“Deyir ki, “Ulduz”da çap olunmasa, özünü öldürəcək” “Deyir ki, “Ulduz”da çap olunmasa, özünü öldürəcək”
  • Hadisə
  • 1 Noyabr 2018 17:40
  •  9 136

“Mən də o arvadları öpürdüm” - Qulu Ağsəsin "Cümlə axşamı"

“Deyir ki, “Ulduz”da çap olunmasa, özünü öldürəcək”

AzNews.az “Cümlə axşamı” layihəsində Mirmehdi Ağaoğlunun Qulu Ağsəslə söhbətini təqdim edir.

- Qulu müəllim, 4 ildən artıqdır ki, “Ulduz” jurnalının baş redaktorusunuz. Bu müddətdə jurnalda hansı yeniliklər olub?

- Daha çox layihələrlə işləməyə çalışmışıq. İrili-xırdalı 21 layihə eləmişik. “Ulduz” jurnalı Azərbaycanda yeganə mətbu orqandır ki, hər yeni nömrədə ötən nömrəni sərf-nəzər edir, çatışmazlıqları üzə çıxarır. Hətta mən özüm tənqid olunuram. Elə bilirəm ki, bu bir yenilikdir. Hər nömrə bir gəncin əsərlərini “Dərgidə kitab” layihəsində veririk. Hər dəfə bir müəllifin özü ilə söhbətini və yazısını veririk. “Özümlə söhbət”i ona görə fikirləşdim ki, istənilən müsahibədə fikir təhrifə uğraya bilər, amma insan özü ilə söhbəti qələmə alırsa, o artıq redaksiyanı, müxbiri qınaya bilməz ki, mən daha gözəl danışmışdım, siz pis verdiniz. Bəzən orda çox yaxşı söhbətlər olur, bəzən isə alınmır. Belə məlum olur ki, heç yazıçı özü ilə danışa bilmir.

Cavanları yığıb tamaşalara aparmışıq. Sonuncu nömrəmizdə ilk dəfə olaraq, Azərbaycan rəssamlarını, musiqiçilərini, yazarlarını bir araya gətirmək istədik. Çünki uzun illərdi ayrı, düşüblər. Qarabağ mövzsunda esse müsabiqəsi keçirdik və yenə məlum oldu ki, gənclərin çoxu esse ilə hekayə janrını səhv salır. Mənə həm də Qarabağı görməyən gənclərin baxışı maraqlı idi. Məlum oldu ki, Qarabağ barədə ən yaxşı yazını elə oranı görən Rəşad Bərgüşadlı yazıb. O, daha içdən qələmə almışdı. Başqa müsabiqələr də keçirmişik. Bir məsələni qeyd edim ki, sponsor olmayıb, bu müsabiqələrin maddi tərəfini şəxsi dostlarımın yardımı, vəsaiti hesabına həll eləmişəm.

- Jurnalın büdcəsi imkan vermir ki, qalibləri özünüz mükafatlandırasınız?

- Jurnalın büdcəsi çapa, qonorara, maaşlara, bir də amortizasiya xərclərinə gedir.

- Sirr deyilsə qonorar fondu nə qədərdir?

- Aylıq 700 manatdır. Əvvəllər qonorardan əlavə dəyər vergisi çıxılmırdı, çox təəssüf indi çıxılır. Vergini çıxanda isə 700 manatdan heç 600 manat da qalmır. 30 manat qonorar yazıramsa, vergi çıxılanda təxminən 22 manat qalır. Bu, bizim təqsirimiz deyil.

- Ümimiyyətlə bizdəki qonorarların miqdarı qanedicidir?

- Azərbaycanda qonorarı təkcə Yazıçılar Birliyinin orqanları verir. Bu, çox təəssüfedici haldır.

- Saytlar da qonorar verir...

- Almamışam. Elə məbləğ deyiblər ki, ondan imtina eləmişəm. 15-20 manata köşə yazısı yazmazlar. Özü də bizdə qonorar sistemlidir, istəyir bir dəfə yaz, yenə də qonorarı ödəyirik. Mən yazının həcmindən çox istedadla yazılıb-yazılmadığına baxır və onu uyğun qonorar verirəm.

- Kəmiyyətə fikir vermirsiniz.

- Yox. Ola bilər, kimsə bir səhifəlik hekayədə şedevr yaradıb, o birininsə hekayəsi yeddi səhifədir, ancaq zəif alınıb. O zaman bir səhifəlik hekayə yazana daha çox qonorar verirəm. İstedadlı yazıya 5 manat da olsa, artıq qonorar yazılmasının tərəfdarıyam. Mənim üçün yaxşı yazının heç bir növbəsi yoxdur, gələn kimi verirəm. Qonorarını yüksək yazıram, imkan olanda müəllifə qonaqlıq verirəm, arada cibinə pul da qoyuram (gülür).

- Bədii cəhətdən zəif yazılarla sizi bezdirən müəlliflər də olur?

- Vallah, desəm ki, olmur, yalan danışaram. Desəm lap çoxdular, o da yalan olar. Yumorla, zarafatla bir təhər uzaqlaşdırıram. Elə adamlar bir yolunu tapıb çap olunurlar, mən verməyəcəm, gedib başqa yerdə çap olunacaqlar. Ədəbiyyatdan bir az anlayışları varsa, o cür adamlar bilməlidirlər ki, bu mətnin dəyəri yoxdur. Adam var gözəl mühəndisdi, şair olub. Yol polisidi, nasir olub. Bir nəfər yanıma gəlmişdi, yanğınsöndürəndi. Şeirlərini oxuyub bədii cəhətdən zəif olduğunu dedim. Dedi, onda belə çıxır ki, mənim yanımdakılar ədəbiyyatı bilmir? Soruşdum, onu kim göndərib bura? Cavab verdi ki, bölük komandiridir, işdə şeir oxuduğu işçiləri göndəriblər. Mən də izah elədim ki, işçini işlətmək yerinə ona şeir oxuyarsan, xoşuna gələr də. Məni də əsgərlikdə komandirim normativ yerinə yetirmək əvəzinə, çağırıb gic-giz şeirlər oxusaydı, deyərdim Puşkin sənin yanında qələt edir, təki çıxıb şaxtada durmayım. Yəni belələri də var.

- Bu cür adamlar əl çəkməyəndə yenə də çap edirsiniz?

- Çap edirik, amma o şəkildə yox. Məcbur qalıb mətni redaktə edirik, sonra çapa veririk. Çünki adam var bəzən özünü öldürməklə təhdid edir.

- O cür də olub?

- Əlbəttə. Deyir, başıma bir iş gəlsə, yazıb qoyacam ki, məni buna siz vadar elədiniz. Baxırsan ki, bu adamın həyatı sənin yazısını çap edib-etməməyindən asılıdır, çox ciddi nevroloji problemləri var, çap eləməsən, nəsə törədəcək. Biz elələrinin əsərini redaktə edirik, az qala təzədən yazıb sonra veririk, gəlib deyir ki, mətnimi necə var elə vermisiniz, sağ olun. Məlum olur ki, heç yazdığını oxumayıb da.

Şənbə-bazar günləri şeir yazan adamlar var. Allah onlara lənət eləsin. Əgər iki gün işləmirsə deyir oturum şeir yazım, bəs niyə boşluqdur? (gülür). Yayda rayona istirahətə gedib, deyir, iki dənə peoma yazacam. Biri var, yaz mövsümü, bir də var, yazı mövsümü. Bu iki məhfumun fərqini bilməyən adamlar var. Yazı adamları bəzən böhran keçirər də, inanırsan, mən bir istedadsız adamın böhran keçirdiyini görməmişəm. Sənin bir damcı istedadın varsa, böhran alnına yazılıb. İnsan qrafomandırsa, nə böhran keçirə bilər? Böhran odur ki, yazırsan, görürsən, ötən dəfəki ilə eynidir və əlin yazıdan soyuyur, böhrana düşürsən. Amma bunun fərqində olmayan adam nə böhran keçirə bilər, bir ucdan yazacaq?

- Bizdə elələri çoxdur?

- Doludu (gülür). Azərbaycan dilində 1500 sözün müqabilində bu qədər şeir yazmaq olmaz. Şeir bilirsən, nədir? İnsanın köks ötürməsidir. Köks ötürürsən, şeir bitir. Şeir ani qışqırıqdı, bir dəfə qışqırdın, qurtardı, amma nəsr elə bil ki, illərlə ulamaqdı. Nəsr əzablı, çətin, zəhmətsevər bir işdir.

- Qulu müəllim, son günlər Mikayıl Mişfiqlə bağlı yayılan xəbərlərlə tanışsınız. Bu xəbəri necə qarşıladınız?

- Mən Müşfiqin Nargində güllələndiyinə inanıram. Bilirsən, bir var suya batmaq, bir də suya çəkilmək. Müşfiq suya batmadı, Azərbaycan poeziyasını suya çəkdi. O, suya batmayıb, suya çəkilib.

- Demək istəyirsiniz ki, Müşfiq repressiya dövrünü paklaşdırdı?

- Otuzuncu illərdəki o əclaflıqların, idbarlıqların içində Müşfiqin adı çəkilən kimi adamın üzünə təbəssüm qonur. Deyirsən ki, həmin vaxtda Müşfiq də olub.

- O qalıqların Mikayıl Müşfiqə aid olacağına inanırsınız?

- Heç inanmıram. Mikayıl Müşfiq məsələsi şəxsən mənim üçün qapanıb. Əvvəla o, Azərbyacan ədəbiyyatına “qəbirsiz şair” kimi düşüb. Biz bunu belə də qəbul edəcəyik. Bundan sonra yüz adam ordan sümük çıxarsa da, dəyişməyəcək. Əvvəla “Müşfiq” və “sümük” sözlərini yanaşı qoymaq olmur. Mən Müşfiqin şəkillərinin o cür getməyinin qəti əleyhinəyəm.

Müşfiqin obrazı tabudur, toxunmaq olmaz. O, bizim üçün həmişəyaşar bir obrazdır. Müşfiq xristian olsaydı, onu İsa peyğəmbərə oxşadardırlar. Təxminən İsa yaşında olub və qeybə çəkilib.

- Qulu müəllim, bayaq şənbə-bazar şeir yazanlardan danışdınız? Axırıncı dəfə nə vaxt şeir yazmısız?

- Axırıncı dəfə təxminən avqustun axırı şeir yazmışam. Ondan bəri yazmamışam. Mən xırda-xırda şeirlər yazıram.

- Gəlir, yazırsız, oturub misra, qafiyə fikirləşmirsiniz.

- Yox. Oturub bu gün şeir yazacam deyə bir şey yoxdur. Şeir adamın içinə qəfil dolur. Bir reklam mətni yazmışdım. Küçədə getdiyim vaxt gördüm mənim mətnimin sözləri külək vurduqca dəmir lövhənin üstündə o üz, bu üzə oynayır. Reklam olanda nə olar, sözlər mənimdi axı. Fikirəşdim ki, indi mən çıxıb gedəcəm sözlər, qalacaq orda. Bu mənzərədən çox sarsıldım, gəlib belə bir şeir yazdım:

Çörək pulundan ötrü yazdığım
Reklama rast gəldim
Şəhərdə
Sözlər üstümə qışqırdı
Bizi niyə küçəyə atmısan?

Yəni bir an nəsə baş verir və o bir anın şeiri beləcə doğulur. Son şeirlərdən danışdıq, biri də yadıma düşdü:

Tağda bir xanım şamama gördüm
Sinəsində siqaret söndürməyə
Çatıbmış kiminsə kişiliyi
Hər yandan şamama ətri gəlirdi
Şamamadan siqaret iyi.

- Uzun şeirlərim də var, belə qısa şeirlərim də.

- Qulu müəllim, imzanızı deyəsən bir neçə dəfə dəyişmisiniz: Əvvəl Zeynalov, sonra Baxış, sonra da Ağsəs.

- Zeynalov məcburiyyətdən olub. Baxış imzasınınsa maraqlı tarixçəsi var. Şeirlərimi “Ulduz” jurnalına gətirmişdim. Ələkbər Salahzadə dedi ki, növbədən kənar çap edirəm, get tez şəkil çəkdir. Təxəllüsümü soruşdu, dedim Zeynalovdu, amma atamın adını götürmək istəyirəm - Ağsəs. Dedi ki, yox Ağsəs adında adam olmaz, inanmadı, pasportum da üstümdə deyildi ki, göstərim. Dedi, başqa təxəllüs fikirləş, mən də iki daşın arasında Baxışı fikirləşib tapdım. Təki şeirim getsin. Sonra da Baxış imzasıyla “Elm və həyat”da, “Gənclər qəzeti”ində, başqa yerlərdə çap olundum. Sonra artıq hara gedirdim dədəmin ölüm kağızını aparırdım ki, bu mənim atamın adıdır (gülür).

Azərbaycandan Ağsəs adı yoxdur, deyə heç kəs inanmır, elə bilirlər təxəllüsdür. “Space”də canlı yayında olanda aparıcı soruşdu ki, sizin gözəl təxəllüsünüz var, dedim atamın adıdır. Bir az sonra efirə zəngi oldu, telefondakı adam soruşdu ki, Qulu müəllim şeirlərinizi çox sevirəm, təxəllüsünüz maraqlıdır. Dedim ki, atamın adıdır. Veriliş qurtara yaxın aparıcı bir də qayıtdı ki, Qulu müəllim sonda soruşmaq istəyirəm, Ağsəs adı necə ağlınıza gəldi? Məlum oldu ki, bu da qulaq asmayıb mənə (gülür). Dedim onu gələn verilişdə deyərəm. Bəlkə atamın adı Ağsəs yox, başqa olsaydı, yenə də təxəllüs kimi götürəcəkdim.

- Niyə?

- Mən uşaq olanda atam dünyasını dəyişib. İki yaşım vardı, xatırlamıram, ona görə.

- Atanız neçə yaşında vəfat eləyib?

- 55 yaşında. Uşaq vaxtı böyük qardaşımı ata bilirdim. Böyüyəndən sonra öyrənmişəm ki, atam ölüb. Qardaşım Bakıdan kostyum alıb gəlmişdi. Mən də geyinib məhlədə şellənirdim. Uşaqlara dedim, atam Bakıdan alıb. Onlar da qayıdıb dedilər ki, sənin atan ölüb, o qardaşındı. Bu söhbətdən sonra bir müddət evdəkilərlə küsülü qaldım.

2016-cı ildə Facebookda atamdan bir status yazmışdım: “Gör, sənin 100 yaşını harda təbrik edirəm. Şəkillərin divara dırmaşdığı sosial meydanda, özündən sonra bir şəkli də qalmayan kişi”.

- Şəkli yoxdur?

- Yox. Mən atamın heç şəklini də görməmişəm. Bircə dənə hərbi biletdə şəkli olub. Onu da veriblər böyütməyə. Aparan adam bütün şəkilləri böyüdüb gətirib, deyib ki, onu itirdim.

Bir dəfə də olsun yuxuma girməyib. Amma yoldaşımın yuxusuna girib, qəribədi. Atamı heç təsəvvür edə bilmirəm. Bir dənə onu bilirəm ki, xarakter adamı olub, heç vaxt qadına salam verməyib və qadınların salamını almayıb.

Ona salam verən qadının da ərini çağırıb hədələyirmiş ki, get arvadına yiyə dur (gülür). Yetim uşaq idim deyə, balaca vaxtı məhlədə hamı məni çox istəyirdi, arvadlar oynadıb öpürdülər, mən də onları öpürdüm. Deyirdilər ki, heç elə bil dədəsinin oğlu deyil, başa düşmürdüm, niyə belə deyirlər. Böyüyəndən sonra öyrəndim ki, atam zəhmli kişi olub, heç vaxt qadına salam verməyib, heç vaxt qadının salamını almayıb.

Mən bir dənə anam öləndə atamdan ötəri çox darıxdım, çox. Təzədəndən torpaq ağrısını yaşadım. Anamı Suraxanıda dəfn etmişəm. Torpaqlar qayıdanda anamı aparıb atamın yanında basdıracam. Heç olmasa, bundan sonra atamla bir yerdə olarlar.

© AzNews.az