhlükəsizlik sistemində mühüm dəyişikliklərə səbəb olmaqdadır.
Politoloqun fikrincə, Rusiya-Ukrayna müharibəsi qlobal proseslərə ciddi dinamika qazandırıb, İsrail-İran qarşıdurması isə bu prosesin daha da intensivləşməsinə səbəb olub.
“Ancaq qeyd etmək lazımdır ki, İran və İsrail arasında yaranan gərginlik Ukrayna müharibəsini diqqətdən yayındırmaq üçün planlanmış bir ssenari deyildi. Sadəcə olaraq, bu qarşıdurmanın gələcəyi artıq əvvəlcədən görünürdü. 2023-cü ilin 7 oktyabrında başlayan proses — yəni HƏMAS-ın İsrailə hücumu — regionda mövcud balansı dəyişdirdi. İsrail HƏMAS-ı, Hizbullahı və İraqdakı İran tərəfdarı müəyyən qrupları zəiflətməyə nail oldu. Bu qüvvələrin təsir gücü azaldıldıqdan sonra İsrailin diqqəti birbaşa İrana yönəldi. Bu isə İsrailin strateji maraqları baxımından başa düşüləndir. Ukrayna-Rusiya müharibəsi artıq beynəlxalq ictimaiyyətin gündəlik həyatında “adi” bir hadisəyə çevrilib. Məlumatlar soyuqqanlı qarşılanır, çünki münaqişənin davamlılığı insanlar üçün bir növ “normallaşıb”. Əvəzində isə İsrail-İran qarşıdurması ilk dəfə bu miqyasda baş verdiyindən daha çox diqqət çəkdi. Bu iki ölkə artıq 40 ildən çoxdur ki, açıq qarşıdurmadan yayınmağa çalışırdı və indi bu balans pozulub. Gözlənti ondan ibarətdir ki, İsrail-İran qarşıdurmasının səngiməsi ilə Ukrayna məsələsi yenidən qlobal gündəmin ön sırasına qayıdacaq. NATO-nun keçirilən son zirvə görüşündə də Ukrayna ilə bağlı məsələlər, o cümlədən yardım paketləri müzakirə olunur. Bu isə onu göstərir ki, Ukrayna məsələsinin gündəmdən çıxması real deyil. Xüsusilə Avropa ölkələri üçün Ukraynanın bu müharibədə məğlub olması qəbuledilməzdir və onlar bu ölkəyə dəstək verməyə davam edəcəklər”.
Politoloq əlavə edib ki, Ukrayna digər münaqişələrdən şübhəsiz şəkildə təsirlənir:
“Ukrayna heç bir halda İran-İsrail qarşıdurmasının başlamasında maraqlı deyildi. Çünki bu, beynəlxalq diqqətin bir qədər Ukraynadakı proseslərdən yayınmasına səbəb olur. Amma digər tərəfdən Ukraynanın maraqlarına cavab verən bir məqam da var: əgər bu qarşıdurma nəticəsində İran zəifləyərsə, bu, Ukraynanın xeyrinə olar. Çünki İran hazırda Rusiya üçün əsas hərbi dəstək verən ölkələrdən biridir və onu dronlar və ballistik raketlərlə təmin edir. Bütün bunları nəzərə alaraq demək olar ki, diqqətin bir müddətlik İsrail-İran qarşıdurmasına yönəlməsi Ukrayna müharibəsini kölgədə qoya bilər. Amma bu, yalnız müvəqqəti xarakter daşıyır. Hər iki münaqişə paralel şəkildə qlobal gündəmin əsas mövzuları olaraq qalmağa davam edəcək”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az