- Siyasi müzakirə
- 25 İyul 18:43
- 2 733
Həşim Səhrablı: “Rusiya Azərbaycanın reallığını qəbul etməyə məcburdur”

“Overçukun son açıqlamaları beynəlxalq münasibətlər prizmasından baxıldıqda bu günün geosiyasi reallıqlarını tam şəkildə əks etdirir. Statistik göstəricilər baxımından Azərbaycan bir çox sahələrdə Rusiyadan geri qalır. Lakin buna baxmayaraq, Overçuk açıq şəkildə bildirir ki, Azərbaycan və Rusiya arasında iqtisadi münasibətlər dinamik şəkildə inkişaf edir və heç kim bu əlaqələri poza bilməz. Bu bəyanat, bölgədə yaşanan gərginliklərin fonunda verilməsi ilə daha da diqqət çəkir”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Həşim Səhrablı deyib.
Qeyd edək ki, Rusiya və Azərbaycan iqtisadi münasibətləri gücləndirir və bu əlaqələrin pozulmasında heç kim maraqlı deyil. Bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk açıqlama verib. Onun sözlərinə görə, Rusiya ilə Azərbaycan arasında iqtisadi əlaqələr dinamik şəkildə inkişaf edir və bu münasibətləri pozmaq heç kimin marağında deyil.
Siyasi şərhçinin sözlərinə görə, bu açıqlama Rusiyanın yeni dünya düzənində tərəfdaşlığa əsaslanan modelin mahiyyətini anlamağa başladığını göstərir.
“Hazırda Avropa ilə Rusiya arasında iqtisadi, siyasi və mədəni münasibətlər ciddi şəkildə pozulub. Belə bir şəraitdə Azərbaycan bu qlobal qarşıdurmaya qoşulmayan, tamamilə müstəqil siyasət yürüdən, öz maraqlarına uyğun iqtisadi, hərbi, sosial və mədəni qərarlar verən nadir ölkələrdən biri kimi önə çıxır. Rusiya üçün Qərblə münasibətlərin pozulduğu bir vaxtda Azərbaycan kimi sabit və etibarlı tərəfdaş önəm daşıyır. Bu baxımdan, Overçukun verdiyi mesaj yalnız ictimaiyyətə deyil, eyni zamanda Kremlin daxilindəki dairələrə də ünvanlanmış ola bilər: “Azərbaycanı itirmək olmaz.” Çünki Azərbaycanın itirilməsi, Rusiyanın Cənubi Qafqazda da istənilməyən dövlətə çevrilməsi və bu bölgədə əleyhinə konkret addımların atılması demək ola bilər. Bununla belə, Rusiya-Azərbaycan münasibətlərinin regional güc balansına müsbət təsir edəcəyini düşünmək üçün hələlik ciddi əsaslar görünmür. Kreml əvvəllər də müxtəlif məsələləri “yumşaq güc” vasitəsilə həll etməyə çalışıb – fərqli simaların dili ilə əməkdaşlıq, qarşılıqlı anlaşma mesajları verilib. Lakin Rusiyanın uzun illərdir yürütdüyü siyasət – şovinizm, radikalizm, başqalarının suverenliyinə hörmətsizlik və öz maraqlarını üstün tutmaq – bu cür açıqlamaların səmimiyyətinə şübhə yaradır”.
Siyasi şərhçi əlavə edib ki, hələ dünənə qədər Kremlə yaxın bəzi dairələr Azərbaycan əleyhinə ritorika səsləndirir, hətta Bakının vurulmasından belə bəhs edirdilər:
“Bu baxımdan, Overçukun açıqlamalarını Rusiya tərəfinin səmimi əməkdaşlıq istəyi kimi deyil, sadəcə olaraq Azərbaycan reallığını qəbul etməyə məcbur qalması kimi dəyərləndirmək daha doğru olar. Bütün bunlara rəğmən, zamanla Rusiya-Azərbaycan münasibətlərindəki gərginliklərin müəyyən dərəcədə aradan qalxması mümkündür. Çünki hazırkı şəraitdə Rusiyanın Azərbaycana ehtiyacı, Azərbaycanın Rusiyaya ehtiyacından daha böyükdür”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az