- Siyasi müzakirə
- 16:25
- 2 272
Elçin Xalidbəyli: “102-ci baza üzərindən regionda yeni risklər yaranır”

“Rusiyanın 102-ci hərbi bazasına yeni hərbi texnika və canlı qüvvələrin daşınması kifayət qədər narahatedici bir prosesin ilkin əlamətlərindən biri kimi qiymətləndirilə bilər. Çünki Rusiyanın bu cür davranışları adətən hansısa məkirli və təhlükəli planların hazırlanmasından xəbər verir. Böyük ehtimalla Rusiyanın Ermənistan ərazisində yerləşən hərbi bazasına davamlı şəkildə qüvvə göndərməsi, bu ölkənin regionda yenidən qarışıqlıq yaratmaq planları üzərində çalışdığını göstərir. Bu isə gələcəkdə ciddi və təhlükəli hadisələrin baş verə biləcəyinə dair əsaslı narahatlıq yaradır. Nəzərə almaq lazımdır ki, 2026-cı ildə Ermənistanda növbəti parlament seçkilərinin keçirilməsi gözlənilir. Ehtimal var ki, həmin seçkilər ərəfəsində Rusiya Ermənistandakı hərbi mövcudluğunu artırmaqla, yerli rusiyapərəst qüvvələri – ilk növbədə Ermənistan kilsəsi, oliqarxiyası və revanşist-radikal siyasi düşərgəni dəstəkləməyi planlaşdırır”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.
Qeyd edək ki, son həftələrdə Ermənistanın Gümrü bölgəsində yerləşən 102-ci Rusiya hərbi bazasına çox sayda hərbi texnika və sursatın gətirilməsi regionda ciddi narahatlıq doğurub. Məlumatlara görə, demək olar ki, hər gün Rusiyadan Ermənistana silah-sursatla dolu bir neçə yük təyyarəsi enir. Rəsmi səviyyədə bu barədə heç bir açıqlama verilməsə də, baş verənlər müxtəlif iddialara yol açıb. Bəzi müşahidəçilər bu silahlanma prosesini Moskvadan İrəvana mümkün hərbi çevriliş planı ilə əlaqələndirirlər. Ermənistan hakimiyyətinin məsələyə münasibət bildirməməsi isə sualları daha da artırır.
Siyasi şərhçi bildirib ki, hətta seçkilər yolu ilə hakimiyyət dəyişikliyi mümkün olmasa belə, Rusiyanın Ermənistanda Qırğızıstandakı ssenariyə bənzər bir plan reallaşdıraraq Paşinyan hakimiyyətinin devrilməsində birbaşa iştirak etməsi ehtimalı da istisna olunmur.
“Başqa sözlə, Rusiyadan istənilən addımı gözləmək olar. Digər ehtimal edilən məsələ isə Zəngəzur dəhlizinin açılması ilə bağlı aparılan müzakirələrin intensivləşməsidir. Bu danışıqlarda Zəngəzur dəhlizinin Rusiyanın iştirakı olmadan reallaşması ehtimalı ön plandadır. Kremlin isə bu vəziyyətə çox ciddi şəkildə narahat və qəzəbli yanaşdığı məlumdur. ABŞ şirkətlərindən birinin Zəngəzur dəhlizini icarəyə götürməsi və burada təminatçı rolunu üzərinə götürməsi ehtimalı Kremldə ciddi təşviş doğurub. Belə olan halda, Rusiya həm dəhlizin fəaliyyətindən kənar qala, həm də Cənubi Qafqazda qurduğu təsir mexanizmlərini tamamilə itirə bilər. Məhz bu səbəbdən Rusiyanın Ermənistanla hərbi bazası arasında hərbi qüvvə daşınması və mövcudluğunu gücləndirməyə çalışması ikinci əsas səbəb kimi qiymətləndirilə bilər. Bütün bu proseslər istənilən halda, Rusiyanın regionda neqativ niyyətlər güddüyünə dair əsaslı şübhələr yaradır. Hətta belə ehtimal da var ki, sülh sazişinin imzalanmasını əngəlləmək məqsədilə Rusiya Ermənistandakı casus şəbəkəsi vasitəsilə Ermənistan və Azərbaycan arasında yeni silahlı toqquşmalar yaratmağa çalışa bilər. Ermənistanda Rusiya kəşfiyyatına xidmət edən kifayət qədər hərbçi və siyasətçi mövcuddur. Onların fəaliyyəti nəticəsində bölgədə yeni qarşıdurma riski yarana bilər. Əgər bu baş verərsə, Rusiya həmin hadisəni əsas gətirərək, 102-ci hərbi bazaya gətirdiyi yeni qüvvələri guya “sülhməramlı missiya” adı altında bölgəyə yerləşdirməyə cəhd göstərə bilər”.
Siyasi şərhçi əlavə edib ki, Rusiyanın oynaya biləcəyi məkirli oyunların sayı-hesabı yoxdur:
“Bu ölkə nə beynəlxalq hüquq normalarını, nə də ikitərəfli münasibətlərin prinsiplərini nəzərə almır. Rusiya yalnız neo-imperialist maraqlar naminə münaqişələr yaratmaq və sülh təşəbbüslərini pozmaqla məşğuldur. Bütün bunları nəzərə aldıqda, aydın şəkildə demək olar ki, Rusiyanın Ermənistandakı hərbi texnika və canlı qüvvə daşınması yalnız və yalnız regionda təhlükəli proseslərin başlaya biləcəyindən xəbər verir. Bu proseslər müsbət və ya sabitliyə yönəlmiş bir məqsədə deyil, əksinə, Rusiyanın regionda təhlükəli, xoşagəlməz və real risklər yarada biləcək planlar üzərində çalışdığını göstərən bir siqnaldır”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az