- Siyasi müzakirə
- 09:31
- 1 438
“Şanlı Azərbaycan Ordusu xalqımızın qürur mənbəyidir" - Deputat

“Şanlı Azərbaycan Ordusu xalqımızın qürur mənbəyidir. Ölkəmizizin vətəndaşları 26 İyun - Silahlı Qüvvələr Gününü böyük ruh yüksəkliyi ilə qeyd edir. Müzəffər Ali Baş Komandanımız, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qəhrəman əsgər və zabitləri 44 günlük Vətən müharibəsində və birgünlük antiterror tədbirlərində möhtəşəm Zəfər qazanmaqla tarix yazdılar. Bu qələbə dövlətçilik tariximizin zəfər salnaməsidir”.
Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
Deputat bildirib ki, Azərbaycan Ordusu böyük inkişaf yolu keçib. Ulu öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra respublikamızda ordu quruculuğu sahəsində mühüm tədbirlərin həyata keçirilməsinə başlandı. Məhz Ümummilli Liderin 1998-ci il mayın 22-də imzaladığı fərmanla iyunun 26-sı Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edildi. Bu qərar Azərbaycan Xalq Cümhuriyyəti irsinə ehtiramın göstəricisidir. Onun sözlərinə görə, 2003-cü ildən etibarən Azərbaycanda hərbi quruculuq bu gün də yüksələn xətlə inkişaf edir. Bunun ən başlıca səbəbi isə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətə başladığı ilk gündən Ümummilli Liderimizin həyata keçirdiyi strateji əhəmiyyətli tədbirləri və ənənələri uğurla davam etdirməsi, o cümlədən ordu quruculuğu işini prioritet elan etməsi ilə bağlıdır. Cənab Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlib, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb. Görülən işlərin nəticəsidir ki, hazırda Azərbaycanda güclü maddi-tədris bazasına, müasir texnologiyalara malik, yeni tədris metodları ilə fəaliyyət göstərən, uğurları ölkəmizin sərhədlərindən də uzaqlara yayılan hərbi təhsil sistemi mövcuddur. Milli Müdafiə Universitetinin yaradılması isə hərbi təhsil sistemini daha da təkmilləşdirəcək.
Millət vəkili söyləyib ki, 2020-ci il sentyabrın 27-də cənab Prezident İlham Əliyev xalqa müraciət edərək, Ermənistan silahlı qüvvələri tərəfindən bir neçə istiqamətdə müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə olunmaqla yaşayış məntəqələrimizin, dinc sakinlərimizin atəşə məruz qalması haqqında məlumat verdi. Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Tariximizə “Vətən müharibəsi”, “İkinci Qarabağ müharibəsi”, “Dəmir yumruq” əməliyyati kimi daxil olan müharibə çox uzun sürmədi. 44 gün ərzində xalqla dövlətin sarsılmaz birliyinin, Azərbaycanın müzəffər Ordusunun şanlı Qələbəsi ilə başa çatan müharibə ordumuzun gücünü bütün dünyaya göstərdi.
“44 gün ərzində hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Bu müharibə zamanı Azərbaycan Ordusunda bir nəfər də fərari olmayıb. Yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, bizi tezliklə sağaldın, biz qayıdaq döyüş meydanına, biz öz missiyamızı başa vurmalıyıq. Biz bu vətənpərvərlik ruhuna ötən ilin sentyabrında Qarabağda keçirilən birgünlük antiterror tədbirlərində də şahidlik etdik. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Bizə Qələbə sevinci yaşatdıqları üçün bizlər şanlı Ordumuzun qəhrəman əsgərlərinə, şəhidlərimizə və qazilərimizə borcluyuq. Haqq savaşında Azərbaycan Ordusunun nümayiş etdirdiyi döyüş qabiliyyəti dünyanın müasir hərb elmində bir yenilik oldu. Təsadüfi deyil ki, dünyanın bir sıra hərbi mərkəzlərində Azərbaycan Ordusunun tətbiq etdiyi strategiya öyrənilir, 44 günlük müharibə XXI əsrin müharibəsi hesab olunur”,-deyə Fatma Yıldırım vurğulayıb.
Deputat qeyd edib ki, postmüharibə dövründə də ordu quruculuğu prosesi uğurla davam edir. Bu dövrdə xüsusilə Ermənistanla sərhədyanı ərazilərdə yeni hərbi hissələr istifadəyə verilib, yeni Komando birlikləri yaradılıb: “Yeni mərhələdə Silahlı Qüvvələrimiz Türkiyə modelinə uyğunlaşdırılır. Şuşa Bəyannaməsində də hərbi sahədə əməkdaşlıq öz əksini tapır. İki ölkənin silahlı qüvvələrinin müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və həyata keçirilən çoxsaylı birgə təlimlər də birlik və əməkdaşlığın önəmli istiqamətlərindəndir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Milli Ordumuzun Türkiyə ordusunun modeli əsasında yenidən qurulması təşəbbüsü çağdaş dövrün çağırışlarına və Azərbaycanın müdafiə qabiliyyətinin daha da artırılmasına hədəflənən ordu quruculuğu strategiyasıdır. Bu gün xalqımız haqlı olaraq güclü ordumuzun olduğu üçün iftixar hissi keçirir”.
AzNews.az